Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, iyulun 15-də Şirvan şəhər M.Füzuli adına mədəniyyət və istirahət parkında səyyar görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Səyyar görüşdə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Qeyd edib ki, Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. İlqar Abbasov çıxışının davamında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfalt-beton örtüyünün vurulması işlərinin davam etdirilməsi və “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.