Heydər Əliyev Beynəlxalq Aeroportu TOSC iclasında iştirak etdi
Heydər Əliyev Beynəlxalq Aeroportunun nümayəndə heyəti süni intellektin turnaround əməliyyatlarına (təyyarənin enişi ilə növbəti uçuşu arasındakı yerüstü xidmət dövrü) tətbiqi, aeronaviqasiya xidmətləri ilə rəqəmsal koordinasiya və perron təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan müzakirələrdə fəal iştirak edib.
Əsas diqqət uçuş-enmə zolağından çıxma hallarının qarşısının alınmasına və insan amilinin azaldılmasına yönəlib. Bu kontekstdə xüsusi texnika sürücülərinin peşəkar hazırlığı və əməliyyat risklərinin azaldılması üzrə qabaqcıl yanaşmalar təqdim olunub.
“TOSC forumu sadəcə bilik və təcrübə mübadiləsi üçün məkan deyil. Bu, aviasiyada təhlükəsizliyin gələcək standartlarının formalaşdığı platformadır. Biz yalnız mövcud təcrübələri mənimsəməklə kifayətlənmir, eyni zamanda bu prosesin bir hissəsi olmağa çalışırıq,” – deyə hava limanının uçuşların təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə bildirib.
Forum çərçivəsində TOSC-un növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib. Bu təşəbbüs Azərbaycanın qlobal aviasiya ekosisteminin inkişafına verdiyi töhfənin və Bakı şəhərinin yeni nəsil nəqliyyat qovşağı kimi artan rolunun tanınması baxımından əlamətdar addımdır.
Qeyd edək ki, 2024-cü ildən etibarən Bakı və Gəncə beynəlxalq hava limanları Avropa hava limanlarının ən böyük assosiasiyası olan “ACI Europe”-in rəsmi üzvləridir.