lider-media.az

Dövlət başçısının bölgəyə hər bir səfəri yeni səhifənin başlanğıcıdır

Baxış: 29 Tarix: 28-05-2025, 07:29

Preziden İlham Əliyevin bölgəyə hər bir səfəri yeni səhifənin başlanğıcıdır


Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan öz torpaqlarına sahib çıxdı. Kənd-kənd, şəhər -şəhər bütün  ərazilərini düşməndən geri aldı. Müharibəni sona çatdıra bilməyən qarşı tərəf təslim oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı və əsl sahibinə təhvil verildi. Doğma yurdlarını may ayında tərk edən laçınlılar 31 il sonra elə may ayında da Vətənə döndülər.

     Özünəməxsus füsunkar təbiətə, əlverişli coğrafi mövqeyə malik olan Laçın artıq özünün inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi  yenidən qurulur, yaradılır. Ölkə başçısının mütəmadi səfərləri çərçivəsində rayonda aparılan quruculuq işləri ilə tanış olur, müəssisələrin təməlini atır, tikintisi başa çatan  obyektlərin açılışını edir. 


Mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Laçın rayonunun Bəylik kəndinin açılışı Böyük Qayıdışın parlaq səhifəsinə çevrildi. Vətən torpaqlarına sevinc və quruculuq nəfəsi gətirən bu səfər zamanı dövlət başçısına Laçın rayonunda yaradılan yeni infrastruktur barədə ətraflı məlumat verildi. "Böyük Qayıdış" Proqramı çərçivəsində Bəylik kəndində aparılan genişmiqyaslı bərpa və tikinti işləri bölgənin gələcəyini daha da işıqlı edir. Dövlət başçısı Bəylikdə inşa edilən klub-icma mərkəzinə baş çəkdi. Burada gənclər üçün dərnəklər, rəqs və digər mədəni fəaliyyətlər üçün otaqlar yaradılıb, tədbirlərin keçirilməsi üçün geniş və müasir zal inşa olunub. Mərkəzin damında günəş panelləri quraşdırılıb. Bu da kəndin "yaşıl enerji" konsepsiyası ilə qurulduğunu göstərir.

Ölkə başçısının Laçında "AzərEnerji" ASC-nin "Aşağı Malıbəyli" və "Mirik" su elektrik stansiyalarının açılışında iştirakı xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu enerji layihələri Azərbaycanın "yaşıl gələcəyə" atdığı mühüm addımlardan biridir.  Bildirildi ki, bölgədə inşa edilən su elektrik stansiyaları təkcə iqtisadi deyil, həm də ekoloji əhəmiyyət daşıyır. Bu günədək istifadəyə verilmiş 32, istismara hazır olan daha 6 stansiya ilə birlikdə say 38-ə çatıb. Ümumi gücü 307 MVt olan bu stansiyalar hər il 200 milyon kubmetrə yaxın təbii qaza qənaət etməyə, eyni zamanda 400 min ton karbon qazının havaya buraxılmasının qarşısını almağa imkan yaradır. Bu, ekoloji tarazlığın qorunması və ölkənin enerji müstəqilliyinin gücləndirilməsi baxımından mühüm nailiyyətdir. Laçının Malıbəyli və Mirik kəndlərindən keçən Zabux çayının axarında salınan stansiyalar - biri 3,1 MVt gücündə "Aşağı Malıbəyli", digəri isə 3,5 MVt gücündə "Mirik" - müasir avadanlıqla təchiz olunub. Optik kabel xətləri vasitəsilə bu stansiyalar ölkənin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Bu da o deməkdir ki, Laçında istehsal olunan enerji ölkənin enerji axarına tam nəzarətlə və dəqiqliklə daxil olur.

Prezident İlham Əliyev Bəylik kəndində tikilən fərdi evlərə də baxış keçirdi. 29,6 hektarlıq ərazidə salınan yeni kənddə 91 müasir ev tikilib. Bu evlər 90 ailənin - 360 nəfər sakinin rahat yaşaması üçün nəzərdə tutulub. Müxtəlif ölçülü evlər ailələrin tələbatına uyğun şəkildə layihələndirilib. Qeyd edək ki, burada insanların işləməsi, yaşaması üçün hərtərəfli şərait yaradılıb. Sosial obyektlər, iqtisadi müəssisələr, kənddaxili yollar, su, elektrik və rabitə xətləri tam şəkildə təmin olunub. Qaz təchizatı və digər infrastruktur layihələri kəndi müasir bir yaşayış məntəqəsinə çevirir.

Əlamətdar hadisədir ki, Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. Sakinlər ölkə başçısı ilə həmsöhbət oldular. Cənab İlham Əliyev görüş zamanı olduqca mühüm məqamlara toxundu. Qeyd etdi ki, indi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.

Bəylik kəndi ilə yanaşı, ölkə başçısı Laçın rayonunun Zerti kəndində "Laçın" İstirahət Kompleksinin açılışında da iştirak edib. Rayonun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir. Ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan "Laçın" İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək.

10 may tarixində - xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Prezident İlham Əliyevin Ağdamın Kəngərli kəndinə səfəri də dəböyük rəmzi məna daşıyırdı. Qeyd edək ki, qayıdışın, ümidin, yenidən doğuluşun simvolu olan Kəngərli Şanlı Qələbəmizdən sonra bərpa edilən sayca 14-cü yaşayış məntəqəsi, Ağdam rayonunun isə Sarıcalıdan sonra dirçələn ikinci kəndidir.  Dövlət başçısının Kəngərlidə aparılan yenidənqurma işləri ilə yerində tanışlığı, fərdi yaşayış evlərinin və infrastrukturun vəziyyəti ilə bağlı görülən tədbirlər bu torpaqlara olan xüsusi diqqətin göstəricisidir. Prezidentin kəndə köçən sakinlərlə görüşü müsbət nidalarla, dualarla və minnətdarlıqla yadda qaldı. Sakinlərlə görüşdə ölkə başçısı vurğuladı ki, Kəngərli kəndi göz oxşayır: "Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq".

Şəhər mərkəzindən cəmi 6 kilometr aralıda yerləşən kəndin təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Elə həmin andan Kəngərlidə yeni bir tarix yazılmağa başladı - qovuşmağın, qurmağın, yenidən yaşamağın tarixi. Kənd 2544 nəfərin rahat və ləyaqətli yaşamını təmin edəcək şəkildə planlaşdırılıb. 177 hektardan artıq ərazini əhatə edən bu mühüm layihə 632 fərdi evin tikintisini nəzərdə tutur. Bu torpaqda yeni həyatın bütün infrastruktur əsasları yaradılır. Burada həyatın bütün sahələrini əhatə edən obyektlər - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət və sosial xidmət mərkəzləri, həmçinin məşğulluğun təmininə yönəlmiş iqtisadi sahələr qurulur. Kəndə yollar salınır, elektrik xətləri çəkilir, rabitə bərpa olunur, su və qaz təchizatı təmin edilir. Kəngərlidə həyata keçirilən işlər təkcə bir kəndin bərpası deyil, bu, həm də Azərbaycan xalqının torpağına olan sevgisinin, dövlətin ərazi bütövlüyü uğrunda qazandığı möhtəşəm qələbənin memarlığıdır.

Qeyd edək ki, Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı mayın 23-də çatıb. Bu mərhələdə kəndə daha 48 ailə - 206 nəfər köçürülüb. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Təhsil sahəsində Kəngərlidə atılan addımlar xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyevin Kəngərli kənd tam orta məktəbinin açılışında iştirakı bu sahəyə verilən diqqətin göstəricisidir. 484 şagird yerlik bu möhtəşəm təhsil ocağı - geniş və işıqlı sinif otaqları, müasir laboratoriyalar, zəngin kitabxana, akt və idman zalları, rahat yeməkxana ilə gələcəyin savadlı və dünyagörüşlü vətəndaşlarının formalaşmasına xidmət edir. Məktəbin həyətindəki idman meydançası isə təkcə şagirdlər deyil, bütöv kənd əhalisi üçün sağlam həyat tərzinin təşviqinə yönəlib. Binanın damına quraşdırılmış Günəş panelləri ekoloji baxımdan mühüm texnoloji yeniliklərdir.

Eyni zamanda, azyaşlı uşaqların mənəvi və fiziki inkişafı üçün də mühüm addımlar atılıb. Kəngərli kəndindəki körpələr evi-uşaq bağçası gələcəyin sağlam təməl üzərində qurulmasına xidmət edən nümunəvi məkandır. Burada azyaşlılar üçün oyun və idman meydançaları, xüsusi dizayn olunmuş otaqlar yaradılıb. Bu bağça xoşbəxt uşaqlıq illərinin, həm də onların gələcəkdə özünəinamlı şəxsiyyət kimi formalaşmasının başlanğıcıdır.

Bu gün fəxarətlə deyə bilərik ki, doğma Qarabağa soydaşlarımızın Böyük Qayıdışı yeni mərhələdən, yeni dirçəlişdən xəbər verir. Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri yeni səhifənin başlanğıcıdır. Bu səfərlər xalq üçün gözləntilərin reallığa çevrildiyi məqamlardır. Yeni salınan kəndlər, qurulan müasir infrastruktur şəbəkələri, insanların həyatını asanlaşdıracaq, rifahını yüksəldəcək.

Bütün bunlar isə illərin məşəqqətinə sinə gərmiş xalqın dözümlülüyünün, qətiyyətinin təcəssümü olmaqla, həm də sülhün və diplomatiyanın münaqişə və təcavüz üzərində qələbəsinin ifadəsidir.

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi