İstanbul Sənaye Palatasında təmsil olunan iş adamları Azərbaycanın biznes imkanları ilə tanış olublar
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Nümayəndə heyəti ölkəmizin əlverişli işgüzar mühiti ilə tanış olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində önəmini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə əlavə imkanlar açır. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir. Ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.
Görüşdə aparılan müzakirə zamanı İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqi, investisiya, potensial layihələrin icrası, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirən strateji tərəfdaşlıqları inkişaf etdirmək biznes tərəfdaşlığımızın başlıca prioritetlərindəndir.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin və İstanbul Sənaye Palatasının təşkilatçılığı ilə ölkəmizə səfər edən 100-ə yaxın iş adamına Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sahibkarlar üçün tətbiq olunan güzəştlər, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qonaqlar, həmçinin Sumqayıt Sənaye Parkında müəssisələrin fəaliyyəti və sənaye zonalarında işbirliyi imkanları ilə tanış olublar.
Qeyd edək ki, 1952-ci ildə təsis edilən İSO Türkiyənin ən böyük sənaye təşkilatıdır. Baş qərargahı İstanbulda yerləşən İSO-nun əsas vəzifələri sənaye müəssisələrinin maraqlarını qorumaq və onları təmsil etmək, sənayenin inkişafına dəstək vermək, bu sahədə yerli və beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də üzv şirkətlərə təlim, məsləhət və xarici ticarət dəstəyi göstərməkdir. Hazırda tekstil, maşın və avadanlıqlar, kimya, qida və digər sektorlarda fəaliyyət göstərən şirkətlər də daxil olmaqla İSO-nun 24 minə yaxın üzvü var.