lider-media.az

Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunədir

Baxış: 52 Tarix: 17-04-2025, 10:11

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.

Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya kimi formatlar rəsmi Bakının təşəbbüsü ilə yaranıb və olduqca səmərəli şəkildə fəaliyyət göstərir. Bu əməkdaşlıq formatları regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasətindən bilavasitə asılıdır. Bu baxımdan, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, bu iki ölkə qonşu və dost, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. ... Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik".

1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. İki ölkə arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin səviyyəsini göstərir. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə sahələri üzrə əməkdaşlığı əhatə edir. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan Prezidenti Eduard Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verib.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında" Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl nümunədir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri yeni keyfiyyət çalarları ilə zənginləşir.

Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanır. Ölkələr arasında ticarət dövriyyəsi son illərdə daha da artır və hazırda əmtəə dövriyyəsinin həcmi 600 milyon dollardan çoxdur. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 1-ci yerdədir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu, onu göstərir ki, hökumətimizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini yatırırlar. Bütövlükdə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açır.

Bununla yanaşı, Azərbaycan Gürcüstanla birlikdə "yaşıl enerji" layihələrini də həyata keçirir. Bu gün "yaşıl enerji" bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür. Orta Dəhliz layihəsində ölkələrimiz yaxın tərəfdaş kimi fəaliyyət göstərirlər. Dövlət başçısı İlham Əliyev əminliklə ifadə etdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Bu da böyük coğrafiyanı əhatə edən layihədir. Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasında körpü hesab olunur.

İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi diqqət çəkir. Paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, ulu öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: "Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək".

Strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıqdır. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq müzakirə edilir, həmçinin regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir. Bu ilin yanvar ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi köklərə söykənən əlaqələrinin geniş təhlilinə imkan yaratdı. Bu səfərin özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu, Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana olması iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu səfər İrakli Kobaxidzenin son 10 ayda Azərbaycana üçüncü səfəridir. Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verdi. Səfər çərçivəsində Orta Dəhliz layihəsi də əsas müzakirə mövzusu oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Azərbaycana, Prezident İlham Əliyevə etimadını bu fikirlərlə ifadə etdi: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir".

Şanlı 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər. Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Bu baxımdan, Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunə göstərilir. Azərbaycan qardaş Gürcüstan dövlətinin inkişafına, orada əmin-amanlığın və firavanlığın təmin olunmasına həmişə öz töhfəsini vermişdir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizləri ilə Azərbaycana bağlı olan Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və hər iki dövlətin birgə fəaliyyət göstərməsi region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də Gürcüstan Prezidentinin ölkəmizə səfəri tarixi hadisədir və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi