lider-media.az

Politoloq: “Ermənistan bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirir”

Baxış: 5 Tarix: 4-06-2025, 09:02

 

Lider-media.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev Ermənistanın regionda atdığı son addımların Cənubi Qafqazda gərginliyin artmasına xidmət etdiyini bildirir. Onun sözlərinə görə, Fransa tərəfindən Zəngəzur bölgəsində konsulluq açılması sadəcə diplomatik akt deyil, eyni zamanda strateji və siyasi mesaj daşıyır.

Əmrəliyev qeyd edir ki, Fransanın konsulluq açmaqla əsas məqsədlərindən biri Zəngəzur dəhlizinin reallaşmasına mane olmaqdır. Çünki Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək strateji layihədir və bu, həm Azərbaycan, həm də Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Fransa isə bu dəhlizin gerçəkləşməsini istəmir və bölgədə mövcudluğunu artırmaqla prosesi əngəlləməyə çalışır. Politoloq hesab edir ki, istənilən halda, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcburdur və konsulluğun açılması bu prosesə fundamental mane ola bilməz.

Rəyində Zeynal Əmrəliyev həmçinin vurğulayır ki, bu addım eyni zamanda Fransanın Rusiya qarşısında güc nümayişidir. Rusiya hələ 2023-cü ildə Sünikdə konsulluq açmaq istəmişdi, lakin Ermənistan buna icazə verməmişdi. İndi isə Fransaya yaşıl işıq yandırılması Moskva tərəfindən mənfi qarşılanıb. Rusiya Müdafiə naziri Andrey Belousov artıq məsələ ilə bağlı rəsmi mövqe bildirib və Ermənistanı bu gedişin mənfi nəticələri ilə bağlı dolayı yolla xəbərdar edib.

Əmrəliyev həmçinin vurğulayır ki, bu hadisə 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistan daxilində siyasi balansın dəyişməsinə və Rusiyaya meyilli qüvvələrin güclənməsinə səbəb ola bilər. Bu isə İrəvanın Moskvaya qarşı "strateji xəyanəti" kimi qiymətləndirilə bilər.

Digər bir vacib məqam isə İran faktorudur. Politoloq qeyd edir ki, Tehran dəfələrlə kənar qüvvələrin regionda fəallaşmasından narahat olduğunu ifadə edib. Fransa konsulluğunun İran-Ermənistan sərhədinə yaxın ərazidə açılması iki ölkə arasında münasibətlərdə əlavə gərginlik yaradacaq.

Zeynal Əmrəliyev sonda qeyd edir ki, Ermənistan hökumətinin kənar gücləri bölgəyə gətirməsi Cənubi Qafqazda sülh və sabitliyə ciddi təhdiddir və bu siyasət regional təhlükəsizliyi riskə atır.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi