lider-media.az

Milli Qəhrəmanımızın doğum günüdür

Baxış: 51 Tarix: 25-05-2025, 05:27

Şanlı  qələbəni  bizə yaşadanlardan  biri-Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  Əfqan  Abdurahmanov  1976-cı il mayın 25-də  Bakı  şəhərində anadan olub. 1982-1993-cü illərdə  Binəqədi  rayonunda  Vahid  Əzizov  adına  30 nömrəli  tam orta mətəbdə oxuyub. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.Daha sonra 1997-2001-ci illərdə  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2001-2002-ci illərdə isə  Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində  təcrübə keçərəkAzərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır. Əfqan Abdurahmanov Vətənə xidmət etdiyi dövrdə hərbi nailiyyətləri və üstün şəxsi keyfiyyətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli , "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley , "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları  ilə təltif edilib.

2020-ci ilin sentyabrın 27-də Ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam etdi. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edildi. İlk günlərdə işğaldan azad edilən ərazilərimizdən biri də Murov dağı silsiləsindəki zirvələrdən biri idi. Zirvənin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik edirdi. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbiçilərimiz qalın sis-dümana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək mümkün olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi. Əfqan Abdurahmanov tabeçiliyində olan əsgərlərinə cavabdeh olduğunu çox yaxşı başa düşürdü. Onları bu çətin vəziyyətdən çıxarmalı və döyüş tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə deyir: öndə mən gedəcəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin. Onun ən çətin an düzgün qərar çıxarmaq peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbiçilərimiz heç bir itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxır və Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir, zirvəyə Azərbaycan bayrağını sancır. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verirdi. Əməliyyatın uğurlu keçməsində Əfqan  və onun döyüşçülərinin böyük rolu oldu. Zirvəyə bayraq sancan Əfqan  həyatının ən xoşbəxt gününü yaşadı.

Qarşıda isə Suqovuşanın düşmən işğalından azad edilməsi kimi çox mühüm əməliyyat dururdu. Çünki Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti vardı. O Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verirdi. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün ordumuza böyük üstünlük yaradırdı. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi. Bu səbəblərdən də yaşayış məntəqəsinin azad edilməsi ordumuzun qarşısında duran ən mühüm vəzifələrdən biri idi. İlk əvvəl Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmizləndi. Düşməndən təmizlənən postlardan biri də, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu post idi. Suqovuşan kəndinin azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşdı. Ac-susuz qalan hərbiçilərimiz hər cür çətinliyə dözdü. Amma ruhdan düşmədilər. Çünki onların Əfqan kimi peşəkar komandiri vardı, ona inanırdılar. Hərbiçilərimiz bu çətinliyin də öhdəsindən peşəkarcasına gəldilər.

Əfqan Abdurahmanov  2020-ci il oktyabr ayının 10-da  Suqovuşan  döyüşləri  zamanı şəhidlik zirvəsinə yüksəlib. Əslən Qəbələdən oolan qəhrəmanımız  rayonunun Əmirvan kəndində dəfn olunub.  Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Əfqan Abdurahmanov Vətən müharibəsindəki misilsiz xidmətlərinə görə  ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, digər sərəncamlarla "Vətən uğrunda"  və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə də  təltif edilib. Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının  əbədiləşdirilməsini təmin etmək  məqsədilə  Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbə “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan  Ağasəf  oğlu  Abdurahmanovun adı verilmişdir. Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımız mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi