lider-media.az

“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Etibar Əliyev

Baxış: 12230 Tarix: 11-07-2025, 08:09

Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Buradakı 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılıb. O, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurub doğma yurda dönüb və Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında, sonra isə “Sevinc” kiçik müəssisəsində işləyib. O, respublikamızda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edib, Xalq Hərəkatının öncüllərindən biri olub. Respublikanın müstəqilliyi uğrunda canından belə keçməyə hazır olan Etibarı 1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri 30 gün həbsdə saxlayıblar. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilməyib.

Ölkənin başını qara buludlar aldığı vaxtlarda Etibar öz doğma el-obasına dayaq olub. 1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qatmaqarışıqlıq salıb. Bu ağır günlərdə neçə-neçə günahsız insan qətlə yetirilib. Azğınlaşmış cinayətkar ünsürlərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxıblar. Keçirilən əməliyyatlarda Etibar Əliyev xüsusi fəallıq göstərərək, ön cərgədə gedib. Onu “Əhsən! Əhsən!” – deyə alqışlayırdılar. Nadan gülləsi ondan yan keçməyib. O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşub.

Ailəli idi. İki qız yadigarı var.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 24 avqust tarixli 740 saylı Fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Lənkəran şəhərində adına küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi