Şirvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 13-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın taleyini dəyişən Qurtuluş Günü” mövzusunda tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib, tələbə və məktəblilərin ifasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, 15 iyun Milli Qurtuluş Günü sadəcə bir tarix deyil – bu, millətimizin yenidən doğulduğu gündür. Bu, ümidlərin tükəndiyi anda dirçəlişin başlanğıcı, xaos içində sabitliyin, qorxu içində inamın, parçalanma içində birliyin zəfəridir.
Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təkcə siyasi xadim deyildi – o, xalqın içindən doğulan bir qurtuluş idi. Onun Bakıya qayıdışı xalqı təlatümdən sabitliyə, parçalanmadan bütövlüyə, ümidsizlikdən inamlı sabahlara apardı. 15 İyun – Ulu Öndərin xalqla bir olduğu, xalqın öz liderini tapdığı gündür. Bu gün biz müstəqil, güclü, qalib bir Azərbaycandan danışırıqsa – bu, həmin qurtuluşun bəhrəsidir. Biz bu gün azad bayrağımızın kölgəsində qürurla dayanırıqsa – bu, Heydər Əliyev irsinin, onun siyasi uzaqgörənliyinin nəticəsidir.
Vurğulayıb ki, bu gün Ulu Öndərin yolunu inamla davam etdirən Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə biz həmin tarixi irsi qoruyur, onu daha da ucaldırıq. Qarabağın azadlığı da, Zəfər salnaməmiz də, bugünkü sabitliyimiz də – 15 İyunun ruhundan doğur. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.
Sonra “Xalqın taleyini dəyişən Qurtuluş Günü” mövzusunda məruzə ilə çıxış edən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin müəllimi, əməkdar müəllim Mehran Əhmədqızı bildirib ki,Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük lideri var. Bu liderin böyüklüyü bir də ondadır ki, Onun xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur.
Qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.
Diqqətə çatdırıb ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident cənab İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Daha sonra Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev “Milli qurtuluşdan-Zəfərə”, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov “Heydər Əliyev və milli qurtuluş missiyası”, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov “Xilasdan dirçəlişə: Qurtuluşun gücü”, 21 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Səadət Quliyeva “Milli Qurtuluşun Azərbaycan təhsilində yeri”, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov “Səhiyyədə sabitlik və inkişaf - Milli Qurtuluşun bəhrəsidir” mövzusunda çıxış ediblər.
Tədbirdə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bir millətin qurtuluşundan bəhs edən ”Xalqın taleyini dəyişən Zəfər Günü” sənədli filmi nümayiş olunub.
Tədbirdə Şirvan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin məzunları alqışlarla qarşılanıb, bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulanıb.
Sonda həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasında uğurla çıxış edərək Azərbaycan II Liqasına vəsiqə qazanan Şirvan Futbol Klubu şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.