Baxış bucağı: sosial problem
Sovet tərbiyəsindən rəqəmsal dünyaya – yeni düzəndə valideynlik məsuliyyəti
Qloballaşan dünyanın yeni meyarlarına uyğunlaşmaq, uzun illər totalitar rejimdə yaşamış və formal şəkildə müstəqillik əldə etmiş bir cəmiyyət üçün heç də asan olmadı. Sosialist düşüncədən kapitalist dünyaya keçid təkcə iqtisadiyyatın və idarəetmə formalarının dəyişməsi ilə yekunlaşmadı – bu keçid cəmiyyətin bütün təbəqələrində dərin təlatümlər yaratdı: iqtisadi, sosial və siyasi sahələrdə köklü dəyişikliklərə ehtiyac duyuldu.
Sovetlər dövründə formalaşan elitar düşüncə tərzində belə həm mütərəqqi, həm də zərərli ünsürlər vardı. Həmin sistemdə kollektivçilik, intizam və sabitlik ön planda idi, lakin fərdi azadlıqlar, şəxsiyyətin inkişafı və kreativlik kölgədə qalırdı.
Əlbəttə, keçmişin yükü, gələcəyin çağırışı mentalitet, yəni cəmiyyətin dərin qatlarında formalaşmış düşüncə tərzi birdən-birə dəyişmir. Bəzən bir ideoloji sistemdən digərinə keçmək üçün təkcə qanunları və institutları deyil, həm də qəlbləri və düşüncə kalıplarını dəyişmək lazımdır. Bu isə bəzən nəsillər boyu davam edən bir prosesi əhatə edir.
Ənənələrə möhkəm bağlı olan toplumlar üçün radikal dəyişikliklərə uyğunlaşmaq həmişə zaman tələb edir. Bu dəyişikliklərin nəticələrinin lehinə və ya əleyhinə olmasının hökmünü də zaman verəcək.
Texnologiyanın, açıq informasiya axınının və qlobal rəqabətin hökm sürdüyü bu dövrdə əvvəlki sistemin insanları passiv tərbiyə üsulları artıq keçərsiz görünür.
Cəmiyyət indi yeni davranış modellərinə ehtiyac duyur. Yeni dövrdə valideyn olmaq: informasiya bolluğu və mənəvi yoxsulluqla müşayiət olunan XXI əsrin valideyni olmaq həm şans, həm də sınaqdır. Bugün dünyada valideynlər təkcə övladlarını qorumaqla kifayətlənməməlidirlər, onlar həm də onları rəqəmsal xaosdan kənara yönləndirmək, daxili dünyalarını zənginləşdirmək, seçim azadlığını düzgün idarə etməyi öyrətmək kimi vəzifələri daşıyırlar. Çünki müasir uşaq real dünyadan daha çox virtual aləmdə yaşayır.
Sosial şəbəkələrdə ünsiyyət, rəqəmsal oyunlar, süni intellektli maraqlar uşağın şəxsiyyətinin formalaşmasına təsir edir. Qapalılıq, emosional zəiflik, sosial fobiyalar, hətta erkən yaşda depressiya hallarının artması bunun nəticəsidir.
Texnologiya əvəzolunmaz bir vasitədir. Onu da unutmaq olmazdı ki, onun vasitəyə çevrilməsi üçün yönəldilməyə ehtiyac var. Əks halda, məqsədə çevrilir – bu da insan münasibətlərini süni və səthi hala gətirir.
Sevgi və anlayış: əsl nəzarət budur. Valideynlər bəzən iki-uç arasında qalır: tam qadağalar və ya hədsiz sərbəstlik. Halbuki bu ikisinin ortasında daha sağlam bir yol var – anlayışlı nəzarət, əməli sevgi və açıq ünsiyyət. Uşaqlarımıza təkcə “etmə” deməklə kifayətlənməməliyik. Niyə etməməli olduğunu başa salmaq, öz nümunəmizlə göstərmək, onunla empatik və hörmətli şəkildə danışmaq – ən təsirli tərbiyə üsuludur.
Virtual dünyanın təhlükələrini sadalamaq yerinə, onu real həyatın gözəlliklərinə cəlb etmək daha faydalıdır. Unutmayaq: heç bir texnologiya insan sevgisini, diqqətini və şəfqətini əvəz edə bilməz. Süni intellekt övladımızın gözündəki qorxunu, qəlbindəki boşluğu oxuya bilməz – biz isə oxuya bilərik. Psixoloji boşluq və tənha uşaqlar, yənivalideynin diqqətindən yayınan uşaqlar bəzən virtual dünyada sığınacaq axtarır. Amma bura təhlükələrlə doludur – kiberbullinq, psixoloji manipulyasiya, informasiya zəhərlənməsi və s. Biz, valideynlər, uşağın yan otaqda telefonda nə etdiyindən xəbərsiz olduqda, əsl təhlükə də məhz buradan başlayır. Təəssüf ki, dünya statistikasında “Verter sindromu” – sosial təcrid və sevgi çatışmazlığı səbəbilə baş verən özünəqəsd halları məhz sevgi və diqqətdən uzaq olanlar arasında geniş yayılıb.
Nəticə: Uşaqların gələcəyi bizimlə onların bu günündən başlayır. Biz uşaqlarımız üçün real, dürüst, sevgi dolu bir mühit yaratmalıyıq. Onları avtoritar idarə ilə yox, açıq ünsiyyət və dəstək vasitəsilə yönləndirməliyik. Overprotektorluqla – həddən artıq qoruma ilə onların həyatla bağlı bacarıqlarını məhdudlaşdırmamalıyıq. Uşaqlarımıza zaman ayırmaq, onların suallarına səbrlə cavab vermək, dinləmək, birlikdə oyun oynamaq, kitab oxumaq – bəzən bu sadə addımlar onların gələcək sağlam psixologiyası üçün minlərlə texnoloji resursdan daha qiymətlidir.
Nigar Qaybalıyeva,
“Yenilik-press” qəzetinin redaktor müavini.