Bodrum - Türkiyənin cənnət guşələrindən biri
İlin fəsillərindən asılı olmayaraq, Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Tanrı sanki Türkiyəni bir cənnət olaraq yer üzünə bəxş edib. Məşhur səyyah Övliya Çələbi öz əsərlərində yazırdı: “Bu bölgə (Türkiyə) sanki cənnətdir. Dünyanın çox ərazisini gəzsəm də anladım ki, cənnət yalnız buradır”.
Hər daşı bir tarix olan Türkiyə dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən cənnət sayılacaq bölgələrdən biri Bodrumdur. Qədimliyi və müasirliyi özündə əks etdirən Bodrum bu gün turistlərin ən çox axın etdiyi ərazidir.
Gözəl təbiəti, dənizlə təması, tarixi abidələrlə zənginliyi Bodruma turizm axının artmasına səbəb olur. Dəniz suyunun şəffaf və gözəl olması, yerləşmə zonasının füsunkar olması səbəbindən dünyanın bütün ölkələrindən turistlərin Bodruma səfər etməsinə gözəl imkan verir. Məhz bu səbəbdəndir ki, Bodrum bu gün Dünya Turizm Agentliyinin siyahısında turist axınına görə öndə gedən bölgələrindən biridir.
Muğla vilayətinin 13 rayonundan biri olan Bodrum beynəlxalq hava limanına yaxındır. Hava limanından Bodruma olan məsafəsi cəmi 35 km-dir. Həmçinin Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi körpü də mövcuddur.
Olduqca qədim tarixə malik olan Bodrumda çoxsaylı tarixi abidələr var. Heredota görə Bodrum Dorlar tərəfindən qurulub. Daha sonra Karya və Lelegler bu bölgəyə yerləşiblər. Miladdan əvvəl 650-ci ildə megeralılar gələrək şəhəri genişləndirib, adını da Halikarnassos olaraq dəyişdiriblər.
Halikarnassos ən parlaq dövrünü miladdan əvvəl 353-ci ildə Karya bölgəsinin paytaxtı olduqda yaşayıb. Dünyanın yeddi möcüzəsindən biri olan mavzoley bu dövrdə Kral Mausolosun xatirəsinə bacısı və eyni zamanda arvadı olan Artemisia tərəfindən inşa edilib.
Bodrum miladdan əvvəl 192-ci ildə romalılar tərəfindən işğal edilir. Ancaq romalılar öz mədəniyyətlərini bu şəhərdə əxs etdirə bilməyib. Miladdan sonra 395-ci ildə bizanslıların, XI əsrdə osmanlıların himayəsinə keçib. Birinci səlib döyüşlərində bizanslıların, XIV əsrdə təkrar türklərin, 1415-ci ildə Rodos cəngavərlərinin əlinə keçib. 1522-ci ildə Qanuni Sultan Süleyman dövründə təkrar Osmanlı İmperatorluğuna ərazisinə daxil edilib.
Bodrum Qalası
Bodrum Qalası iki liman arasında, üç tərəfi dənizlərlə əhatəli qayalıq bir yarımada üzərində inşa edilib. Şimali cəhətdən quruya bağlıdır. Qala ğlçüləri 180 x 185 metr əhatə edir. Ən yüksək yeri dəniz səviyyəsindən 47,50 metr yüksəklikdəki Fransız Qülləsidir. Bu qüllədən başqa İngilis, İtalyan, Alman qüllələri ilə Yılanlı qüllə olmaq üzrə dörd qüllə daha var. Qalanın şərq divarı xaricində qalan hissələri, cüt bədən divarı ilə bərkidilib.
Bodrum qalasının divarlarında 249 gerb var. Bundan başqa 16 gerb də muzey bağçasında sərgilənir. Fransız qülləsinin şimal-şərq üst küncündəki bayraq üzərində, şərq divarı, seyirdim yolunun Fransız qülləsinə baxan tərəfində, Sen Katerin kabartmasında rəng izlərinə rast gəlinməkdədir.
Mavzoley
Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən Mavzoleyin inşasına Karya Satrabı Mavsolos vaxtında (təxmini miladdan əvvəl 355-ci il) başlayıb, onun ölümündən sonra həyat yoldaşı olan Artemissia tikintini davam etdirib.
Bu əsər İon nizamında 36 sütunun bəzədiyi orijinalı 46 metr yüksəkliyində olan və təpəsində bir zəfər tagı olan 21 pilləli bir piramidanın taclandırdığı nəhəng bir abidə məzardır.
Miladdan sonra 13-ci əsrə qədər qorunan antik məzar əvvəl bir zəlzələ nəticəsində dağılsa da, daha sonra bu daşları Bodrum Qalasının inşasında istifadə edilib. Bundan başqa bu məzara aid bir çox qabartma və heykəllər 1856-ci ildə ingilis arxeoloq C.Nyuton tərəfindən Britaniya Muzeyinə aparılıb. Buna görə bu anıta aid əsərlərin çoxu British Museumda, ancaq çox az bir qisimi Bodrumda sərgilənir.
Antik teatr
Helen dövründən günümüzə gələn əhəmiyyətli tarixi abidələrdən biridir. 3 əsas hissədən ibarətdir. Bunlar səhnə, orkestra və oturma yeridir. Bina uzun düzbucaqlı bir quruluşdur. Hər iki ucda oyunçuların girəcəyi bir qapı vardır. Bunlardan başqa 3 əsas giriş qapısı var. 1973-ci ildə edilən qazıntılardan sonra açıq hava muzeyi olaraq qorunur.
Bodrumda ən çox sevilən tarixi abidələrdən biri də Mindos Qapısıdır.
Halikarnassosun iki giriş qapısından biri olan Mindos Qapısı Bodrumun Qərb tarafındadır. Bu gün ancaq bu qapının qalıqları qalıb. Tarixi araşdırmalara görə, Böyük İskəndər şəhəri mühasirəyə alarkən miladdan əvvəl 333-ci ildə bu qapıdan daxil olub.
Tarixçilər qeyd edirlər ki, İsgəndər çox çətin bir müqavimətdən sonra şəhəri fəth edib və mavzoley xaric bütün şəhəri məhv edir. Tarixi abidələr və müasir otellərlə zəngin olan Bodrum turistlərin ən sevimli məkanıdır.