Şuşa:qayalar üstündə qurulan şəhər
Bu qədim yurd başını dik tutub, azadlığı ilə qürur duyur

Bu gün hər birimiz milli ləyaqət və şərəfini uca tutmağı bacaran bir xalqın övladı olmağımızla sonsuz qürur duyuruq.! 44 günlük müharibənin sonlarına yaxın yəni, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə oldu. Müqəddəs saydığımız, 30 il həsrətilə yaşadığımız torpaqlarımız işğaldan azad olunduqdan sonra ən çox müraciət edib sevə-sevə işıqlandırdığımız mövzulardandır.
Qalibiyyət Zəfərindən sonra hər birimizin ekranlardan fotolarını ürək ağrısı ilə izləyib, gördüyümüz torpaqlarımız əsl sahibinin isti nəfəsi ilə hər gün abadlaşır, canlanır. Yaddaşlarımıza yazdığımız Qarabağ adlı yaramızın ağrısına dözdük, amma inamımızı, imamızı itirmədik. İllər ötdükcə daha da gücləndik. Və bir gün... Torpaqlarımız doğmalarına isti qucaq açdı. 8 noyabr günü gözlənilən xəbər kimi ruhumuzu tam təzələdi. Şuşa azaddır...

Elimizə, yurdumuza qovuşduq, evimizə döndük. Yenilməz xalqımız, dövlətimiz ordumuz yumruq kimi birləşdi, səfərbər oldu. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi.
Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən dörd ildən artıq bir müddətdə Şuşaya etdikləri səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı günbəgün artırırdı.
Prezident İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında və şəhərə köçmüş ilk sakinlərlə görüşündə demişdir: “Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”.

Bu gün Qarabağın Zəfərinin tacı olan Şuşa inkişaf edir, gözəlləşir, dirçəlir, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilir. Ötən il mayın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Dövlət başçımız tədbirdə çıxışı zamanı bildirib ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir və Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib, eyni zamanda tarixi abidələrinin bərpası həyata keçirilir. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Ölkəmizin başçısı da görülən işlərlə yanaşı qeyd edib ki, Mehmandarov məscidi və Mehmandarovun evi bərpa olunub. Artıq dörd mehmanxana fəaliyyət göstərir ki, onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir.






"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirak və çıxış edən 86 yaşlı xalq artisti Arif Babayev təəssüratını bölüşərək bildirib ki, “Mən 70-dən çox ölkəyə səyahət etmişəm, amma belə festival görməmişəm. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil edildiyi üçün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Orada çox böyük işlər görüblər. Şuşadakı otellərə baxıram, çox rahat və yüksək səviyyəlidir. Şuşada abadlıq işləri çox xoşuma gəldi. Mən festivalın bu cür təşkilatçılığına məəttəl qaldım. Festivalda “Ay bəri bax” xalq mahnısını ifa etdim. Mənim uşaqlıq və cavanlıq illərim Şuşada keçib. Ağdamda doğulmuşam. Yenidən Şuşaya getmək istəyirəm. Oranın havası, təbiəti çox gözəldir”.

Bəli, Şuşa-unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Bu qədim yurd indi novrağını yaşayır. Başını dik tutub, azadlığı ilə qürur duyur. Sənə başını bax belə dik tutmaq yaraşır, Şuşa. Ey Qarabağın baş tacı, bundan sonra da hər zaman belə qürurla yaşayacaqsan.!
Lider-Media.az