Qafqazın səmasında bərq vuran günəş Mərkəzi Asiyanın ucsuz-bucaqsız çöllərində doğan eyni nurun davamıdır. Azərbaycanın Xəzərlə cilvələnən tarixi Özbəkistanın Səmərqəndlə, Buxara ilə yazılan dastanlarıyla qovuşanda burada sadəcə diplomatik münasibətlərdən deyil, ruhların birliyindən danışmaq gərək olur. Azərbaycan və Özbəkistan yalnız coğrafi cəhətdən deyil, həm də mənəviyyat baxımından qardaşdır. Bu iki xalqın dilində eyni sözlər pıçıldayır, musiqisində eyni sazın, dutarın, tanburun səsi titrəyir. Muğamla maqom, aşıqla baxşı, dastanla doston min illərin yaddaşını bölüşür. Bakı səhnəsində özbək rəqqasəsinin zərif hərəkətləri, Daşkənd səhnəsində isə Azərbaycan muğamının dərin sədaları birləşərək ruhlara toxunur.
Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Elmi-ədəbi və mədəni əlaqələr çoxəsrlik tarixə və böyük ənənələrə malikdir. Bu gün Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi ilə mədəni əlaqələr daha da genişlənməkdədir. İbn Sina, Xarəzm, Buxari və Uluqbəyin əsərləri qədim zamanlardan Azərbaycanda həmişə böyük marağa səbəb olmuşdur. Eyni zamanda, Nizami, Xaqani, Nəsimi və Füzulinin əsərləri Özbəkistanda həmişə oxunmuş və rəğbətlə qarşılanmışdır. Türk dilində "Xəmsə" yaratmış dahi şair Əlişir Nəvaini özbək ədəbiyyatının rəmzi kimi qəbul etmişik və əsərlərini sevə-sevə oxumuşuq. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan xalqlarımız arasındakı əlaqələrin tarixi qədim köklərə söykənir.
Mədəni əlaqələr sovet dövründə də davam etmişdir. Xüsusilə, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək inkişaf etmiş və bugünkü səviyyəyə çatmışdır. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib və inkişafına təsir göstərib. Ulu Öndəri Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun Şərəf Rəşidov, İslam Kərimov ilə dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1979-cu ildə Azərbaycanda keçirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilib.
Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışarkən görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də qeyd olunmalıdır. Onun Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı ("Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri) və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin "İblis", "Əmir Teymur", "Şeyx Sənan" kimi əsərlərinin tərcümələri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb.
Bu dövrdə Azərbaycan-özbək ədəbi əlaqələri Nizami irsinə özbək klassik şairlərinin məhəbbəti üzərində daha da möhkəmlənib. Eyni zamanda, XV əsrdən sonra Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına, o cümlədən Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərin yaradıcılığına təsiri çox olub.
2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı tərəflər dilimizin, mədəniyyətimizin, Azərbaycan və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyini qeyd ediblər. Özbəkistan Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq bildirib: "Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir".
Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: "Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır". Səfər çərçivəsində Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışı olub. 2017-ci ildə Özbəkistanda fəaliyyət göstərən Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsi yaradılıb. 2020-ci il fevralın 17-də isə bölmənin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.
Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verirlər. Təsadüfi deyil ki, 2022-ci il avqustun 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayevaya Azərbaycanın "Xalq artisti" fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə "Dostluq" ordeni verilib. Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın "Xalq artisti" fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə "Dostlik" ordeni təltif ediliblər. Həmin il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilib.
2023-cü ildə Özbəkistanın Azərbaycandakı mədəniyyət günləri, eyni zamanda Azərbaycanın Daşkənddəki ədəbiyyat və musiqi axşamları, 2024-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti günləri münasibətlərin nə qədər canlı və məhsuldar olduğunu sübut etdi. Sadalanan faktlar və sadalanmayan neçə-neçə məsələlər bir daha göstərir ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf edəcək və zənginləşəcək.
Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı da Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır işğal dövründə özbək xalqının qardaşlıq dəstəyini həmişə hiss edib. Bütün bunlar çağdaş münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkədir ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmayıb.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Cənab Şavkat Mirziyoyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin səmimiliyinin göstəricisi olmaqla əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca önəmlidir.
İşğaldan azad edilən Qarabağ torpaqlarında aparılan abadlıq və quruculuq işlərində qardaş Özbəkistanın böyük dəstəyini gördük. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Azərbaycana səfəri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həmin məktəbin açılış mərasimində iştirak etməsi bu qardaşlığın rəmzi idi. Məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, bu məktəb təkcə təhsil ocağı deyil, Özbəkistanla bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Türk dünyasında inteqrasiya prosesləri kontekstində eyni soykökə malik Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin inkişafı həm də türk dünyasını inkişaf etdirən amillərdir. İki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyası çərçivəsində mədəni-ədəbi-elmi əlaqələrin inkişafına mühüm töhfələr verir.
Nurəngiz Adilqızı.

Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb