lider-media.az

20 May - Ümumdünya Metrologiya Günüdür

Baxış: 122 Tarix: 20-05-2025, 11:35

Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycanın diqqətində olan ən vacib məsələlərdən birinə çevrilib

20 May - Ümumdünya Metrologiya Günü

Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmaz faktdır. Dünya ölkələrində getdikcə qloballaşan enerji problemlərində bütün növ parametrlər üzrə ölçmə qabiliyyətlilik dərəcəsinin təkmilləşdirilməsi vacibdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və sair bu kimi sahələr ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Məhsulların istehsalı və beynəlxalq səviyyədə ticarət predmetinə çevrilməsi, əhalinin sağlamlığı və təhlükəsizliyi üçün atılan addımlar, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycanda keyfiyyət infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması və inkişafı istiqamətində müvafiq tapşırıqlar vermişdir. Ölçmələr Sisteminin təkmilləşdirilməsi üçün 13 iyun 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuşdur. Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycanın diqqətində olan ən vacib məsələlərdən birinə çevrilmişdir.

1875-ci il may ayının 20-də metrologiya sahəsində beynəlxalq əməkdaşlığın əsasını qoyan Metrik Konvensiya imzalanıb. Sözügedən konvensiya elmi tədqiqatlar, innovasiyalar, sənaye, beynəlxalq ticarət, insanların həyat keyfiyyətinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün vacib olan qlobal ölçmə sistemini formalaşdırıb.

Bu il Ümumdünya Metrologiya Günü xüsusilə əlamətdar hesab edilir. Belə ki, 2025-ci ildə həm də Metrik Konvensiyanın 150 illik yubileyi qeyd olunur.

Builki tədbirin devizi isə “Ölçmələr bütün zamanlar, bütün xalqlar üçün” adlandırılıb. Deviz Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML) tərəfindən müəyyən edilib.

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkəmizdə metrologiya sahəsinin inkişafı, müasir metodların tətbiqi, eləcə də beynəlxalq standartlara uyğunluğun təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. AzMİ beynəlxalq tutuşdurmalarda fəal iştirak edərək ölçmələrin dəqiqliyini və etibarlılığını təmin edir, həmçinin ölkənin elm və texnologiya, sənaye, ticarət və digər sahələrdə inkişafına töhfə verir.

Bu istiqamətdə ölkədə etalon bazasının müasirləşdirilməsi və təkmilləşdirilməsi, o cümlədən dövrün tələblərinə cavab verən texnologiyaların tətbiqi, peşəkar metroloqların hazırlanması və bu sahənin modernləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi