"Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir". Bütün ömrünü Azərbaycanın bu gününə, uğurlu gələcəyinə həsr edən fenomen şəxsiyyət Heydər Əliyev, eyni zamanda bildirmişdir ki, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respubilkasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Ümummilli Lider Heydər Əliyev məhz Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin böyüklüyünə söykənərək əminliklə qeyd etmişdir ki, nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir

Bu gün hər birimizin qürur duyduğumuz müasir müstəqil, qalib, yeni Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin dövlətini, xalqını canından artıq sevməsi, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya dərin vətənpərvərlik hissi aşıladı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazan gənclərimiz Ulu Öndər Heydər Əliyevin məktəbindən bəhrələnən, Onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yetişdirdiyi gənclərdir. O gənclər ki, illərdir torpaqlarımızı düşmən tapdağından azad etmək, Xankəndidə, Şuşada, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda Azərbaycan Bayrağını ucaltmaq üçün Müzəffər Ali Baş Komandandan "Hücum!" əmrini gözləyirdi. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan gəncliyi qəhrəmanlığı, şücaəti ilə bunu bir daha təsdiqlədi. Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından bəhs edirik. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir.

Heydər Əliyev adını dövlətçilik tariximizə məhz liderlik nümunəsini yaradan şəxsiyyət kimi əbədi həkk etdi. Onun uzaqgörənliyi bu günümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasında özünün aydın ifadəsini tapır. Bu baxımdan, Lider dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirmək imkanlarına, gücünə malik olmalıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Azərbaycanın xoşbəxt gələcəyini görməklə yanaşı, atılacaq zəruri addımların təqdimatıdır.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tarixin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Dahi rəhbərin həmin illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək gördüyü işlərdən bəhs edərkən azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi xüsusi qeyd edilir. Ümummilli Lider bildirirdi ki, indi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək vətəndaş olsun. Gərək dövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. Ulu Öndər, həmçinin bu çağırışı edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Keçmiş Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyev milli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri, Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasının inkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu. Ulu Öndər Heydər Əliyev bir daha ana dilinə sevgisini, dövlətinə, xalqına bağlılığını nümayiş etdirdi. Bu çağırış Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsinin əlavə olunmasında özünün aydın ifadəsini tapdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyini bildirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Ümummilli Liderin titanik gücü, müdrikliyi Azərbaycanı təhlükələrdən qorudu

Bu reallıq Prezident İlham Əliyevin çıxışlarında da xüsusi vurğulanır ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu Öndər SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Kremldəki himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri o gündən başladı. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ümummilli Liderin titanik gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev fenomeni Azərbaycanı bir çətir kimi hər cür təhlükələrdən qoruyurdu. Dövlət başçısı İlham Əliyev bildirir: "Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir".

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Ulu Öndər Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyin bərpasına gedən yol məhz Naxçıvandan başlamışdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

Bütövlükdə Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsi dahi rəhbərin xilaskarlıq missiyasının təqdimatıdır. Bütün dövrlərdə əsas məqsəd Azərbaycanın gələcək inkişafını təmin etmək idi. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Dahi rəhbərin hakimiyyətə qayıdışının ilk günündən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Lider demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına - insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına, demokratik, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə xüsusi diqqət yönəltdi.

Medianın inkişafı prioritet oldu

Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin azad medianın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında qeyd edildiyi kimi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Ümummilli Lider medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Onu da qeyd edək ki, Ümummilli Liderin imzaladığı Fərmanla mətbuat üzərində senzuranın ləğvi azad, müstəqil medianın inkişafının başlanğıcı oldu.

Yaradılan möhkəm təməlin nəticəsidir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Müstəqilliyin qarantı olan ordu formalaşdırıldı

Atılan bütün addımlar bir məqsədə xidmət edirdi - Azərbaycan daha da qüdrətlənsin, beynəlxalq nüfuzu, iqtisadi qüdrəti artsın, müstəqilliyimizin qarantı olan ordumuzda peşəkarlıq, döyüş ruhu yüksəlsin. Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhz müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıb gedirdi. Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi liseyin yaradılmasına nail olundu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi intizam möhkəmləndirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri zamanı şanlı zəfərləri ilə sübuta yetirdi.

Ulu Öndər dünənin, bu günün və gələcəyin partiyasını yaratdı

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev dünənin, bu günün və gələcəyin partiyasını yaratdı. Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. Azərbaycanın taleyini düşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Dahi şəxsiyyətin bu müraciətə cavabı Azərbaycanın bugünkü inkişafının əsası oldu. Məhz bu reallıqlara söykənərək Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən Zəfər ruhlu VII Qurultayında bildirmişdir: "Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir".

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Onlardan ən mühümü 2003-cü ilin 1 oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Bu müraciət Heydər Əliyev siyasətinin uğurlu davamının əsasına çevrildi. Ümummilli Lider həmin tarixi müraciətdə bildirirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Bu yolun davamı Ümummilli Liderin arzularının gerçəkliyə çevrilməsi ilə xarakterizə olunur. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi. Ümummilli Lider Heydər Əliyev arzusunu belə ifadə etmişdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik".

İnam və etimad doğruldu, Ata vəsiyyəti yerinə yetirildi

Möhtəşəm uğurlarımızın miqyasını təsəvvür etmək üçün son 21 ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında dayanan vəzifələrdən bəhs edərkən böyük əminliklə bildirdi ki, onları həyata keçirmək üçün ən başlıcası Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu əminlik də ifadə olundu ki, Ümummilli Liderin əsəri olan müasir müstəqil Azərbaycanı inkişaf etdirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq. Günümüzün reallıqları bu vədlərin hər birinin uğurla yerinə yetirildiyinin təsdiqidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadə etdi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!"

Tarixi Zəfərimizdən ötən 5 il mühüm uğurlarla zəngindir. 2023-cü il çağdaş tariximizə suverenliyimizin tam bərpası ili kimi yazıldı. Həmin ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməlin, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir ki, hazırda Azərbaycan hər günü tarixinə uğur səhifəsi kimi yazır. Bunun üçün son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili", bu il isə "Konstitusiya və Suverenlik İli" elan edildi. Azərbaycan ötən il COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi edib uğurlu nəticələrə imza atmaqla iqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Dünyanı Bakıya toplayan COP29 ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu.

COP29-un ardınca Azərbaycanın növbəti uğuru ötən ilin dekabr ayında D-8 təşkilatına üzv qəbul olunması oldu. Bu mühüm hadisə də bir daha ölkəmizin nüfuzunu dünyaya nümayiş etdirdi. Təşkilat 30 il bundan əvvəl Türkiyənin təşəbbüsü ilə yaranmışdır. Azərbaycanın üzvlüyünə qədər səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra təşkilata üzv qəbul edilən ölkə Azərbaycan oldu.

Yeni hədəflərə doğru

Bu ilin əvvəli isə Azərbaycanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində bələdiyyə seçkilərinin keçirilməsi ilə yadda qaldı. Ötən ilin fevral ayında bütün ölkə ərazisində prezident, sentyabrında isə parlament seçkiləri keçirilmişdi. Hər üç seçki kampaniyası ölkəmizdə mövcud ab-havanı əks etdirir. Yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirir. Prezident İlham Əliyev 7 fevral 2024-cü il seçkilərindən sonra keçirilən andiçmə mərasimində bildirdi ki, yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək. Tarixi ədalətə söykənərək atdığımız addımların uğurları davamlılığı ilə diqqətdədir. Ötən ilin mühüm diplomatik uğurlarından biri Qazaxın 4 kəndinin işğaldan azad edilməsi oldu. Ötən ilin 28 May - Müstəqillik Günündə Xocalı şəhəri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri sakinlərinə qovuşdu. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı "Böyük Qayıdış Proqramı"nın uğurlu icrasından xəbər verir. Növbəti qayıdış ünvanının Ağdam şəhəri olacağı bildirilir.

Bu il zəfərlərlə dolu çağdaş tariximizə "Konstitusiya və Suverenlik İli" kimi yazılacaq. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu işlərin, ən əsası Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondun missiyası çoxşaxəlidir. Heydər Əliyev Fondu Azərbaycanın hərtərəfli inkişafına dəstəyini reallaşdırdığı mühüm layihələri ilə təsdiqləyir. Bu gün missiyasına sadiq qalan Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpasını yüksək səviyyədə həyata keçirir.

Böyük Qayıdış, bərpa-quruculuq missiyası

Bütövlükdə son beş ilin, başqa sözlə, tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirsək, Prezident İlham Əliyevin milli bayramlarımızda, ölkəmiz üçün əlamətdar günlərdə, Ümummilli Lider Heydər Əliyevin doğum günündə işğaldan azad edilmiş ərazilərimizə səfər etdiyini, bu məkandan Azərbaycanın uğurlarına baxış əsasında xalqa təbriklərini çatdırdığını, eyni zamanda həmin tarixlərin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə yaddaşlara yazıldığının da şahidi oluruq. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı Qarabağın tacı Şuşadan xalqa müraciətində bu fikri xüsusi qeyd etdi ki, mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Dövlət başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Prezident İlham Əliyev həmin çıxışında bu çağırışı da etdi ki, Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik.

Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Prezident İlham Əliyev bu məkandan bir daha bəyan etdi ki, biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Göründüyü kimi, Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Hər günün tariximizə uğur səhifəsi kimi yazılması uğurlarımızın miqyasının nə qədər böyük olduğunu nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Vüqar RƏHİMZADƏ,

Milli Məclisin deputatı.