Masallıda II Regional Gənclər Festivalı keçirilib
Masallı rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş II Regional Gənclər Festivalı keçirilib.Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, media nümayəndələri və Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarından olan gənclər iştirak ediblər.
Festival çərçivəsində iştirakçılar müxtəlif idman növləri üzrə nümayiş etdirilən nümunəvi çıxışlara baxıb, regionda fəaliyyət göstərən Gənclər Evi Sosial Xidmət Müəssisələrinin, əl işləri və xalq yaradıcılığı ilə məşğul olan gənclərin hazırladığı sərgilərlə tanış olublar.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşıb, ölkənin gələcəyini məhz sağlam düşüncəli və vətənpərvər gənclərlə bağlayıb. Azərbaycan gəncləri bu etimadı doğruldaraq cəmiyyətin fəal qüvvəsinə çevrilib. Xüsusilə Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri bunun bariz göstəricisidir.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin inkişafı, beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar hər zaman gənclər tərəfindən dəstəklənir. Azərbaycan gəncliyi bu siyasi kursun davamçısı və fəal iştirakçısıdır.