Şirvanda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı
İyulun 10-da Şirvan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Heydər Əsədov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
Tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu dəyərli nəşrin ərsəyə gəlməsində əməyi olan alimlərə, tədqiqatçılara, nəşriyyat kollektivinə və Qərbi Azərbaycan İcmasına dərin təşəkkürümü bildirib. Vurğulayıb ki, bu təqdimat təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha ucadan ifadəsinə çevrilməsidir.
Bildirib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə qardaş-bacılarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Diqqətə çatdırıb ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır.
İlqar Abbasov çıxışının davamında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət sayəsində öz tarixi torpaqlarından zorla qovulan Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı günün artıq uzaqda olmadığını qeyd edib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, şəhər ağsaqqallar şurasının sədri, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, din xadimi Hacı Vasif Əlizadə, 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Əminə Əliyeva, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə ümayəndəsinin müavini Əziz Abbasov vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir.
Qeyd olunub ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.
Çıxış edənlər belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.