Milli Qəhrəmanın doğum günüdür

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb. Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir. 2001-ci ildən başlayaraq İlqar döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidmət edir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edir. O, 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurur. Təhsilini başa vurduğdan sonra mayor İlqar 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edir. Daha sonra isə o, 4 il ərzində - 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsini tutur. 2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayırlar. Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalır. Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin komandiri olan İlqar cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Həmin döyüşlərdə "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilir. İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alır.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur. İyulun 12-dən 13-nə ötən gecədə dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edir. 3-cü Ordu Korpusunun qərargah rəisi Polad Həşimov və artilleriya rəisi İlqarın da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olur. Onlardan biri də polkovnik İlqar Mirzəyev idi. İlqar II Fəxri xiyabanda dəfn olunur.Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İlqar Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Şəhid polkovnikin bir oğlu və bir qızı yadigar qalıb. Oğlu Elvinin atası haqqında dedikləri: “Atamın ən böyük arzusu Şuşaya getmək idi. Şuşa azad olunanda atamın məzarını ziyarət etdim və dedim, ata, ruhun şad olsun, uğrunda vuruşduğun, canını fəda etdiyin torpaqlar geri alındı”. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilmişdir. Bu gün İlqarın ruhu şaddır. 44 günlük Vətən müharibəsində sanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.