lider-media.az

Dağıdılan, yer üzündən silinən abidələrimiz

Baxış sayı: 94 Tarix: 18-04-2024, 11:48



18 Aprel... Beynəlxalq Abidələr və Tariixi Yerlər Günü. 1983-cü ildə UNESCO tərəfindən təsis edilən bu günün məqsədi insanların diqqətini abidə və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bəs, gəlin görək bu tarixi yerlər kifayət qədər qorunurmu? Xalqımızın illər uzunu qoruyub saxladığı mədəni abidələrimiz təəssüf ki, zaman-zaman ermənilər tərəfindən dağıdılıb. Onların Azərbaycan mədəni irsinə qarşı törətdiyi vandallığa, silinmiş abidələrimizin acı taleyinə dünya ictimaiyyəti biganə qalmamalıdır. Axı, bu abidələr bəşəri nümunələrdir...

     “Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar?..”

     Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin noyabrında işğaldan azad edilmiş Ağdam şəhərində olarkən bildirib.

    Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq əsrlərdir ki, Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsi məhv etmək siyasəti həyata keçirir. Bu ölkə tərəfindən təkcə 30 ilə yaxın işğal altında olan ərazilərimizdə deyil, həm də Ermənistanda xalqımıza məxsus abidələr, məscidlər dağıdılıb. Məqsəd isə Ermənistan ərazisində Azərbaycan izini tamamilə silmək  olub.

     1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub.

     Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 67 məscid,  çox sayda memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb, Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması  prosesi  90-cı illərdən sonra geniş vüsət alıb və bu  siyasət işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparılıb.

     Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri Azərbaycanın 7 rayonunu işğal edərək, 1 milyon insanı yurd-yuvasından didərgin salıb. Ermənistan tərəfindən işğala məruz qalan ərazilərimizdəki qədim tarixi, mədəniyyət abidələrimiz isə 30 il ərzində erməni vandalları tərəfindən məhv edilib. Torpaqlarımızı azad etdikdən sonra bütün dünya bu vəhşiliyin  əyani şahidi oldu. Azərbaycan əsgərlərinin Füzuli şəhərini azad etdikdən sonra bayrağımızı sancmağa salamat bina tapmaması faktı deyilənlərin sübutudur.

         İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzeyin sərvətləri və eksponatları talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib.

     Ermənistan ərazisində yerləşən 300-dən çox məscid, o cümlədən, Göy məscid, Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib xan məscidi, Hacı Novruzəli bəy məscidi, Dəmirbulaq məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi XX əsrin əvvəllərində qəsdən dağıdılıb, mənimsənilib və ya başqa məqsədlər üçün istifadə edilib.

     Qədim Azərbaycan şəhəri olan İrəvanın tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu kimi qalan məkan Təpəbaşı məhəlləsidir. İrəvan şəhəri  qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azarbaycanlılar yaşayıblar. Təpəbaşı Zəngi çayı ilə Şəhər məhəlləsinin arasındakı təpəlikdə yerləşıib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb. Məhəllə İrəvanın qərb hissəsində yerləşir. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində  374 nəfər irandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində Azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bulağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar.  Bu gün belə bir tarixi abidənin – Təpəbaşının məhv edilməsinə dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Çünki bu abidə dünya mədəni irsinin bir hissəsidir.

     Qeyd edək ki, Azərbaycanın dövlət başçısı dəfələrlə beynəlxalq tədbirlərdə bu mövzunu diqqətə çatdırıb. 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılmışdı. Azərbaycan cəmiyyəti UNESCO missiyasından gedəcəyi ünvanlardan biri kimi Təpəbaşı məhəlləsinə baş çəkməsini gözləyirdi Təəssüf ki, bu, baş vermədi.

     XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da xarici qonaqlara “fars məscidi” kimi təqdim edirlər.

     Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus  toponimlərə qarşı da soyqrım həyata keçirmişlər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirmişlər. Özlərini dünyaya “qədim xalq”,  “mədəni xalq” kimi təqdim edən ermənilər, həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq “nümunəsi” göstəriblər.

     Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil.  Talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

     Əhaliyə vurulmuş mənəvi psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Azərbaycan ordusunun müzəffər yürüşü torpaqlarımızla yanaşı, qismən salamat qalan tarixi abidələrimizi də zülm və istibdaddan azad etdi. Lakin heç bir cinayət cəzasız qalmadığı kimi, ermənilərin mədəni irsimizə qarşı törətdiyi cinayət də cəzasız qalmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi