lider-media.az

Kürdəmir rayonunda “Aqrar Biznes” və “Bostan” festivalları keçirilib

Baxış: 0 Tarix: Сегодня, 14:40

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda növbəti “Aqrar Biznes” və “Bostan” festivalları təşkil olunub.

Bostan Festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları bostan məhsullarını – qarpız, yemiş, balqabaq və digər bostan və tərəvəz məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdan alıcıya satış həyata keçiriblər. Aqrar Biznes Festivalı çərçivəsində isə ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdiriblər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Festivalın rəsmi açılış hissəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, Aqrar İnnovasiya Mərkəzinin direktoru, Milli Məclisin deputatları və digər rəsmi qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov bölgənin aqrar sahədəki potensialından bəhs edərək, bu festivalların yerli istehsalçıların təşviqi və məhsul satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov regionlarda məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini qeyd edib. Milli Məclisin deputatları Jalə Əliyeva, Əminə Ağazadə, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov çıxışlarında Kürdəmir rayonunun kənd təsərrüfatındakı rolu və potensialı barədə fikirlərini bölüşüblər. Natiqlər ölkədə aqrar sahəyə göstərilən dövlət qayğısının real nəticələrinin bu festivallarda aydın şəkildə göründüyünü, belə tədbirlərin regionlarda kənd təsərrüfatı məhsullarının tanıdılması və dəyər zəncirinə daxil edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, o cümlədən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu da fəal iştirak edib. İnstitut əməkdaşları tərəfindən yerli iqlim və torpaq şəraitinə uyğunlaşdırılmış tərəvəz sortları, yeni seleksiya nailiyyətləri, yüksək məhsuldar toxum nümunələri və müasir becərmə texnologiyaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Festival çərçivəsində banklar, bank olmayan kredit təşkilatları və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Fermerlər və sahibkarlar buradakı stendlərdə müxtəlif maliyyə qurumlarının təqdim etdiyi güzəştli kreditlər, lizinq imkanları və digər məhsullarla tanış olublar. Festival zamanı kredit yarmarkası ilə yanaşı, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Sessiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Sığorta Fondu, eləcə də bank və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Paneldə iştirak edən dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı subyektləri üçün mövcud maliyyə dəstək alətləri, subsidiya mexanizmləri, güzəştli kreditlər, aqrar sığorta və digər imkanlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Sessiyada iştirakçılarla açıq dialoq formatında fikir mübadiləsi aparılıb, onları maraqlandıran praktiki suallar cavablandırılıb.

Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Ağgül Əhmədova tərəfindən “Torpaqların aqrokimyəvi analizləri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı torpaq analizlərinin əhəmiyyəti, gübrələmə rejimlərinin düzgün qurulması və aqrotexniki tədbirlərin elmi əsaslarla planlaşdırılması barədə fermerlərə faydalı məlumatlar verilib. Festival çərçivəsində sərgi ilə yanaşı, dequstasiya zonası, musiqi proqramları və uşaqlar üçün əyləncəli guşələr də təşkil olunub. Tədbir bölgənin aqrar potensialını nümayiş etdirməklə yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tərəflər üçün səmərəli əməkdaşlıq mühiti yaradıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə cari ildə ölkənin 9 iqtisadi rayonu üzrə 13 rayonda məhsul festivallarının keçirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi