lider-media.az

O, həmişə bizimlədir

Baxış: 104 Tarix: 10-05-2025, 06:40

                     

  Dünya şöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev haqqında danışmaq çox böyük məsuliyyət tələb edir. İndi aramızda olmasa da illər, qərinələr, əsrlər arxada qaldıqca Azərbaycan xalqı onun dahi yetirməsi olan Heydər Əliyevi həmişə böyük hörmətlə yad edəcək, onu xatirələrdə ən əziz bir insan kimi əbədi yaşadacaqdır. Ulu öndər Azərbaycan xalqının bütün çətin, ağır, kədərli, sevincli anlarında onunla oldu, onu düşündü və ona uzun müddət xidmət etdi. Hətta, bizimlə cismən olmadığı o ağır və kədərli vəfatı günündə də xalqı öz ətrafında birləşdirdi, 2 milyona yaxın insan dalğası onu son mənzilə yola saldı, bu da bizi monolit birliyə dəvət etdi.


       

       Bu böyük şəxsiyyətin adı, şübhəsiz, dünya siyasi fikir tarixinə həkk olunmuşdur. Buna əmin olmaq üçün onun istər Sovet dövründə işlədiyi 13 ildə və istərsə də 10 ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işləyərkən həyata keçirdiyi nəhəng işləri təhlil etmək kifayət edər. Həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanı ağır vəziyyətdən qurtarıb dünyanın tanınmış və qabaqcıl ölkələri sırasına çıxaran H. Əliyev dühası oldu. Belə talelər hər kəsə nəsib olmur, bu ağır və şərəfli vəzifəni yalnız  Heydər Əliyev kimi şəxsiyyət yerinə yetirə bilərdi. Ulu öndər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Ümummilli lideri idi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dediyi kimi “o, Azərbaycana sığışmırdı, onun masştabı bütöv dünyanın, Şərqin də, Qərbin də meridianları boyuna hesablanmışdır”.

   

      Heydər Əliyev fenomonu haqqında siyasətçilər, tarixçilər, filosoflar, müxtəlif peşə sahibləri hələ uzun illər araşdırmalar, təhlillər aparacaq və onu öyrənəcəklər. Onun haqqında istər ölkəmizdə, istərsə də müxtəlif ölkələrdə çoxlu kitablar, məqalələr və digər əsərlər yazılmış və bu iş davam edəcəkdir.

     

      Mən isə bu tarixi şəxsiyyətlə müstəqil Azərbaycanın ən ağır, keşməkeşli, dirçəliş yoluna yenicə qədəm qoyduğu bir dövrdə və ondan əvvəlki Sovet dövründə onun rəhbərliyi altında müxtəlif rəhbər vəzifələrdə çalışan bir əməkdaş kimi onda müşahidə etdiyim çox gözəl və qeyri-adi bəzi insani keyfiyyətlər haqqında təəssüratlarımı bildirməyə çalışacağam.  Sən demə dahi şəxsiyyətlər dahi olduqları qədər də sadə olurmuşlar. Heydər Əliyev görüşdüyü şəxslərlə elə danışırdı ki, sanki onunla çoxdan yaxın imiş. Ancaq biz yaxşı bilirdik ki, H.Əliyevlə hər hansı bir məsələ haqqında danışa bilmək üçün nə qədər ciddi hazırlaşmaq lazımdır. O, sənə hər cür şərait yaradırdı ki, sərbəst danışasan, həm də dərhal hiss edirdi ki, sən buna tam hazırlaşmısan, ya yox.  Görəndə ki, müsahibi hələ işin içində tam deyil, onunla söhbəti kəsir və üzünü işi bilənə sarı döndərirdi. Səni öz hərəkəti ilə başa salırdı ki, məsələni tam öyrənməmisən. Bu, onun müsahibinə həm dərsi, həm də qayğısı idi.

     

      Heydər Əliyevlə adi söhbətimizdə belə hər sözünə diqqət yetirməli idik. Onun məntiqi çox güclü idi. Ən güclü siyasətçilər, dövlət xadimləri belə onunla ehtiyatla danışırdılar. Onun dilindəki məntiq elə güclü bir alət idi ki, müsahibini hər tərəfdən kəlbətin kimi sıxırdı, o ya təslim olmalı, ya da tam uğursuzluğunu qəbul etməli olurdu. Elə bil ki, o bütün sahələr üzrə, ixtisaslar üzrə kamil bir mütəxəssisdir. Təəccüblənirdik ki, böyük dövlət işləri və dünya siyasəti ilə məşğul olan bu rəhbər nə zaman vaxt tapıb, məsələni səndən fərqli olaraq tam dərinliyi ilə öyrənmişdir.   O, sözün əsl mənasında böyük bir tarix və canlı ensiklopediya idi. Müxtəlif ixtisas sahibləri onunla hansı mövzu ətrafında danışırdılarsa, o, həmin mövzuya dair yeni bir fikir irəli sürər və onları valeh edərdi. Bir çox beynəlxalq məclislərdən sonra bizdən soruşurdular ki, sizin ölkə başçısı deyəsən filosofdur, bəzisi deyirdi ki, yox əsl hüquqşünas, digəri memar və s. mütəxəssisdir – deyə heyrətlənirdilər. H.Əliyevlə rayonlara zona üzrə müşavirələrə gedərkən, ona yol yoldaşı olmaq böyük xoşbəxtlik idi. Çox maraqlı söhbətləri vardı, ancaq o söhbətlərin özü də dövlətə, xalqa fayda vermək məcrasında aparılırdı. Belə müşavirələrdə sadə əmək adamları ilə görüşüb, onların vəziyyəti ilə maraqlanır və dərhal aidiyyəti nazirliklərə məsələnin həllinə dair göstərişlər verirdi.

       Ulu öndər xalqını, vətənini, millətini çox sevirdi. O, tez-tez deyərdi ki, mən xalqımla, ölkəmlə, azərbaycanlı olmağımla fəxr edirəm. H. Əliyev deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam. Əgər hansısa bir namərd gülləsi, hansısa bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.” Vətəninə, millətinə, dövlətinə sədaqətin bundan artıq nümunəsini təsəvvür etmək çətindir.

       Onun ən ali xüsusiyyətlərindən biri də daima quruculuq işləri aparmaq, yaratmaq və qurmaq həvəsilə yaşamaq idi. Nələr yaratmadı, tikdirmədi o Azərbaycanda?! “… dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir”, deyirdi ulu öndər. Heydər Əliyevin rəhbərliyi dövründə iri şərab, konserv zavodları, çay, tütün fabrikləri, böyük suvarma qurğuları və digər müəssisələr tikildi. Kənd təsərrüfatı ən gəlirli sahəyə çevrildi. Ölkədə heyvandarlıq məhsullarının istehsalı 3-4 dəfə, üzüm istehsalı 6 dəfə artdı. Respublikaya güclü texnika, maşın və avadanlıqlar gətirildi. Hər il Respublika o zaman SSRİ-nin ən yüksək mükafatı sayılan keçici bayraqlar və böyük pul mükafatları ilə təltif edildi. Rayonlarda və kəndlərdə böyük abadlıq işləri aparıldı, əhali varlanaraq özlərinə on minlərlə yeni müasir evlər tikdirdi və s. Bütün bunlar Heydər Əliyevin gecə və gündüz gərgin əməyi, dərin zəkası, tələbkarlığı, böyük dövlətçilik təcrübəsi hesabına başa gəlirdi. Keçmiş SSRİ-də hamı onun işinə heyran idi. Heydər Əliyev Moskvada ən böyük vəzifədə işlədiyi dövrdə də daim Azərbaycanı düşünür, ən çətin işlərdə bizə köməklik göstərirdi.

        O, özü üçün də, milləti, xalqı üçün də Azərbaycan adlı abidə qoyub getdi. Tikmədi, qurmadı ki, özü qala, tikdi, yaratdı,     qurdu ki, izi qalsın. Həqiqətən də bu gün ölkəmizin hansı guşəsinə baxsan bu böyük insandan orada bir iz görərsən. Heç vaxt, tarixin heç bir dönəmində silinib pozulmayacaq bir iz! 

       Ulu öndər mərd və çox cəsarətli idi, bütün mürəkkəb vəziyyətlərdə düzgün qərar qəbul edirdi. Bu barədə çoxlu misallar gətirmək olar. Hələ Sovet dövründə Bolqarıstandan türklər kütləvi surətdə qovulanda Sov. İKP MK-nin Siyasi Bürosunda H.Əliyev Bolqarıstanın rəhbəri Teodor Jivkovu kəskin tənqid edərək, onu bu işdən çəkindirməyə dəvət etmiş və buna nail ola bilmişdi.

       Sov. İKP MK Siyasi Bürosunda Mixail Qorbaçovun müsəlman respublikalarına mənfi münasibətindən hiddətlənərək ona qəti etiraz etdi, sonra isə vəzifəsindən istefa verdi.  Xalqımızın faciəli günündə - 21 yanvarda Qorbaçovu ifşa edən Sovet ordusunun vəhşi hərəkətlərinə son qoymağı tələb edərək bəyanatla bütün dünya ictimaiyyətinə müraciət etdi.

       1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Gəncədə hərbi hissədə qiyam qalxmışdı, heç bir rəhbər işçi ora getməyə cəsarət etmirdi. Yalnız Heydər Əliyev Gəncəyə gedərək xalqımızı bu fəlakətdən xilas etdi.

      1994-cü ildə Neft Kontraktlarının – Əsrin müqaviləsinin bağlanması, 1994-cü il oktyabrda, 1995-ci ilin mart hadisələri zamanı indiki dövlətçiliyimizin qorunub saxlanılması Heydər Əliyev cəsarətinin nəticəsidir. 

       Lissabon Sammitində Dağlıq Qarabağla əlaqədar qəti addım atması da dövlət xadimindən çox böyük cəsarət tələb edirdi, o bunu etdi və öz iradəsini bütün Avropa dövlət rəhbərlərinə qəbul etdirdi.

   

      Ölkədə keçmiş Sovet respublikaları arasında ilk dəfə olaraq aqrar islahatların aparılması, bir ictimai quruluşundan digərinə keçməsi yalnız H.Əliyevə nəsib olmuşdur ki, biz indi həmin islahatların nə qədər əhəmiyyət kəsb etdiyinin şahidiyik. O dövrdə aparılan islahatlar ölkəmizin bugünkü inkişafı üçün də böyük imkanlar yaratmışdır. O, hər kəsin nöqsanını onun üzünə açıq deməyi, ona doğru yol göstərməyi, düzəlməyəndə isə onu lazımi tənbeh etməyi bacaran bir dövlət xadimi idi. Heydər Əliyev çox ədalətli bir dövlət başçısı idi. Ona istər rəsmi, istərsə də şifahi müraciət edən sadə insanların şikayətlərinə ciddi baxmağı tapşırar və ona şəxsən nəzarət edərdi. O deyirdi ki, xalq bizə yox, biz xalqa xidmət etməliyik, biz ona görə bu vəzifədəyik ki, bunu xalq məsləhət görüb.

       Heydər Əliyevin yaddaşı haqqında əfsanələr danışmaq olar. Bu insanda necə dəqiq yaddaş var idi. Keçmişdə görüşdüyü adamların adını, soyadını çəkməsi, ilin, günün vaxtının dəqiq göstərilməsi, hansı mövzuda söhbət etməsi, kimə hansı tapşırığın verilməsi və s. barədə eşidəndə insan heyrətə gəlirdi.   O, məharətli natiq idi, sözləri o qədər ardıcıl, sistemli, təkrar etmədən, aydın, sadə, məntiqli ifadə edirdi ki, dinləyəni özünə cəzb edir, düşünməyə vadar edirdi. Onda müsahibini inandırmaq məharəti çox güclü idi, faktlara, rəqəmlərə, həqiqətə əsaslanıb danışardı. Ən əsası odur ki, o, saatlarla heç bir kağıza, yazıya baxmadan danışırdı, sözlər beynində həkk olunmuş kimi səslənirdi, nəticədə nitqi kağıza köçürülərkən, əsl ədəbi dilin nümunəsinə qibtə etməyə bilməzdi.

      Heydər Əliyevdə gözəl insani keyfiyyətləri sadalamaqla qurtarmaq olmaz, o, cəsarətin, ağlın, dərin zəkanın, natiqliyin, ədalətin, əzəmətin rəmzi və təcəssümü idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələrkən ölkədə dramatik bir daxili siyasi vəziyyət mövcud idi. Belə ki, yenicə yaranmış gənc Respublika dağılmaq ərəfəsində olub, dövlət institutları çökmüş, ordu dağılmış, iqtisadiyyat tam tənəzzülə uğramışdı. Ölkənin daxilində separatçı qruplar baş qaldırmışdı.

        Bu dövrdə o, ölkəni, Azərbaycanı fəlakətlərdən xilas etmək üçün böyük siyasi gedişlər etdi. Azərbaycanın MDB-yə daxil olması ilə həm Rusiya, həm də digər keçmiş respublikalarla əlaqələr qura bildi. Qonşu İran, Qərb dövlətləri ilə səmimi münasibətlər yaratdı. Heydər Əliyevin prezidentliyi dövründə təkcə MDB dövlət başçılarının şuralarında 100-dən çox qərarlar qəbul edilmişdir ki, bu da Azərbaycanın həmin dövrdəki tarixinin gələcək illərdə bütün beynəlxalq aləmdə qəbul edilməsi üçün çox böyük əhəmiyyətə malik fundamental tarixi sənədlərdir.

      O, fəaliyyətə başladığı ilk günlərdən hüquqi, demokratik, suveren dövlət quruculuğu, sabitlik xəttini bəyan etdi və axıra qədər buna sadiq qaldı. H.Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi Dağlıq Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi.

     Bu böyük şəxsiyyətin bu gün qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir. 

      Bu gün Azərbaycan dövlətinin sükanı arxasında dayanan hörmətli Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyevin məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Hörmətli cənab İlham Əliyevin gördüyü işlərə nəzər yetirəndə buna tam əmin olursan. O, dəfələrlə bəyan edib ki, Azərbaycan Dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni inkişafa aparan yeganə düzgün yoldur. Xalqımız hörmətli Prezidentimiz İlham Əliyevə inanır və onun siyasi kursunu və şəxsiyyətini dəstəkləyir və dəstəkləyəcəkdir.

   

      Bəli, Heydər Əliyev Azərbaycanı dünənki fəlakətdən qurtardı, bu gününü qurub yaratdı, sabahını da düşündü və bizə böyük miras qoyub getdi. İlham Əliyevin mənəvi zənginliyini, iradi keyfiyyətlərini, azərbaycançılığın inkişafında uğurlara imza atacağını Ulu Öndərin dahilik fəhmi ilə bildirdiyi müdrik fikirlər artıq reallığa çevrilmişdir:

      “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, YAP sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YAP bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 

     Bu dahi uzaqgörənliklə deyilən fikirlər bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında tam reallıqla həyata keçirilmiş, Azərbaycanın müstəqilliyi tamamilə bərpa edilmiş, torpaqlarımız erməni işğalından birdəfəlik azad edilmiş, azad olunan ərazilərdə nəhəng bərpa işləri həyata keçirilməkdədir.

     Cənab İlham Əliyevin gördüyü işlər Azərbaycan tarixində qızıl hərflərlə yazılacaqdır. Əlbəttə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən xariqələr tarixçilər, alimlər, müxtəlif yazarlar tərəfindən uzun illər, əsrlər ərzində ətraflı olaraq yazılacaqdır. Bütün bunlar onu göstərir ki, Heydər Əliyevlə İlham Əliyevi ayrı düşünmək olmaz. Heydər Əliyev özü olmasa da, Azərbaycana ən gözəl hədiyyəsini vermişdir.

       Onun həyatı hər bir azərbaycanlı üçün böyük örnəkdir. Tarix belə nadir şəxsiyyətlər yaradır və onlar heç vaxt unudulmur.

       Odur ki, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var – demək Heydər Əliyev də tarixdə qalacaqdır. 

                                                                                                 

                                                  İmran Əbilov

             Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü





 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi