lider-media.az

ULU ÖNDƏRİN MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞUNDA VƏ DÖVLƏTÇİLİK TARİXİNDƏ MÜSTƏSNA ROLU

Tarix: 26-02-2025, 11:52

1988-ci ilin fevralından başlayaraq Daşnaq partiyası və ona havadarlıq edən xaricdəki erməni lobbisinin yaxından dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsində və Sumqayıt şəhərində əvvəlcədən planlasdırılmış və hazırlanmış təxribatlara, onların təşkilatçılarına, təhrikçilərinə, xüsusilə o zamankı SSRİ dövlətinin başçısı Mixail Qorbaçova qarşı etiraz mitinqləri baş alıb getməkdə  idi...

            O zaman Heydər Əliyevin SSRİ rəhbərliyindən qəsdən, düşünülmüş və planlı şəkildə sıxışdırılaraq kənarlaşdırılması, Azərbaycana rəhbər qismində göndərilmiş, milli  mental dəyərlərdən uzaq, dövlət idarəçiliyi sahəsində tam səriştəsiz, faktiki olaraq xarici ölkə qarşısında öhdəlik daşıyan Ə.Vəzirov vəziyyəti nəinki neytrallaşdıra bilmədi, əksinə, özünün siyasi kasadlığı ucbatından, eləcə SSRİ rəhbərliyinin diqtəsi ilə respublikanın həyatında kəskin böhran vəziyyəti yaratdı. Daha acınacaqlısı o idi ki, mitinqlərin şüurlu, məqsədyönlü istiqamət almasına maneçilik törədən və mərkəzin tabeliyində olan xüsusi təhlükəsizlik orqan nümayəndələri, eləcə də onların əlaltıları belə, bu mitinqlərin əsl mahiyyətini bəzi hallarda dəyişməyə, sabitliyi pozmaq kimi zərərli məcraya yönəltməyə nail olurdular. Bir tərəfdən torpaqlarımızın işğalı və öz qədim dədə-baba yurdlarından qovulmuş həmvətənlərimizin, digər tərəfdən Azərbaycan Respublikası ərazisində öz isti ocaqlarından, ev-eşiyindən didərgin düşmüş qaçqın və köçkünlərin Bakıya pənah gətirmələri, təkcə paytaxtı deyil, demək olar ki, bütün respublikanı xaos vəziyyətinə gətirib çıxarmışdı.

          Müttəfiqlik adı altında SSRİ-nin tərkibində olan digər respublikalarda da narazılıq getdikcə artırdı. SSRİ adlanan dövlət artıq çökmək üzrəydi. İmperiyanın süqutuna əlac tapa bilməyən, əslində isə bu prosesi daha da sürətləndirən Qorbacov, o boyda ölkənin çökməsini sonradan dünyanın gözündə, özünün böyük hünəri kimi büruzə verməyə çalışdı və əksərinin gözündə bu imici qazanmış oldu. Halbuki, imperiyanın obyektiv sonluğu və aqibəti labüd idi. Əgər Qorbaçov guya özünün demokratik rəhbər olduğunu sübuta yetirmək istəyirdisə, o halda, həmin ərəfədə nə məqsədlə Orta Asiyada, Baltikyanı respublikalarda, Qafqazda, o cümlədən Tiflisdə və Bakıda iri miqyaslı hərbi əməliyyatlar keçirməklə qırğınlar törədirdi? Şübhə yox idi ki, İttifaqa daxil olan ölkələrdə, elə ittifaqın özünün izniylə geniş vüsət almış xalq hərəkatlarını qan içində boğmaq və xalqın gözünü qorxutmaq məqsədilə törədilən bu aksiyalar əslində SSRİ-nin dağılmasının qarşısını almağa yönəlmişdi. Hər halda, Qorbaçov SSRİ-nin süqutunda maraqlı olan bir sıra dövlətlərin nəzərində “demokrat” kimi tanınıb yüksək beynəlxalq mükafatlara layiq görülsə də, qırğınlar törətdiyi ölkələrin və xalqların yaddaşında onun adı qanlı cinayətkar kimi tarixə yazıldı...

     Bakı. 1990-cı ilin yanvarı…Torpaqlarımıza Qorbaçov iqtidarının himayəsi ilə erməni təcavüzü davam etməkdə, didərgin və qaçqınların sayı gündən-günə artmaqdadır. Azərbaycandan da artıq erməni millətindən olan şəxslər, bəzi hallarda isə ailələr Bakını tərk etmək məcburiiyətindədir. Azərbaycanlılar ermənilərdən fərqli olaraq, qonşuluğunda yaşayan, yaxud tanıdığı erməni kəslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onları dəmiryolu, təyyarə, gəmi vasitəsilə üz tutduqları məkanlara sağ-salamat yola salırlar. Mərkəzin xüsusi orqanları tərəfindən, həm onların təhriki, həm də diqtəsi ilə törədilən ayrı-ayrı təxribat xarakterli hərəkətlər istisna olmaqla, Azərbaycanda yaşayan digər millətdən olan heç bir kəsin zorakılıqla, ya məcburi surətdə respublikadan çıxarılmasına cəhd göstərilməyib, yaxud da onların özünə, əmlakına bircə qəsd belə törədilməyib. Məlum idi ki, torpaqlarımıza təcavüz, həmvətənlərimizə qarşı törədilən qırğınlar, onların doğma ev-eşiklərindən qovulub çıxarılması, milli zəmində münaqişənin daha da qızışdırılması əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirilməkdəydi... Mixail Qorbaçovun rəhbər göstərişləri və havadarlığı, Mərkəzin Təhlükəsizlik orqan rəhbərlərinin bilavasitə təşkilatçılığı ilə milli münasibətlərin kəskinləşdirilməsi, ayrı-ayrı yerlərdə süni yollarla münaqişələr yaradılması, əməkdaşlığa cəlb olunmuş və mitinqlərdə qızışdırıcı, aqressiv nitq söyləyənlər  respublikada vəziyyəti idarə olunmaz səviyyəyə gətirib çıxarmışdı. Kütləvi informasiya vasitələri demək olar ki, fəaliyyət göstərmirdi. Yalnız te- leviziya vasitəsi ilə qismən də olsa məlumat verilirdi. Bu minvalla yanvarın 13-16-sı tarixlərində gərginlik son həddə çatdı. Fövqəladə vəziyyət elan olunacağı barədə söhbət gedirdi. Yanvarın 16-da Azərbaycanın mərkəzi televizyasında Mos- kvadan gəlmiş Mərkəzi Komitənin katibi və təhlükəsizlik orqan rəhbərləri çıxış edərək, fövqəladə vəziyyətin olmayacagını qətiyyətlə bildirdilər və Azərbaycan rəhbərliyi ilə əlbir olaraq xalqı aldatdılar...

         Yanvarın 19-dan-20-nə keçən geçə, Bakı Şəhər Prokurorluğu üzrə növbətçi idim. Həmin gün  Prezident aparatının qarşısında təşkil olunmuş mitinqi idarə edən və öz nitqləri ilə artıq xalqın inamını qazanmış bir neçə əqidələri şübhəli olan şəxslər kürsüyə çıxıb, cavanları “Bakı Soveti” metrosunun qabağında onları gözləyən avtobuslara “20 yanvar meydanı”na tərəf getməyə səsləyirdilər və birdirirdilər ki, canlı sədd yaratmaqla həmin istiqamətdən şəhərə girəcəkləri ehtimal olunan tankların qarşısını kəsmək lazımdır.

        Axşam saat 8-ə yaxın, naməlum təxribat qrupu tərəfindən, o zaman Az.TV-nin enerji bloku partladıldı. Təbii ki, yeganə informasiya mərkəzi olan televiziya öz fəaliyyətini dayandırdı. Gecə saat 11 radələrində naməlum şəxs xüsusi rabitə vasitəsi ilə bir neçə dəfə, diktafonla və boğuq səslə elan elədi ki, – “Bakı alışıb yanır, hər kəs öz ailəsi ilə birgə küçələrə çıxsın!” Bu elə bir vaxta təsadüf edirdi ki, məhz bu çağırışlardan dərhal sonra şəhər 20 Yanvar meydanı, aeroport, şəhərə  digər giriş istiqamətlərindən, hətta, dənizdən belə arası kəsilmədən atəşə tutuldu, hərbi dəstələr tankların qabağına çıxan hər kəsin  üstündən keçərək, avtomatla insanları qıra-qıra şəhərə soxulurdular. Səhərə qədər davam edən bu vəhşilik o səviyyəyə çatdı ki, evlərin pəncərələrini atəşə tutub insanların öz evində belə qəsdinə dururdular. Təcili tibbi yardım maşınları gülləbaran olunurdu...

   Yanvarın 20-si, səhər saat 9-da növbətçiliyim başa çatandan sonra Prezident Aparatının qarşısında davam edən mitinqə getdim. Orda təxminən on mindən artıq insan vardı. Öz odlu, kəsərli sözü ilə çıxış edən Bəxtiyar Vahabzadə Sovet İmperiyasını, onun rəhbərliyini lənətləyirdi, xalqı bu “olum və ölüm” günündə düşmənlərə qarşı sarsılmaz birliyə və mübarizəyə çağırırdı. Elə bu anda Nizami muzeyi və Hüsü Hacıyev küçəsi istiqamətində küçənin hər iki tərəfində, əllərində avtomat, atəşə hazır vəziyyətdə düzlənmiş, yaşları 30-45 arasında olan, zahirən bandit dəstələrini xatırladan, uzunsaç, saqqallı hərbi geyimli yüzlərlə “əsgər”, işlək vəziyyətdə küçəbo- yu sıralanmış tank və BTR–lərin nəriltisi altında atəş açmağa başladı. Mitinq iştirakçılarının çox az qismi təşvişə düşsə də, əksəri yerindən belə tərpənmədi və içərilərində ermənilərin də olduğunu istisna etməyən “hərbçiləri” nifrət dolu baxışlarla həm azərbaycan, həm də rus dilində söyür, “Rədd olun, faşistlər!” deyə hayqırırdılar, sanki ölümdən qorxmadıqlarını nümayiş etdirirdilər.

     20 Yanvar hadisələri hər bir azərbaycanlıya təkçə həmin tarixlərdə törədilən cəzasız qalan cinayətlərlə deyil, o tarixə qədərki, həm də ondan sonrakı dövrü əhatə edən fiziki və mənəvi acıları yaşatdı. Lakin xalqımız öz iradəsindən dönmədi və nəticədə keçmiş sovet respublikaları arasında ilk olaraq uzun illərdən bəri arzuladığı  müstəqilliyini reallaşdırdı.

          Nəhayət, 1991-ci ildə, “SSRİ” adlanan nəhəng “qurama” axır ki, birdəfəlik çökdü. Müstəmləkə və zindan şəraitində yaşayan millətlər öz zəncirini qırdı. Lakin açığını desək, bizim ölkəmiz də yenicə azadlıq əldə etmiş, məsələn Baltikyanı respublikalar kimi hələ müstəqilliyə hazır deyildi. SSRİ ərazisində iqtisadi cəhətdən illərlə mövcud olmuş biri-birindən asılılıq (halbuki mütəxəssislərin o vaxtkı fikrinə görə sovet respublikaları arasında iqtisadi cəhətdən müstəqil şəkildə yalnız iki respublika– Belarus və Azərbaycan yaşaya bilərdi) əlaqələrin kəsilməsi, həmin dövrdə qüvvədə olan qanun və müqavilələrin işləməməsi həmin respublikaları, o cümlədən bizim ölkəni də aclığa, səfalətə sürüklədi. Azadlıq meydanında gedən kortəbii mitinqlər artıq ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından işğal olunmaqda davam edən torpaqlarımızın müdafiəsinə həsr olunmuşdu. Xalqın, millətin vətənpərvərlik ruhu yüksək olsa da, onun başında duran, onu düzgün istiqamətə yönəldən rəhbəri, eləcə komandası təəssüf ki, yox idi...

          1992-ci ilin fevralında demokratiyadan dəm vuran dünyanın gözü qabağında Xocalı soyqırımı törədildi. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən o zaman müstəqil Azərbaycanın ilk Prezidenti kimi tanınmaqda olan Ayaz Mütəllibov vəzifəsindən kənarlaşdırıldı. Bu vəzifə müvəqqəti olaraq Ali Sovetin sədri Yaqub Məmmədova həvalə olundu. Təxminən bir ay sonra Azərbaycanın füsunkar guşələrindən biri Şuşa şəhəri, daha sonra da Laçın – erməni faşistiləri tərəfindən işğal olundu...

Hakimiyyətsizliyin, səriştəsizliyin və biganəliyin bir sıra hallarda isə satqınlığın, tam mənada özbaşınalığın nəticəsi olaraq, mayın 14-dən 15-ə keçən gecə Milli Məclisin liberal mövqeyi sayəsində Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtdı. Bir gün sonra meydandakı mitinqlərin təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi qeyri leqitim yolla hakimiyyəti ələ almağa nail oldu. Ölkənin siyasi səhnəsində müvafiq qüvvə olaraq, özbaşınalığa və hakimiyyətsizliyə qarşı etiraz mitinqlərinə rəhbərlik edən Xalq Cəbhəsinin təxminən 200 nəfərə yaxın bir dəstəsi Səbail Rayon İcra Hakimiyyətinin binası yaxınlığından başlayaraq Prezident Aparatına, bir dəstə isə Milli Məclis və Azərbaycan Televiziya mərkəzinə doğru yürüş etdi. Yürüşçülər arasında silahlı şəxslər də gözə dəyirdi. Təxminən axşam saat 7-8 radələrində A.Mütəllibovun hakimiyyətinə bir dəfəlik son qoyuldu. Öz hakimiyyətini qorumaq məqsədi ilə onun cəbhədən geri çagırıb Prezident Aparatı ətrafına topladığı əsgərlər, eləcə də onların komandanlığı, o zaman xalqın ümid bəslədiyi Xalq Cəbhəsinə qarşı çıxmadı, odur ki, hər hansı bir qarşıdurma da baş vermədi. Kəskin iqtisadi-siyasi, hərbi böhran vəziyyətində, idarəçilik təcrübəsi olmayan kadrların mövcud olduğu bir şəraitdə, ölkə təzəcə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsizliyi ilə üzləşdi. Hələ Mütəllibovun rəhbər olduğu dövrdə öz hakimiyyətini qorumaq məqsədi ilə yaratdığı“Qardaşlıq” Cəmiyyəti adlanan “qoçular” dəstəsi, torpaqların müdafiəsi adı altında, DİN-in nəzdində yaradılmış XTPD (Xüsusi Təyinatlı Polis Dəstəsi), Xalq Cəbhəsindən ayrılmış “Musavat”, “Amip” və digər ictimai qurumlar arasında baş qaldıran konflikt və intriqalar, onsuz da qeyri sabit olan kriminogen vəziyyəti daha da gərginləşdirirdi. Bu ziddiyyətlər cəbhə zonasına özbaşına yollanan və yaxud Müdafiə Nazirliyi ilə tənzimlənmədən, təlimatsız, təlimsiz göndərilən könüllü dəstələr, şübhəsiz ki, heç bir uğur qazana bilməzdi. Əksinə erməni tərəfi, rus hərbçilərinin dəstəyi və bilavasitə iştirakı ilə hücumları, heç bir hərbi nizam-intizama hesablanmayan kortəbii müdafiəni asanlıqla dəf edirdi...

      Cinayətkarlıqla mübarizə aparmaq, ağır və xüsusilə ağır cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək, barələrində  qanunla nəzərdə tutulan tədbirlər görmək prosesində qanunsuz müdaxilələr, hətta özbaşınalıqlar adi hala  çevrilirdi. Arqument də o olurdu ki, “Biz bir-birimizin çiyinləri üstündə hakimiyyətə gəlmişik”. Və yaxud – “filan şəxs mənim qohumumdur, o həbs olunsa, qohum-əqraba yanında, camaat içində nüfuzdan düşərəm”. Belə bəhanələri əldə dəstəvuz edənlər sıravi cəbhəçilər deyil, onların arasından çıxan, hər biri guya qanun keşiyində vəzifə sahibi olmuş hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən nazir, icra başçısı, polis rəisi və daha yüksək vəzifə sahibləri idi.  O dövrdə hüquq-mühafizə orqanlarının, xüsusilə Prokurorluğun, MTN-nin və eləcə də Polis orqanlarının professional fəaliyyətinə mənfi təsir göstərən belə qanunsuzluqlar, sanki, həmin orqanlarda vicdanlı şəxslərin sayını azaltmağa yönəlmişdi. Belə bir zamanda Baş Prokuror İ.Şirinov məni Gəncə şəhər prokuroru vəzifəsinə təyin etmək istəyini bildirdi. Azyaşlı övladlarımın Bakıda oxumasını, həyat yoldaşımın burda işlədiyini əsas gətirərək, Gəncəyə getmək imkanımın olmadığını dedim. Bir neçə gün sonra Prezident Aparatından məni Prezidentin iqamətgahına dəvət etdilər. Fikrim o idi ki, Gəncəyə təyinatımdan söhbət gedəcəksə, mütləq imtina edəcəyəm. Qəbul otağına daxil olmağımla köməkçi Prezidentin məni gözlədiyini dedi. Kabinetin lap girəcəyində məni çox sadə və köhnəlmiş idman paltarında olan Prezidentin özü qarşıladı, əl verib görüşdükdən sonra oturmağa yer göstərdi. Masa arxasında mənimlə üzbəüz əyləşən Prezidentin bir tərəfində Baş prokuror İxtiyar Şirinov, digər tərəfindəsə Dövlət katibi Pənah Hüseynov oturmuşdu. Yaşlı bir qadın padnosda çay gətirdi. Prezident armudu stəkanlardan birini mənim qarşıma çəkdi. Məqsədyönlü olsa belə nümayiş olunan bu ehtiram qarşısında, digər tərəfdən də ölkənin belə qarışıq dövründə ehtimal etdiyim bu təklifdən necə imtina edəcəyimi düşünürdüm. Mənim bircə anlığa fikrə getdiyimi görən Prezident, aralığa çökən ani sükutu pozdu, işlərimin necə getdiyi, şəhərdə baş verən cinayətlərin dinamikası-azalıb-çoxalması barədə, daha sonra isə təcrübəli prokurorluq, istintaq işçilərinə ehtiyac olduğuna dair, bir sözlə, əsas mövzuya keçid xarakteri daşıyan məsələlərə toxundu. Mən də cavabında, şəhər prokurorunun əməliyyat və istintaq orqanlarına nəzarəti həyata keçirən müavini olaraq, bu sahədə bir sıra çətinliklərin olduğunu nəzərə çatdırdım. O hansı çətinliklərin olduğu barədə maraqlanmadan, həmin çətinliklərin yenicə bərpa olunmuş müstəqillik dövrünə xas olduğunun təbiiliyini qeyd etdi. Əlavə etdi ki, bölgələrdə müstəqilliyimizin qorunması, dövlətçiliyimizin bərqərar olması – ən vacib vəzifələrdən biridir, Gəncə kimi Azərbaycanın ikinci iri və strateji əhəmiyyət kəsb edən şəhərində böyük problemlər mövcuddur. Və qərara alınıb ki, Gəncə şəhərinin prokuroru vəzifəsinə..məni təyin etsinlər... Mən əvvəlcə susdum, çünki belə bir tərzdə və şəraitdə bu təklifdən imtina etmək o qədər də asan deyildi. Problemli şəhərə getməkdən imtina həm də acizlik və ya qorxaqlıq əlaməti sayıla biləcəyindən də ehtiyat edərək, “Mən bu vətənin əsgəriyəm” dedim, hazırlaşmaq, əvvəlki iş yerində hər şeyi sahmana salmaqdan ötrü 3 gündən sonra Gəncəyə gedəcəyimə söz verdim. Görüşüb ayrılanda 10-12 gündən sonra özünün də Gəncəyə gələcəyini və geniş müzakirələr aparacagını bildirib, mənə uğurlar arzuladı...

           12.02.1993-cü il tarixdə Gəncə dövlət və hakimiyyət orqanlarının nümayəndələri ilə keçirilən müşavirədə Prezident çıxış etdi və mənə də söz verdi. Bu elə bir dövr idi ki, Gəncə şəhərinin  sakinləri axşam saat 6-7-dən sonra küçəyə belə çıxmağa ehtiyat edirdi. Günün günorta çağı, gecə səhərə qədər odlu silahlardan, xüsusilə avtomat və tapançalardan açılan atəşlər ara vermirdi. Gəncə yaxınlığında rus generalı Şerbakın komandanlığı altında yerləşən hərbi hissənin zabitləri müxtəlif markalı silah növlərini açıq-aşkar satışa çıxarırdılar. Gəncənin girəcəyində yerləşən 709 saylı hərbi hissənin rəhbərliyi və hissəyə yığışan hərbçi və qeyri-hərbçi, eləcə də kəşfiyyat orqanlarının dəstəyi ilə müxtəlif əqidələrə xidmət göstərən qüvvələr, rus hərbçilərindən alınan, yaxud əvəzsiz xidmət göstərdiyinə görə onlara məqsədyönlü siyasətlə ötürülmüş avtomat, pulemyot, tank, BTR-lər və digər müxtəlif çaplı silahlara yiyələnərək, dövlət tabeçiliyindən çıxmaqla açıq-aydın itaətsizlik göstərirdilər.  Artıq “709”-la danışıqlara girmiş dövlət və hakimiyyət orqanlarında vəzifə daşıyan ayrı-ayrı şəxslər eləcə də siyasi qurumlar da dövlətin zəifliyindən, hakimiyyətin öz daxilində yaranmış ziddiyətlərdən istifadə edərək,onlara qoşulmuşdular. Nəhayət general Şerbakın tabeliyində olan zabitlər və əsgər heyəti silahlarının çoxunu satmaqla, bilərəkdən Azərbaycanın parçalanmasında maraqlı olan nankor qüvvələrin “dəyirmanına su tökməklə” Azərbaycanı tərk etdilər. Baş prokurora, Respublika hərbi prokuroruna, Prezident Aparatının müvafiq qurum rəhbərlərinə, eləcə də digər aidiyyəti orqanlara, respublikanın müstəqilliyinə və bütövlüyünə yaranan ciddi təhlükə barədə məlumat versəm də, Gəncəyə gələn dövlət nümayəndələri 709 saylı hərbi hissənin rəhbərliyi ilə görüşüb mahiyyət etibarilə əhəmiyyət kəsb etməyən söhbət aparsalar da, vəziyyət daha da qəlizləşirdi.

          709 saylı hərbi hissə ilə növbəti danışıqlar aparmaq məqsədilə Bakıdan gələn sonuncu nümayəndə heyətinə xalq yazıçısı İsmayıl Şıxlı və Gəncə əhalisinin ağsaqqal kimi yanaşdığı Tofiq Bağırov və Daxili İşlər Naziri İsgəndər Həmidov daxil idi...

Dövlətin yüksək vəzifəli şəxsləri 709 saylı hərbi hissənin rəhbərliyi ilə artıq nümayəndələr vasitəsilə əlaqə saxlamalı idi. Düz gecə yarısı Surət Hüseynovla görüşmək imkanı əldə edən dövlət nümayəndələri elə həmin vaxt hərbi hissənin həyətinə daxil oldular. Bu zaman bizi Gəncə şəhər Mühafizə idarəsinin və Gəncə şəhər dövlət avtomobil müfəttişliyinin rəisləri əməkdaşları ilə birgə müşaiyət edirdi. Küçə qapısından başlayaraq həyət boyu, əli avtomatlı hərbiçilər düzulmüşdü, tank və BTR-lər işlək vəziyyətdəydi. İçəri girən kimi Surətin yanında peyda olan Rəhim Qazıyev İsgəndər Həmidova söz ataraq, – “Bu yetimdən nə istəyirsiz?” deyərək Surəti göstərdi. İsgəndər də özünə xas tərzdə “yaxşı eləyirəm, sən kimsən,burda nə işin var?” deyə onun cavabını qaytardı. Məlum oldu ki, Rəhim Qazıyevin əsas məqsədi, danışığın sabit aparılmasına maneçilik törətməkdir. Vəziyyətin gərginliyini və ciddi təhlükə havasını bəri başdan duyan rəhmətlik İsmayıl Şıxlı özünəməxsus alicənablıq və səbrlə mübahisəni davam etdirməyə meylli olan hər iki tərəfi yerinə oturtmaq üçün sakitcə –“Biz bura dava eləməyə yox, barışığa gəlmişik. İmkan verin, biz öz tövsiyələrimizi çatdıra bilək” dedi. İsmayıl müəllimin həqiqətən də ibrətamiz ifadələrini dinləyən Surət Hüseynov torpaqlarımızın zəbt olunmasını hakimiyyətin səriştəsizliyi ilə əlaqələndirdi, dövlət idarəçiliyinin lazım olan səviyyədə olmadığını bildirdi. Daha sonra Tofiq müəllim də belə vaxtda qüvvələri birləşdirməyin vacibliyi, biri-birimizlə deyil, ümumi mövqedən düşmənimizə qarşı vuruşmağın əsl zamanı yetişdiyini söylədi...

Hərbi hissəni tərk edərkən ümumi razılıq, barışıq əlaməti olaraq, dədə-baba qaydasınca qurbanlar da kəsildi. Lakin şübhə yeri yox idi ki, Surət Hüseynovun əhatəsində olan ambisiaları əqli imkanlarından qat-qat üstün olan ayrı-ayrı qüvvələr, eləcə də kəşfiyyat orqanları qarşısında çox güman ki, öhdəlikləri olan bəziləri bu barışığa imkan verəsi deyildi.

...Mayın ortalarından başlayaraq, dövlət tərəfindən guya təhlükəsizlik tədbirləri naminə, hədə-qorxu əlaməti olaraq Gəncə şəhər İcra hakimiyyətinin qarşısına silahlı zirehli hərbiçilərin düzülməsi təşkil olunmuşdu, hansı ki, real vəziyyətlə uzlaşmırdı. Əksinə, heç bir əhəmiyyət kəsb etməyən bu mənasız tədbir daha mükəmməl silahlarla yaraqlanmış qarşı tərəfi labüd qarşıdurmaya hazırlaşmağa sövq edirdi. Bu barədə öz tərəfimdən yuxarı orqanlara, o cümlədən Baş prokurora  bildirsəm də heç bir nəticəsi olmadı.

Məsələnin çətinliyi bir də ondan ibarət idi ki, mənim şəhər prokuroru olaraq hərbi hissələrin, yaxud əlahiddə olaraq hərbiçi olan şəxsin qanuna zidd hərəkətlərinə hüquqi qiymət vermək, onun barəsində hər hansı qəti imkan tədbiri seçmək səlahiyyətim yox idi. Bu sahədə qanunların icrasına nəzarət, aidiyyəti üzrə, Gəncə şəhərində, həmin o 709 saylı hərbi hissənin ərazisində yerləşən, birbaşa Baş prokurorun və Respublika Hərbi prokurorunun tabeliyində olan Gəncə şəhər Hərbi prokuroru, eləcə də onun istintaq qurumu tərəfindən həyata keçirilməli idi. Şəhər prokuroru olaraq mənim hərbiçilər barəsində hər hansı bir hüquqi-prosessual ölçü götürməyimə qanun yol vermirdi. Əks təqdirdə, mən qanunla nəzərdə tutulan səlahiyyətlərimi aşmış, onlardan kənara çıxmış olardım. Buna baxmayaraq, şəhərdə sabitliyi pozan, o cümlədən qanunsuz və iznsiz olaraq silah gəzdirən, 709 saylı hərbi hissəyə mənsub çoxlu sayda şəxsin barəsində cinayət işi başlanaraq qısa müddət ərzində istintaq aidiyyəti üzrə Gəncə şəhər hərbi prokurorluğuna təqdim olunmuşdu. Lakin Hərbi prokurorluq tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görmək əvəzinə, əsassız və qanunsuz olaraq həmin şəxslər həbsdən azad edilir, cinayət işlərinin icraatına xitam verilirdi. Bu barədə Respublika Hərbi Prokurorluğunun xəbəri vardısa da, zəruri olan nəzarət həyata keçirilmirdi. Əksinə, barələrində həbs qəti imkan tədbiri seçilmiş, axtarışda olan şəxslər çox vaxt 709 saylı hərbi hissədə özlərinə sığınacaq tapırdılar.

         İyunun 1-də xidməti otağımda olarkən məlumat daxil oldu ki, Baş prokuror, Milli Təhlükəsizlik naziri və bir sıra məsul vəzifə daşıyan şəxslər Gəncədədir və onlar MTN-nin binasında yerləşiblər. Dərhal MTN-nin Gəncə şəhəri üzrə şöbə rəisinə zəng vurdum. Məlumatın doğruluğu təsdiq olundu. Baş prokurorun Gəncəyə gəlişi barədə əvvəlcədən məlumat verməməsi və şəhər prokurorluğuna deyil, birbaşa MTN şöbəsinə getməsi məni təəccübləndirdi.Onun digər hüquq-mühafizə orqan rəhbərləri ilə birlikdə olmasını öyrəndikdən sonra, birbaşa prokurorluğa gəlməməsini – buna əsas səbəb olaraq düşündüm. İ. Şirinov mənimlə telefon əlaqəsi saxladıqdan sonra mən onun yanına getdim və İ.Şirinovla söhbət əsnasında o bildirdi ki, hərbi sahədə cinayətkarlıqla bağlı məxfi xarakterli kompleks yoxlama keçiriləcək və şəhər prokuroru kimi mənim bu işə, qarışacağım olmamalıdır... Şübhəsiz ki, şəhər prokuroru olaraq şəhərdə baş tutası naməlum tədbirə “qarışacağımın” olmaması ilə daxilən razı olmasam da, zahirən razılaşmalı oldum. İş yerinə qayıdandan sonra Baş prokurorun birbaşa şəhər prokurorluğuna gəlməməsi kabinetlərdə müzakirə mövzusuna çevrilmişdi. Axşam saat 9-a qədər kollektivlə birgə iş yerimizdə olduq. Evə gedəndə mən yenə yolüstü MTN-nin şöbəsində İ.Şirinovla görüşdüm və bir daha ondan şəhər prokurorluğuna dair hər hansı bir tapşırığın olub-olmayacağını soruşdum. O da bir daha narahat olmamağı tapşırdı.

         Səhər tezdən iş yerinə tələsdim və elə maşından düşən kimi prokuror köməkçilərindən biri dərhal mənə məlumat verdi ki, Baş prokuror İ.Şirinov və onunla birgə Bakıdan gələn vəzifəli şəxslər hərbçilər tərəfindən həbs olunub və onları 709 saylı hərbi hissəyə aparıblar. Məlumatı dəqiqləşdirmək məqsədi ilə xidməti otagıma qalxdım və dərhal polis rəisi ilə birbaşa olan telefonun dəstəyini qaldırdım. Qarşı tərəfdən dəstəyi qaldıran şəxsin səsi mənə tanış gəlmədi, kiminlə danışdığımı soruşdum. Bildirildi ki, danışan polis rəisi vəzifəsini icra edən İlqar Səfixanovdur. Mən ondan polis rəisi Hacıağa müəllimin harda olduğunu soruşduqda, o dinmədi və boğuq səslə dedi ki, hazırda o burda deyil. Mən vəziyyətin çox qarışıq və gərgin olduğunu dərk edərək təcili olaraq şəxsi heyəti iclas zalına toplamaq barədə göstəriş verdim. Şəhər İcra başçısına, Kəpəz və Nizami rayon icra başçılarına telefon etsəm də, heç kimi yerində tapmadım. Otaqdan çıxıb polis idarəsinə getməyim barədə katibəyə dedim. Və gecikdirmədən prokurorluğun bir neçə işçisi ilə birlikdə şəhər Baş Polis İdarəsinə gəldik. Polis rəisinin kabinetinə çıxan pilləkənin hər iki tərəfində hərbi geyimli, əllərində avtomat silahlar tutan şəxslər düzülmüşdü. Özünü İlqar Səfixanov kimi təqdim edən şəxs bizi qapıda qarşıladı. Söhbət zamanı məlum oldu ki, polis rəisi, MTN şöbə rəisi daxil olmaqla Bakıdan gələn vəzifəli şəxslər, o cümlədən MTN-in xüsusi təyinatlı dəstəsi 709 saylı hərbi hissənin əsgər və zabitləri tərəfindən həqiqətən də mühasirəyə alınaraq həbs olunublar və hərbi hissəyə aparılıblar. Polisin şəxsi heyətini isə hazırda “709”un hərbiçiləri əvəzləyir və həbs olunanlar birbaşa Surət Hüseynovun tabeliyindədir. Səfixanovun özü də sonuncunun göstərişi ilə polis rəisi vəzifəsini icra edir...

İ.Səfixanov təbiət etibarilə mədəni, abırlı və anlaqlı bir şəxs təsəvvürü yaratdığından ona izah etməyə çalışdım ki, o öz hərəkəti ilə ağır bir cinayətin iştirakçısına çevrilir. Ona bildirdim ki, bu hərəkətlərindən vaxtında geri çəkilməsi, onun məsuliyyətdən yaxa qurtarmasına əsas ola bilər. Əks təqdirdəsə ola bilsin biz onunla türmədə görüşməli olaq. Səfixanov başını qaldırıb nəsə demək istədisə, “Bunu tale göstərər” deməklə kifayətləndi və biz onunla ayrıldıq. Polis İdarəsindən çıxıb iş yerində otağıma girən kimi bir daha Gəncə şəhər və rayonların rəhbər heyəti ilə əlaqə saxlamaq istədim, ancaq cəhdim baş tutmadı, heç biri cavab vermədi...

          Mən Gəncə şəhərinə yeni təyin olunan ərəfədə MTN-in Rabitə idarəsinə rəhbərlik edən şəxs Çaykənd əməliyyatı zamanı qardaşının qətlində şübhə edilən şəxsin məsuliyyətə cəlb olunması ilə bağlı qəbulda olarkən, o zamankı mürəkkəb vəziyyətdə telefonlarımı daha etibarlı aparatlarla əvəzləmişdi, həm də “ВЧ” kabel xəttiylə məxfiliyin qorunmasını tam təmin edən bir telefon rabitəsi quraşdırmışdı. Həmin telefonla Prezident Aparatının rəhbər vəzifəli şəxsləri ilə əlaqə saxlamaq cəhdim də boşa çıxdı. Onlardan yalnız biri cavab verdi. Baş vermiş hadisələr barədə məlumat vermək istəsəm də, həmin şəxs cavabında bildirdi ki, Aparatda bundan hər kəs məlumatlıdır və xahiş etdi ki, elə hesab eləyim ki, onunla bu barədə heç bir danışığımız olmayıb...

Mən kollektivi yığıb fakt üzrə cinayət işi başlamaq barədə göstəriş verdim. Eyni zamanda araşdırma aparmaqla, həbs olunan şəxslərin azad edilməsinə yönələn tədbirlər görmək məqsədi ilə, mənə qoşulan bir neçə əməkdaşımla birgə,xidməti maşında 709 saylı hərbi hissəyə yollandıq. “709”-un həndəvərindən başlayaraq, yenə həyət boyunca əsgər və zabitlər düzülmüşdü. Tanklar işlək vəziyyətdəydi, sanki “hücum” komandasına bənd idilər. Maşınla hərbi hissənin həyətinə daxil olduq, hər iki tərəfdən silahlılar dayanmışdı. Biz Surət Hüseynovun olduğu kabinetə yaxınlaşanda qapının ağzında dayanan, sonradan şəxsən tanıyacağım Əli Ömərov və Nüsrət Budaqov bizim kimliyimizi yəqin ki, bildiklərindən “Nə məramla” gəldiyimizi soruşdular, mənsə cavabında əsəbi halda dedim: “hələ bir soruşursunuz nə məramla?!” Bundan sonra onlar Surət Hüseynovun hazırda “presskonferensiya” (mətbuat konfransı) keçirdiyini, onun otağı ilə üzbəüz qapısı açıq, diva- rında “komandir Eldar Əliyev” yazılmış otağı göstərdilər və bir neçə dəqiqə gözləməyimizi bildirdilər. dedilər ki, jurnalistlər çıxan kimi qəbul edəcək. Biz koridordan otağa keçdik və üstündən bircə dəqiqə keçməmiş, qapını əli avtomatlı hərbiçilər əhatəyə aldı. Bundan sonra girov saxlandığımız otağa daha bir neçə nəfər MTN əməkdaşını da gətirdilər. Həmin gün axşama yaxın mənimlə gələn prokurorluq əməkdaşlarını buraxdılar. Bə- yan etdilər ki, atışma başa çatanadək mənim də daxil olduğum girov götürülən şəxslər buraxılmayacaq.

709 saylı hərbi hissənin Surət Hüseynov tərəfindən təyin olunmuş rəisi Eldar Əliyev həmin axşam saxlandığımız otağa gəlib mənimlə görüşdü. Bu həmin Əliyev Eldar idi ki, Gəncəyə təyin olunduğum ilk günlərdə, hazırda xatırlamadığım tanışlarımdan biri, onu qəbul etməyi məndən xahiş etmişdi. Qəbul elədim. Onda E.Əliyev bildirmişdi ki, Əfqanıstan müharibəsi veteranıdır, yüksək rütbəli zabitdir. Onun müvafiq işlə təmin olunmasına köməklik göstərim. Bu məqsədlə Müdafiə Nazirliyinə müraciət etməyi təklif etsəm də, o bunab qədər artıq Nazirlikdə olduğunu və ixtisasına uyğun hərbi rütbəli işə qəbul etmədiklərini söy- lədi. Dövlətə itaətsizlik göstərən 709 saylı hərbi hissəyə qoşulma ehtimalının üstündən xətt çəkmək məqsədilə elə onda Gəncə şəhər icra başçısına zəng vurdum və Eldar Əliyevin şəhərin mülki müdafiəsində gərəkli olmağı barədə təklif verdim. Eldar mülki müdafiə qərargahına rəhbər təyin olundu. Sonradan “709”-a gəlib necə komandir olması barədə sualıma Eldar Əliyev cavab verdi ki, həqiqətən qısa bir müddət o mülki müdafiə sahəsində çox cüzi bir əmək haqqına işləyib. Lakin “709”-un komandanlığı ona həmin cüzi maaşdan 10 dəfədən çox əmək haqqı ilə hazırda tutduğu vəzifəni təklif edib və ailəsinin maddi sıxıntısı onu “709”-dan gələn təklifə razılıq verməyə vadar edib. Onu da əlavə etdi ki, o hərbi hissədəki əsgərlərin rəhbəridir və yalnız təlimlərdə iştirak edir. Onun idarəetmə və sərəncam vermə səlahiyyətinin yoxluğu, hər hansı qərarın qəbul edilməsində iştirakını istisna edir. Onun fəaliyyəti yalnız S.Hüseynov tərəfindən verilən əmrlərin icrası ilə bağlıdır...

            İki gündən sonra məlum oldu  ki, S.Hüseynov və onun mühafizə dəstəsi 709 saylı hərbi hissənin ərazisindən çıxaraq keçmiş rus hərbi hissəsinin yerləşdiyi qərargaha köçüb. Hərbi hissədə qalanlar isə yalnız əsgərlər, bir sıra bölmə və tağım komandirləri olan zabitlər, eləcə də yüzlərlə girov saxlanan şəxslərdir.

           Müstəqil dövlətçiliyi qoruyub saxlamaq, artıq başlanmış olan vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanı parçalanmadan xilas etmək, fürsəti fövtə verməyən düşmənin torpaqlarımızın xeyli hissəsini zəbt etməkdə israrlı olması, hər bir vicdanlı azərbaycanlı kimi mənim də əsəblərimi tarıma çəkmişdi. Hərçənd ki Hərbi hissədə girov saxlanılan yüzlərlə şəxsin, o cümlədən mənim özümün də taleyi sual altındaydı. Barəsində mənim tərəfimdən həbs qəti imkan tədbiri seçilmiş “Zobik” ləqəbli və onun kimi onlarla cinayətkar ünsür heç bir günahı olmayan insanların həyatı üçün təhlükə mənbəyi idi...

Ölkənin üzləşdiyi bu bəladan qurtulmağın yolu həqiqətən çox çətin və mürəkkəb idi. Düşüncələr, ümidlər yalnız bir istiqamətə, yeganə bir şəxsə, tək bir insana bağlanırdı ki, yalnız o şəxs öz zəkası, müdrik siyasəti və yenilməz cəsarəti ilə ölkəni, xalqı rastına çıxan bu bəladan xilas etmək naminə, yenicə pöhrələnməkdə olan dövlət müstəqilliyini qorumaq üçün xilas yolunu düşünüb-daşına bilərdi. O zamankı vəziyyətdə, yağı düşmən, istərsə daxili mənfur qüvvələr hakimiyyətin zəifliyi, səriştəsizliyinə nisbətdə çox fəal, çevik və güclü təsir qüvvəsinə malik idi...

          Nəhayət xalqın intizarla gözlədiyi, yeganə ümid yeri olan Heydər Əliyev 09.06.1993-cü il tarixdə ( həmin gün tariximizə qızıl hərflərlə yazılmalıdır). Xalqın tələbi və xahişi ilə Bakıya qayıtdı. Vəziyyətlə tanış olandan 4 gün sonra isə növbəti dəfə həyatını risk altına ataraq Gəncəyə gəldi. Elə həmin gün 709 saylı hərbi hissəyə yollandı, dağıntıları, qardaş qırğını nəticəsində törədilənlərə ürək ağrısı ilə baxdı. Məhz həmin vaxt girovluqda olan şəxslərin azad olunmasına şərait yarandı və biz hərbi hissəni tərk elədik. Hadisələr ərəfəsində yüzlərlə insan, o cümlədən əsgər, polis işçiləri, yüksək vəzifəli şəxslər hakimiyyətsizliyin, özbaşınalığın nəticəsi olaraq qanunsuz neçə müddət həbsdə saxlandılar. Vətəninə, xalqına sadiq neçə-neçə ləyaqətli və prinsipial insanlar – prokurorluq, polis, icra və digər dövlət-hakimiyyət nümayəndələri həmən başsızlığın qurbanı oldu. Azərbaycan xalqını zülmət və zillətdən, cəhalət dünyasından işıqlığa çıxaran Heydər Əliyev zəkası ölkəmizi açıq-aydın uçurumdan,  vətəndaş müharibəsindən xilas etdi...

    Mən girovluqda saxlandığım günlərdə Gəncənin keçmiş dəmir-yol prokuroru işləmiş, birinci və sonuncu dəfə Surət Hüseynovun kabinetinin  qapısı ağzında gördüyüm Əli Ömərov Gəncə şəhər prokurorunun, yəni mənim xidməti kabinetimi zəbt edərək özünü şəhər prokuroru elan etmişdi. Həmin hadisələr dövründə mühafizəkar qüvvələrin özləri tərəfindən şəhər icra başçısı vəzifəsinin müvəqqəti icraçısı həvalə olunmuş “Vaqif” adlı şəxs yaşadığım yerə – qaynatamgilin evinə zəng vuraraq İcra hakimiyyətinə gəlməyimi xahiş etdi.  Mən  də maraqlı idim ki, özbaşına zəbt olunmuş xidməti otağıma müvafiq komissiyanın iştirakı ilə daxil olum. Ona görə də səhərisi gün Gəncə şəhər İcra Hakimiyyətinə getdim və başçı vəzifəsini icra edən Vaqif müəllimlə tanış oldum. İnsafən o məni hörmətlə qarşıladı və söhbət zamanı bildirdi ki, özüm və fəaliyyətim barədə Gəncə əhalisindən yalnız müsbət fikirlər eşidib, bilik və bacarığım haqqında da lazımı qədər məlumatı var. Xahişi bu oldu ki, mən prokuror vəzifəmin icrasını davam etdirim və şəhərdə baş verən qanunsuzluğa, özbaşınalığa, hakimiyyətsizliyə qarşı birgə mübarizə aparaq. Səhv etmirəmsə, həmin gün cümə axşamıydı. Vaqif müəllimə dedim ki, hazırda Gəncədə qalmağımın yeganə səbəbi xidməti otağımın özbaşına zəbt olunmasıdır. Yəni otaqdakı sənədlərimin, xidməti silahımın yerində olub-olmaması barədə məlumatım yoxdur. Odur ki, Respublika Prokurorluğu nümayəndəsinin iştirakı ilə komissiya yaradılsın, müvafiq araşdırma aparmaqla fakta hüquqi qiymət verilsin. Biz həftənin birinci gününə razılaşdıq ki, hər ikimizin səyi ilə belə bir komissiyanın təşkil olunmasını təmin etməliyik...

    ...Həftənin şənbə günü məlum oldu ki, icra başçısı vəzifəsini icra edən Vaqif müəllim S.Hüseynovun sağ əli sayılan və həbsli axtarışda olan “Zobik” ləqəbli Ruslan tərəfindən öz xidməti kabinetində qətlə yetirilib. Vaqif müəllimin mühafizəçisi də öz növbəsində “Zobik”i güllələyərək öldürüb və o da hadisə yerindən qaçanda Zobikin də cangüdəni onu yaralayıb...

   ...Bundan sonra, Surət Hüseynovun baş nazir, Əli Ömərovun baş prokuror vəzifələrinə təyin olunması baş alıb gedən qanunsuzluğun, cinayətlərin ört-basdır olunmasına şərait yaratdı. Onlarda belə yüksək vəzifələri daşımağa heç bir potensialın olmaması, Heydər Əliyev kimi Şəxsiyyətlə guya çiyin-çiyinə işləməsi, qanunlara riayət etməklə fəaliyyət göstərməsi  şübhəsiz ki, qeyri-mümkün idi. Heydər Əliyev başa düşürdü ki, onların bu təyinatını xalq düzgün anlayır və inanır ki, xalqın, millətin mənafeyinə, onun iradəsinə xidmət göstərməyən heç bir kəs onun hakimiiyyətində təmsil oluna bilməz. Tarix göstərdi ki, onların hər biri öz fəaliyyətlərində yol verdikləri yarıtmazlığın nəticəsi olaraq öz-özlərini ifşa etdilər...

   ...Əli Ömərov Baş prokuror təyin olunanda düşündüm ki, uzun müddət ərzində çalışdığım, əslində mənə doğma kollektiv olan bu orqandan uzaqlaşım. Eyni zamanda onu da dərk edirdim ki, Əli Ömərovun iş metodları və şəxsi keyfiyyətləri təyin olunduğu vəzifə ilə tərs mütənasibdir. Onun DİN-nin müavini Eldar Həsənovla birgə Amerikaya səfəri və bu səfərdən qayıdandan sonra sonuncunun Baş prokurorun müavini vəzifəsinə təyinatı vəziyyətin dəyişəcəyinə başlanğıc oldu. Nəhayət tabeliyində işləyən rayon prokurorunun dövlətə itaətsizlik göstərən bir dəstə şəxslə Baş prokuror Əli Ömərovu öz xidməti otağında döyüb təhqir etməsi və işgəncə verməsi onun, törətmiş olduğu qanunsuzluqların, özbaşınalıqların və cəzasızlığın obyektiv nəticəsi olduğunu şübhə etmirəm ki özü də anlayır...

         Onun Baş prokuror olduğu dövrdə mən bir müddət sərəncamda gözləməli oldum. Bu müddət ərzində Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi rəhbərliyinin təklifi ilə həmin fakültədə dərs dedim. Qanunla nəzərdə tutulan sərəncam müddəti başa çatdıqdan sonra isə Bakı şəhər prokurorluğunda DİO-ya nəzarət şöbəsində çalışdım...

Baş prokurorluğa hücumdan sonra, təbii ki, Əli Ömərov öz vəzifəsində qalmağı öz mənliyinə rəva bilsə də, onun kə- narlaşdırılması nəinki qanunauyğun, həm də labüd idi. Prokurorluğun iş üslubuna və fəaliyyət prinsiplərinə tam bələd olmayan, lakin peşəkar polis əməkdaşı olaraq, prokurorluğun da fəaliyyətini bu istiqamətdə qurmağa çalışan Eldar Həsənov nəhayət çatmaq istədiyi zirvəyə yüksəldi. Onun iti yaddaşı, insanlarla, o cümlədən əməkdaşlarla məqsədyönlü, həm də diplomatik davranışı, öz üzərində müntəzəm çalışmağı müəyyən müddət ərzində Baş prokuror vəzifəsini lazımınca yerinə yetirməyə imkan verdi.

Həmin ərəfədə Azərbaycanda yeni qanunlar hələ ki qəbul olunmamışdı. Köhnədən qalma SSRİ qanunları isə artıq qüvvədən düşmüşdü. Digər tərəfdən yox yerdən qondarma “Talış-Muğan respublikası”nın təşəbbüskarları və təşkilatçıları peyda olmuşdu ki, bu problemin də həlli Heydər Əliyevin öhdəsinə düşmüşdü. Respublikanın Şimal zonasında baş qaldırmaqda olan milliyətçi “Sadval” təşkilatı da həssas və çətin problemlər qabartmaqda idi. Bu elə bir dövr idi ki, bizə qonşu və doğma olan ayrı-ayrı dövlətlərin, o cümlədən qardaş Türkiyənin də bir sıra yüksək vəzifəli şəxsləri Azərbaycanın müstəqil bir dövlət olaraq gələcəyinə inanmırdılar. Ölkə iqtisadiyyatı tamamilə çökmüşdü. Ona görə də neft yataqlarının işə salınması, diplomatik sahədə beynəlxalq münasibətlərin qurulması, ölkədə sabitliyin bərqərar olması naminə xarici səhmdarların Azərbaycana cəlb olunması vacib şərtlərdən idi.

Lakin cəbhədə yaranan gərginliyin, ara verməyən düşmən hücumlarının qarşısını alan, torpaqlarımızın işğalına sədd çəkən qadir bir ordunun yaradılması da ən zəruri vəzifələrdən başlıcasıydı... Keçmiş hakimiyyətlərin səriştəsizliyi, biganəliyi və bacarıqsızlığının nəticəsi olaraq,bir sıra xarici dövlətlər, onlara məxsus kəşfiyyat orqanları vasitəsi ilə, hələ də öz yerini tam bərkitməmiş müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışıb, onun təbii sərvətlərinə göz dikib dayanmışdılar. Əlbəttə, bütün bu problemləri təhlil etmək, ölkədə stabilliyi təmin etmək üçünsə ilk növbədə atəşkəsə nail olmaq vacib idi. Heydər Əliyevin təşəbbüsü ilə bu taleyüklü məsələ öz həllini tapandan sonra neft sahəsində böyük və nüfuzlu beynəlxalq investorların köməyinə ehtiyac özünü biruzə verdi. H.Əliyevin gərgin əməyi və dərin siyasəti nəticəsində bu məsələ də ilkin olaraq, vaxtında öz həllini tapmış oldu. Ölkə həyatının bütün sahələrində pa- ralel aparılan islahatlar və görülən tədbirlərin nəticəsi olaraq, qısa bir müddət ərzində Ordu yaradıcılığına başlandı. Lakin xarici və daxildə düşmən mövqeyi tutan qüvvələr müxtəlif vasitələrlə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq təşəbbüsündə bulundular...

           Ölkədəki qeyri-stabil vəziyyəti sabitləşdirmək, qanun- suz silahlı birləşmələri zərərsizləşdirmək, təxribatların və digər qanunsuzluqların qarşısını almaqdan ötrü qanunlar və yaxud qanun qüvvəli aktlar qəbul edilməliydi. Heydər Əliyevin təşəbbüsü ilə belə bir normativ xarakter daşıyan 16.08.1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının təmin olunması” barədə fərman hüquqi baxımdan imkan yaratdı ki, cəmiyyətdə az qala hər addımda rast gəlinən cinayətkarlıq və özbaşınalıqla mübarizə gücləndirilsin.

02-04 oktyabr 1994-cü il hadisələrinə gətirib çıxaran özbaşınalıq, və itaətsizlikdən sonra H.Əliyev hakimiyyətinin devrilməsinə yönələn ayrı-ayrı qrupların, tədricən eyni məqsəd ətrafında birləşmək cəhdi formalaşmaq üzrəydi.

Prokurorluğa silahlı hücum və Baş prokurorun təhqirlərə məruz qalması ilə bağlı XTPD rəhbərliyinin və cinayəti törətmiş dəstə üzvlərinin cəzasız qalması H.Əliyev hakimiyyətinə müxalif olan qüvvələrin daha da azğınlaşmasına gətirib çıxardı. Elə təsəvvür yaradıldı ki, H.Əliyev guya həmin cinayətkar qruplaşmadan çəkinərək, onları cəzalandırmağa cəsarəti çatmayıb. H.Əliyev o günə və o saata qədər səbr nümayiş etdirdi ki, rəsmi olaraq DİN-nin struktur qurumu kimi fəaliyyət göstərməli olan XTPD gecə saat 11-12 radələrində 8-ci km qəsəbəsində yerləşən qərarga- hından çıxaraq hakimiyyəti ələ keçirmək məqsədilə Prezident Aparatına tərəf hərəkətə keçdi. Məhz bu ərəfədə H.Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək, yaranmış fövqəladə vəziyyət barədə məlumat verdi və dövlətimizin müstəqilliyini, onun Prezidentini qorumaq, ölkədə sabit həyat şəraitində yaşamağın təminatını istəyən hər bir kəsi dərhal Prezident Aparatının qarşısına dəvət etdi. Həmin gecə bu çağırışdan heç bircə saat keçmədi ki, artıq minlərlə insan Prezident Aparatının qarşısına toplaşdı.

Ən acınacaqlı və çıxılmaz vəziyyətində xalqının səsinə səs verərək, ölkəni vətəndaş müharibəsindən, parçalanmaqdan, aclıqdan və qırğınlardan xilas edən Ulu öndəri qədirbilən xalqımız nəinki müdafiə etdi, eyni zamanda qarşı tərəfi xalq qarşısında tutduğu mövqeyə görə üzr istəmək məcburiyyətində qoydu. H.Əliyev bir daha mərdlik və şücaət nümayiş etdirərək onların günahından keçdi və xalqın məzəmməti ilə kifayətləndi...

          Türkiyənin bir sıra ictimai-siyasi dərnəkləri və təhlükə- sizlik orqan əməkdaşları XTPD-ni güc vasitəsi olaraq ələ al- maqda maraqlı idilər.Sabiq Prezident Ə.Elçibəylə aparılan danışıqların H.Əliyev tərəfindən yenidən təftiş olunması, ölkəmizin sərvətləri üzərində Azərbaycan Dövlətinin özünün sərəncam vermə hüququnun bərqərar edilməsi, həmin qüvvələrin marağı ilə üst-üstə düşmürdü... Belə ki, Ə.Elçibəy iqtidarı onların mövqeyinə daha sərfəli idi. Ə.Elçibəyin Prezidentliyi dövründə ofisi Hökumət evində yerləşən (TİKA) “Türkiyə iş birliyi” deyilən bir qurum artıq fəaliyyətə başlamışdı və istədiyi yöndə iş aparırdı. Bu məqsədlə Türkiyə İstiqbarat təşkilatının ən yüksək vəzifəli şəxsləri qurama ad və soyadlar altında Bakıya gəlir və XT- PD-nin rəhbərliyi ilə,eləcə də Heydər Əliyev hakimiyyətinə müxalif qüvvələrlə məxfi görüşlər keçirirdilər. Rövşən Cavadov və bu qəbildən qeyriləri Türkiyəyə gedib-gəlir, ordakı təcrübəli siyasətçilərdən və generallardan məsləhətlər alırdılar. Hətta o zaman Türkiyədəki nümayəndələriimizdən bəziləri R.Cavadovun görüşlərini təşkil edir, qabağa düşüb ona bələdçilik edirdi. Bu məsələ o səviyyədə maraq doğururdu ki, Türkiyənin Azərbaycandakı səfirlik əməkdaşları səlahiyyətlərindən kənar çıxan müəyyən vəzifələrin yerinə yetirlməsinə cəlb olunmuşdu. Səfir Altan Karamanoğlu, hüquq müşaviri Ərtoğrul Güvən, din müşaviri Əbdülqədir Sezgin və digərləri xüsusi fəallıq göstərirdilər.

Azəbaycan Dövlət Universitetinin hüquq fakültəsinə professor kimi işə qəbul olunan, daha sonra Milli Məclisin hüquq bölməsinin müdiri vəzifəsinə təyin olunan Fərman Dəmirkolun başında durduğu ASAM (Azərbaycan Strateji Araşdırmalar Mərkəzi) adlı siyasi təşkilatın məqsədi  məhz H.Əliyev hakimiyyətini devirərək, özünün də rəhbərlərindən biri olan koalision hökumət yaratmaq idi. ASAM-ın təşkilatlanmasına həsr olunmuş ilk iclas İçərişəhərdə yerləşən Azərbaycan ensiklopediyasının o vaxtkı direktoru İsmayıl Vəliyevin xidməti otağında baş tutmuşdu. Sonradan o həmin vəzifədən uzaqlaşdırıldı.

ASAM-ın iclaslarına dəvət olunan kəslər (bunların əksəri sabiqlər idi), o cümlədənTürkiyənin Azərbaycandakı səfirliyinin yuxarlda qeyd olunan nümayəndələrinin də iştirak etdiyi, ilkin toplantıda ümumi vəziyyətin gərgin olduğu,hakimiyyətin hansı yolla olursa-olsun dəyişdirmək zəruriliyi yarandığı, daha kimlərin bu iclaslara cəlb olunmasının məqsədəuyğunluğu müzakirə olunmuşdu. İclasa sədrlik edən Fərman Dəmirkol bu təşkilatın sırf siyasi və məxfi xarakter daşıdığına işarə vuraraq təhlükəsizliyin və məxfiliyin qorunması məqsədi ilə gələcək iclasların səfirliyin binasında keçirilməsini təklif etmişdi. Səfirlikdə keçirilən iclaslarda müzakirələr getdikcə haki- miyyətin devrilməsinə yönələn istiqamət alırdı. Aparılmış istintaq dövründə axtarış zamanı üzə çıxan protokollardan məlum olurdu ki, bütün iclasların sözbəsöz stenoqramı rəsmiləşdirilib. Stenoqramı həyata keçirənsə başqa millətdən olan  tələbə qız olmuşdur...

İclasların birində F.Dəmirkol hakimiyyətin yalnız zor tətbiq etmək yolu ilə ələ keçirilə biləcəyini söyləyib, belə bir gücün mövcudluğunu bəyan edərək XTPD-dən istifadə olunmasını məqsədə uyğun hesab etmişdi. F.Dəmirkol bu çevrilişin həyata keçirilməsini siyasi cəhətdən təmin etməli halda, Türkiyə və Avstriya vətəndaşı olan Kənan Gürəl adlı şəxs isə XTPD ilə sıx əlaqələr yaratmaq yolu ilə hərəkətverici qüvvələri təşkil etməliydi. Kənan Gürəl Bakı şəhərində “Traza” adlı firma yaradaraq, əslində xidmət etdiyi məxfi təşkilat rəhbərinin tapşırığı ilə, Cavadovla gəldikləri razılığa əsasən, onun sərəncamına göndərilmiş ötürücü cihazlarla təchiz olunmuş, xüsusi təlim keçmiş şəxslərlə birgə, XTPD ilə sıx əlaqələr qurmalı,bölgələrdə, xüsusilə sərhəd rayonlarında, o cümlədən Lənkəranda, Qusarda, Qazaxda, Zaqatalada, həm də Gəncədə əhali arasında təbliğat aparmalıydı. XTPD-nin fəallıq göstərdiyi Qazaxda zəruri olan işlər görülməli idi. Onların vəzifəsi ca- maatın əhval-ruhiyyəsini öyrənmək, əhalini Heydər Əliyev hakimiyyətinə qarşı yönəltmək və Mərkəzi birbaşa və ya Kənan Gürəl vasitəsilə məlumatlandırmaq idi. Təşkilatın ən yüksək rütbəli rəhbəri qeyri-rəsmi Bakıya gələrək vaxtaşırı dinləmələr aparır, sərəncamında olan şəxslərin, o cümlədən XTPD rəhbərliyinin növbəti addımlarını müəyyənləşdirirdi.

Planda nəzərdə tutduqları məqsədə çatmaq üçün Heydər Əliyevi hətta terror yolu ilə aradan götürməyi də istisna etmirdilər. Mart ayının əvvəllərində bir neçə dəfə sui-qəsd cəhdləri olmuşdusa, Ulu öndərin özü demişkən, “İlk növbədə Allah onu qorumuşdu”. Hər halda onun özü də hadisələri düzgün təhlil etmək, onları qabaqlamaq, qiymətləndirmək, ən vacibi isə nəticə çıxarmaq qabiliyyətinə malik yüksək peşəkar, dərin siyasətci, psixoloq və geniş dünyagörüşünə, fövqəltəbii düşüncə qabiliyyətinə malik bir insan idi. R.Cavadov ulu öndərin xarici ölkələrə nəzərdə tutulan səfərlərinin günü, saatı, qayıdış vaxtı barədə məlumat almaq məqsədi ilə bir qayda olaraq, həmin səfərlərdə bilavasitə iştirak edən yüksək vəzifəli şəxsin yaxın qohumlarından birini ələ alaraq, tam məxfi olan həmin siyahını əldə etmişdi.

H.Əliyevin iştirakı nəzərdə tutulan Kopenhagendə keçiriləcək beynəlxalq tədbirdən qayıdış vaxtında onun təyyarəsini partlatmaqdan ötrü planlı terror aktı baş tutmadı. K.Gürəlin ifadəsindən, eləcə də “Traza” firmasının ofisində aparılmış axtarış zamanı əldə olunmuş çoxsaylı “Mərkəzə” ötürülən məlumatlar, eyni zamanda “Mərkəz”- dən daxil olan məxfi tapşırıqların həyata keçirilməsi üçün nəzərdə tutulan maliyyə hesabatları, H.Əliyev hakimiyyətinin devrilməsinə qarşı hərtərəfli ölçülüb-biçilən tədbirlərin görülməsini bir daha təsdiq edirdi. K.Gürəlin “Mərkəzə”göndərdiyi məxfi sorgudan görünürdü ki, Azərbaycanda zəruri məlumatları əldə etməyin ən asan yolu əsasən rüşvət vermək və ya qızlarla ünsiyyət yaratmaqla mümkündür. Ona görə də çoxlu məbləğdə pula (paraya) ehtiyac duyulduğu ərz olunurdu.

           İstintaq zamanı Gürəlin verdiyi ifadədən məlum oldu ki, R.Cavadovla əvvəlcədən birgə gördükləri tədbirlər nəticəsində, H.Əliyevin Kopenhagendən qayıdış günü və saatı dəqiqləşəndən sonra,o telefonla bilrbaşa öz şefinə zəng vuraraq sui-qəsdin hazırlandığı barədə ona məlumat çatdırmaq istəsə də, şefin iş telefonu cavab vermədiyindən, axşam saat 21 radələrində onun evinə təkrar telefon açaraq planlaşdırılan terror aktı barədə məlumat vermişdi.

 Həmin məlumat, H.Əliyevlə birlikdə o tədbirdə iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirələ yaxın mənbədən üstüörtülü şəkildə xüsusi rabitə vasitəsilə ona sızdırılmışdır. Dəmirəl isə H.Əliyevlə hələ Sovet dövründən çox isti münasibətdə olduğundan, vətənində ona qarşı nəsə hazırlandığı barədə bildirir. H.Əliyev intuitiv olaraq ona qarşı növbəti sui-qəsdin vətənə döndüyü vaxt təyyarəni partlatmaq yolu ilə həyata keçirilmə versiyasını güman edir və geri dönmə vaxtını nəzərdə tutulduğundan 9 saat qabağa keçirir.

H.Əliyev kəskinləşmiş siyasi və kriminogen vəziyyətin stabilləşdirilməsi, xüsusilə XTPD-nın ölkədə ağalıq etmə iddiasının qarşısını almaq məqsədilə R.Cavadovdan nə istədiyini öyrənmək, onu və ətrafındakıları qanuna zidd hərəkətlərdən çəkindirmək, nəhayət onlara son xəbərdarlıq etmək məqsədi ilə onu görüşə dəvət edir. Görüş zamanı R.Cavadov söz versə də, onun əhatəsində olan, müxtəlif əqidələrə xidmət göstərən vəzifə hərislərinin, eləcə də kəşfiyyat orqanı əməkdaşlarının təhriki ilə o öz qanunsuz əməllərini davam etdirmək məcburiyyətində qalır...

           XTPD qərargahının yerləşdiyi Nizami rayonunun Polis idarəsindən başlanan dövlət çevrilişinə cəhd zamanı qarşılıqlı atışmada bir nəfər həlak oldu, neçə nəfər xəsarət aldı, polis idarəsinin inzibati binasına isə xeyli miqdarda maddi ziyan dəydi. Bundan sonra da Prezident Heydər Əliyev tərəfindən edilən müraciətlərə və xəbərdarlıqlara məhəl qoymayan XTPD, eləcə onun ətrafına yığışan qüvvələr martın 16-dan17-nə keçən gecə manevr edərkən, Dövlət Təhlükəsizlik orqanlarının və polis əməkdaşlarının səyi nəticəsində, Azərbaycan dövlətçiliyinin mənafeyinə və xalqın iradəsi əleyhinə yönələn qanunsuzluqların qarşısı alındı, sui-qəsdin iştirakçıları tərkisilah edildilər. Atışma zamanı XTPD-nin komandiri R. Cavadov yaralandı və təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda keçindi...

Həmin hadisələrdə xüsusi fəallıq göstərən sabiq XTPD əməkdaşları və digərləri həbs olunaraq, cinayət məsuliyyətinə cəlb edildilər.

         Prezident Heydər Əliyev televiziya ilə Türkiyə xalqına və həmvətənlərimizə müraciət edərək, çevriliş aktının, eləcə baş tutmayan sui-qəsdin hazırlanmasında iştirakı olan hər iki ölkənin vətəndaşlarına, xalqlarımızın təhlükəsizliyini, birliyini pozmağa cəhd göstərən ayrı-ayrı qüvvələrə kəskin şəkildə öz iradını dilə gətirdi. Hər iki xalqın və millətin eyni tarixi kökə malik olduğunu bir daha xatırladan və bunu şərh edən ümummilli liderimiz Heydər Əliyev məhz bu hadisələrlə bağlı özünün müdrik nitqi zamanı “Bir millət və iki dövlət” olmağımız barədə qürur hissi ilə səslənən tarixi və yaşarı bir kəlamın özülünü qoymuş oldu.

 

 

Hüseyn Əlixanov,

Təqaüddə olan Ədliyyə general mayoru.

                                                                                             


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi