Abşeron rayonunda dörd narkokuryerdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Xırdalan şəhərində, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar.
Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən, ümumilikdə, 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 satışı qadağan edilən metadon həbi aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdıraraq pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla əlaqədar cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.