lider-media.az

Güclü iradə, peşəkarlıq və   Vətən sevgisi

Baxış: 66 Tarix: 25-05-2025, 05:32

 “Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. …Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. … Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq”, - deyə bu sözləri  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı  hərbi  hissəsində  çıxışı  zamanı  bildirib. Zəfərimizi əbədiləşdirən, peşəkarlıqları ilə bərabər, fədakarlıq göstərərək tapşırıqları uğurla yerinə yetirən, döyüş meydanlarında ləyaqətli, şərəfli və ədalətli davranışları ilə XXI əsrin hərb tarixini yazan xüsusi təyinatlılar tarixi qələbəmizin əldə olunmasında xüsusi rol oynamışlar.  Sözsüz ki, Azərbaycanın hər bir uğurunun arxasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər dayanır. Ulu Öndərin xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin qorunması üçün atdığı bütün addımlar Prezident cənab  İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək  hədəfinə çatmış oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücləndi, döyüş qabiliyyətini daha da möhkəmləndirdi. Odur ki, gənclərimiz milli vətənpərvərlik ruhunda böyüyərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın “Hücum!” əmrini gözlədilər.  Azərbaycan Ordusu hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirmişdi.  Aprel döyüşlərindəki Qələbəmizdə də  xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. XTQ-nin əsl gücünü ilk dəfə olaraq düşmənimiz 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördü. Məhz bu döyüşlərdən sonra düşmənlərimizin canına və ruhuna kəskin XTQ kabusu ömürlük hakim kəsildi. 2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimiz hərb tarixinə yazılacaq böyük qəhrəmanlıqlar nümayiş etdirdilər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri oldu. Onların qayalara dırmaşaraq Şuşa şəhərini azad etməsi dünya hərb tarixinə düşdü. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində araşdırılır, öyrənilir. Ali Baş Komandanın qarşıya qoyduğu döyüş tapşırığını bacarıqla icra edən hərbçilər Şuşa əməliyyatının böyük zəfərə çevrilməsində mühüm rol oynadılar. Xüsusi təyinatlı, eləcə də onlara dəstək verən qüvvələr qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirməyə müvəffəq oldu. Şuşa işğal olunmuş Azərbaycan ərazlərinin ən yüksək nöqtələrindən biri, bəlkə də birincisidir. Onun azad olunması əməliyyatı da Böyük Vətən müharibəmizin zirvə nöqtəsidir. Şuşa döyüşünə qədər Ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdılarsa, bu şəhər uğrunda gedən döyüş hərbçilərimizin də yüksək döyüş qabiliyyətinə malik olduğunu ortaya qoydu. Şuşa elə bir relyefə malikdir ki, oranı 5-10 günlük hazırlıqla azad etmək mümkün deyildi. Bunun üçün illərlə hazırlıq keçilməsi lazım idi. Ali Baş Komandanın nəzarəti altında Azərbaycan Ordusu bu hazırlığı keçmişdi, hər cür mürəkkəb relyefdə, hava şəraitində döyüşmək bacarıqlarına yiyələnmişdi. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla  hazırlanmışdı. Əməliyyata elə heyət cəlb olundu ki, onun icrasında kiçik də olsa səhvə yol verilmədi. 44 günlük müharibədə qazanılmış qələbə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü uğurlu və uzaqgörən siyasətin əksi kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbənin əldə olunmasında dövlətin bütün struktur və resurslarının vahid məqsəd uğrunda səfərbər edilməsi mühüm rol oynadı.

Şanlı tariximiz olan Vətən müharibəsində Ali Baş Komandan ətrafında sıx birləşən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən hərbi əməliyyatlarda, Silahlı Qüvvələrlə birgə iştirak edən Azərbaycan xalqı yumruq kimi birləşərək öz ordusuna dayaq, arxa, kömək oldu. Hər gün düşmənə ağır zərbələr vuruldu. 300-dən çox şəhər və azad edilməsində daim ön cəbhədə vuruşan xüsusi təyinatlıların böyük xidmətləri oldu. Onlar Azərbaycan xalqına Zəfər sevincini yaşatdılar. Həmin günlərdə gənc nəsldə daha yüksək olan döyüş əhval-ruhiyyəsi, könüllülərin hərbi əməliyyatlarda iştirakı, xüsusi təyinatlılarımızın dünyanı hərb tarixində görünməmiş taktika və strategiyası bütünlükdə xalqımızda Qələbəyə inamı daha da artırdı. Bütün döyüşlərdə qəhrəmanlıq göstərən, düşmənə ağır zərbələr vuran əsgər və zabitlərimizin dağıtdıqları düşmən istehkamları, sıradan çıxardıqları hərbi texnikalar, işğaldan azad etdikləri ərazilər düşmənə ən ağır zərbə oldu. 

Təsadüfi deyil ki, şanlı qələbəyə öz töhfəsini verən  “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 83 hərbçidən 36-sı məhz Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. Azərbaycan ictimaiyyəti üçün ölkəmizin Xüsusi Təyinatlı Qüvvələri ilk növbədə iftixar, qürur mənbəyidir. Bu hərbi birləşmənin şanlı döyüş yolu, keçdiyi sınaqlar və nailiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün olduqca dəyərli, qiymətli bir məqamdır. Azərbaycan ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan xüsusi təyinatlılarımız işğala son qoymaq vəzifəsinin icrası prosesində mühüm tapşırıqları yerinə yetirib. Bu gün isə artıq onlar qarşısında qoyulan tapşırıqların xarakterində də müəyyən dəyişikliklər olması olduqca təbiidir.

Müstəqil Azərbaycan qalib xalq, müzəffər ölkə kimi bu gün də gücünü, müdafiə qüdrətini artırır. Silahlı Qüvvələrimiz ən müasir hərbi texnikalarla, silah-sursatlarla təmin olunur, hərbi birləşmələrdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni güc mərkəzləri yaradılır. Əminliklə demək olar ki, Azərbaycan Ordusu müharibə dövründəkindən daha qüdrətli və daha güclüdür. Xüsusi Təyinatlı Qüvvələr Azərbaycanın həm vuran qolu, həm də görən gözüdür. XTQ yarandığı müddət ərzində çoxsaylı əməliyyatlardan üzüağ çıxıb. Məhz buna görə də düşmən ordusunun ən qorxulu kabusu Azərbaycan XTQ-sı  Qarabağ dastanının müəllifi oldular və göstərdikləri qəhrəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin əsasını qoydular. Şübhəsiz  xalqımızın gələcək nəsilləri bu məktəbi dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər.


 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi