lider-media.az

Kahramanmaraşda Azərbaycan nəfəsi

Baxış: 3523 Tarix: 25-06-2025, 10:34

2023-cü ilin fevralında yer üzü sarsıldı, torpaq titrədi,  türk dünyasını yerindən oynadan böyük fəlakət baş verdi.  Gecəsini gündüzünə qatıb, min bir əziyyətlə çalışıb böyük arzularla ev quranların  sonu oldu bir fəlakət. O evlərdə təkcə insanlar yox, neçə-neçə ümidlər,  xəyallar, istəklər,  sevgilər dağıntılar altında qaldı. Hamımız sarsılmışdıq, hər birimiz sanki o binaların üstümüzə yıxıldığını hiss edirdik. Çünki dağıntılar altında qalanlar can, qan qardaşlarımız idi.  Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımız oldu. Biz bunu öz kədərimiz kimi yaşadıq.

Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın,  bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə bütün dünya şahiddir. Hər iki ölkə liderinin beynəlxalq platformalarda birgə mövqedən çıxış etmələri də iki qardaş ölkənin gücünü nümayiş etdirir. Azərbaycanın  Türkiyənin ağır günündə ilk yardıma gəlməsi  bu münasibətlərin dərinliyindən xəbər verir və əlaqələrin yüksək  səviyyədə olmasının  nümayişi kimi dəyərləndirilir. Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllə əsl qardaşlıq nümunəsidir. Bu, həm də onu göstərir ki, hər iki qardaş ölkə sözdə yox, əməldə birdir. Birlikdən alınan güc isə hər zaman böyük uğurlara, yeni  inkişafa yol açır.

Kahramanmaraşda baş vermiş 7,6 bal gücündə zəlzələ böyük fəlakət idi və ölkəmiz Türkiyənin bu ağrısına şərik çıxdı.  Zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi dərhal axtarış-xilasetmə qruplarını Türkiyəyə göndərdi. Peşəkar xilasedicilərimiz dağıntılar altında insanları xilas etdi, yaralılara yardım göstərdi. Bununla yanaşı, səhra hospitalı quruldu, humanitar yardımlar göndərildi, Azərbaycan könüllüləri bölgəyə axışdı. Xeyriyyəçilik fəaliyyəti ilə dünyada tanınan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göstərildi.

Dayanıqlı sosial layihələrə əsaslanaraq daha böyük işlərə star verildi. Kahramanmaraşda 1200 mənzildən ibarət "Azərbaycanməhləsi tikildi. Bu məhlə təkcə daşdan, sementdən, armaturdan ibarət deyil – burada xalqın sevgisi, dövləti təmsil edən iradə, qardaşlıq ruhu tikildi. Məhlədə məktəb, uşaq bağçası, park və digər sosial obyektlər inşa olundu.

İyunun 19-da yeni tarix yazıldı. Zaman və məkan fərqi olmadan hər zaman bir-birinə dayaq olan, eyni ağrını bölüşən, eyni sevincə sevinən iki dövlət – Azərbaycan və Türkiyə, bu dəfə Kahramanmaraşda qürurverici bir tabloya imza atdı. Bu layihə Azərbaycanın qardaşlıq və humanist dəyərlərə verdiyi yüksək əhəmiyyətin parlaq təcəssümüdür. Açılış mərasimi sadəcə rəsmi bir tədbir deyildi. Bu, bir millətin iki dövlət olduğunun sübutu idi. Burada  hər çıxış, səslənən hər çağırış, hər bayraq qürurun, sevginin və həmrəyliyin dilində danışırdı. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qardaşlıq mesajını bir cümlə ilə bütün dünyaya çatdırdı: “Sizin 10 milyon, bizim də 80 milyonluq qardaşımız var. Yaşasın Türkiyə-Azərbaycan Birliyi, Qardaşlığı!” Bu sözlər tədbirdə iştirak edən Türkiyə vətəndaşları tərəfindən ayaqüstə, alqışlarla qarşılandı. İzdiham arasından yüksələn səslər isə bu birliyi daha da gücləndirdi: “Qarabağ Fatehi!”  Türkiyəli vətəndaşlarının Prezident İlham Əliyevə səmimi müraciəti qürurdolu anlar yaşatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu birliyi sözün əsl mənasında əfsanəyə çevirdi:“Eyni bayrağın kölgəsində dua edən, eyni namazlıqda göz yaşı tökən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq!” Bu ifadə bir taleyin, tarixə yazılmış vəhdətin təsviri idi. R.T. Ərdoğan eyni zamanda Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü də çatdırdı: “Azərbaycanlı qardaşlarımız zəlzələ günü bizə necə könül qapılarını açdısa, bu gün də Kahramanmaraşda bizə ev tikərək qəlblərinə buyur etdilər. Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi təşəkkür edirəm. Bu qardaşlıq tarixə yazıldı!” Açılış mərasimi zamanı yaşanan duyğulu anlar sosial şəbəkələrdə sürətlə yayıldı. “Qarabağ Fatehi” deyə səslənən insanlar Kahramanmaraş torpağında Qarabağ zəfərinin ruhunu yaşatdılar. Türk xalqı Azərbaycan Prezidentini təkcə bir lider olaraq yox, Qafqazda haqqa və ədalətə imza atan bir qəhrəman kimi qəbul etdiyini göstərdi. Kahramanmaraşda tikilən “Azərbaycan” məhəlləsi yüzlərlə ailənin isti ocağına, iki dövlət arasındakı əbədi qardaşlığın simvoluna çevrildi. Yaşayış kompleksindəki binaların üzərində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Binaların girişində “Azərbaycan xalqından Türkiyə xalqına sevgi ilə” mesajı yazılıb. Qardaşlıq təkcə siyasət deyil, ruh məsələsidir. “Azərbaycan” məhəlləsi bir layihə olsa da, onun daşıdığı mənəvi dəyər ölçülə bilməz. Bu, bir millətin yaşadığı ruhdur. Kahramanmaraşda tikilən hər evdə, qaldırılan hər divarda Azərbaycanın ürəyi döyünür. Kahramanmaraşda “Azərbaycan” məhləsində  gəzərkən insanlar bir həqiqəti dərk edirlər: əsil dost dar gündə tanınar. Azərbaycan çətin gündə Türkiyənin yanında olduğunu bir daha sübut etdi.

Azərbaycan torpaqlarının  2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və xalqının ölkəmizə göstərdiyi mənəvi və diplomatik dəstək qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda  böyük əzmkarlıq göstərdilər. Kahramanmaraşda inşa olunan “Azərbaycan” məhəlləsi, bu dostluğun abidəsi oldu. O məhəllədə qəlbimizin istisi, könlümüzün mərhəməti yaşayacaq. Orada bir damın altında sadəcə insanlar yox, qardaşlıq, birlik yaşayacaq. Hər bir uşaq gülüşü o məhəllədə Azərbaycanın nəfəsi kimi duyulacaq. Bu, sadəcə yardım deyil, bu, qardaşlıq körpüsüdür. Zəlzələnin dağıtdığı divarları qardaşlıq sevgisi ilə Azərbaycan ucaltdı...

Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi