lider-media.az

Azərbaycanda söz və mətbuat azadlığının formalaşmasında Ulu Öndərin xidmətləri əvəzsizdir

Tarix: 3-05-2024, 12:57

3 May – Beynəlxalq söz və mətbuat azadlığı günüdür

      Ölkəmizdə söz azadlığının bərqərar olması və müstəqil mətbuatın yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirən dahi şəxsiyyət bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə əlverişli şərait yaratmış, senzura ləğv edilmişdir.  Həmin fərmanla 27 oktyabr 1966-cı ildə yaradılan və ölkədə bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Beləliklə, əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı.  1999-cu il dekabrın 7-də qəbul olunan  “Kütləvi informasiya vasitələri haqqında”  Qanun isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd oldu.   Ulu öndər  Heydər Əliyev deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.

     Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyev  öz fəaliyyətində insan hüquq və azadlıqlarını, humanizmi əsas prinsip kimi götürərək xalqın və millətin gələcəyinə çıraq tutan şəxsiyyət idi. Ulu öndər irsi bir məktəbdir və onun  daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması zəruridir.  Müstəqil Azərbaycanın bütün uğurlarında Heydər Əliyev imzasını görmək mümkündür. Bütün sahələrdə olduğu kimi, Azərbaycanda söz, fikir azadlığının sağlam və peşəkar mətbuatın formalaşması və plüralizmin inkişafında da Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

     Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə - ötən əsrin 70-80-ci illərində mətbuatın  ideoloji cəhətdən sıxışdırılması nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin qətiyyətli mövqeyinə əsaslanan ölkə mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edir, cəmiyyətin nöqsanlarını, qlobal problemləri açıb göstərirdi. Müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq, hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etməyə və jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başlandı. 1969-cu ildə ozamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzdində Jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf meyilləri formalaşdı, o illərdə milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəslin söz ustaları yetişdilər.

     Ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkəmizdə söz və mətbuat azadlığının inkişafında yeni mərhələ başlandı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk dövrlərində müəyyən obyektiv və subyektiv səbəblərdən yeni formalaşan ölkə mətbuatı ciddi məhdudiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Respublikada hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı.

      Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

     Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı. 18 dekabr 2001-ci il ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə baş tutan görüşdə ümummilli lider mətbuatın problemlərini dinləyib, müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, ümummilli lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla fərman və sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

     Ümummilli lider hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. O, mətbuatın gücünə inanır və elə bu səbəbdən də mətbuatdan çox şey umurdu. Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqillik  dövründə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrların sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbu orqanların dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

    Bu gün  ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media qurumlarının müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan idi.  Sonradan ölkədə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanla 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Həmin il dekabrın 30-da təsdiq edilən “Media haqqında Azərbaycan Respublikasının Qanunu” 2022-ci il fevralın 9-da ölkənin mətbuat orqanlarında yayımlandı. Beləliklə, Azərbaycan jurnalistikasının fəaliyyətində yeni dövr başladı.

     Hazırda ölkədə minlərlə media orqanı dövlət qeydiyyatına alınıb. Respublikamızda xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər mövcuddur. Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas prioriteti vətəndaşlarımızın informasiya mənbələrinə əlçatanlığını təmin etməkdir. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir.

      Bu gün zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı özünün yüksəliş mərhələsini yaşamaqdadır. Heç təsədüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə də mətbuatımız və mətbuat nümayəndələrimiz, cəbhədə olduğu kimi, söz savaşında da layiqli mübarizə apardı. Ona görə də biz həm döyüş bölgəsində, həm də informasiya cəbhəsində qələbə qazandıq. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, Azərbaycan mediasının konstruktiv idarə olunması sayəsində aparılan siyasətin uğurlu nəticəsi idi. Prezident İlham Əliyev deyib: “Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalıstləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımıızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.

 

Lider-media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi