Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub
Prezident İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşına vəsiqə və medallar təqdim olunub. Komitə sədri Rövşən Rzayev ilk olaraq əməkdaşlar adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O qeyd edib ki, ölkəmizdə çevik və səmərəli dövlət idarəçiliyini təmin etmək üçün səriştəli milli kadrların yetişdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparılır, genişmiyqaslı islahatlar həyata keçirilir. Dövlət qulluğu sistemində səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlar ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. Dövlət qulluğunun müasirləşdirilməsinə, bu sahədə yeni texnologiyaların tətbiqinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da böyük dəstək göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə həmin medalla təltif edilənlər arasında Dövlət Komitəsinin üç əməkdaşı – Maliyyə şöbəsinin Mühasibat sektorunun müdiri – Təbriz Zeynalov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin Sosial təminat sektorunun aparıcı məsləhətçisi – Sevgili Həsənova və Dövlət Komitəsinin Xəzər rayonunun sektor müdiri Şəhla Xələfova da vardır. Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və onun vəsiqəsini təltif olunan əməkdaşlara təqdim edib, hər birinə xidməti fəaliyyətdə və şəxsi həyatda uğurlar arzulayıb. Dövlət qulluğunda fərqlənən əməkdaşlar onların fəaliyyətini qiymətləndirdiyinə görə ölkə rəhbərinə minnətdarlıq edib, göstərilən etimadı daim doğruldacaqlarını bildiriblər.