Vətənin ən gənc şəhid oğlu
Zamin Vətən müharibəsinin ən gənc şəhidlərindən biridir. Bu işıqlı həyada cəmi 18 il yaşadı. Elə yaşadı ki... Yaddaşlara əbədi qəhrəman bir gənc kimi həkk olundu. İndi təkcə Sündü kəndinin deyil bütün xalqın qəhrəman şəhid oğludur. İgid, vətənpərvər gəncin həyatına düşmən nöqtə qoysa da Vətən sevgisi, həyatda qoyduğu izlər heç vaxt silinməyəcək.
Zamin Zülfüqar oğlu Ağayev 11 May 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş və ailəsi ilə birgə 2003-cü ildə Binəqədi rayonunun Binəqədi kəndinə köçmüşdür. 2008-ci ildə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Zamin oxuduğu məktəbdə davranışı, hərəkətləri ilə müəllimlərinin və dostlarının sevimlisi idi. Məktəbi bitirdikdən sonra 2017-ci ildə Abşeron rayon Ceyranbatan Peşə liseyinə qəbul olmuş və 2020-ci ildə yaxşı qiymətlərlə bitirmişdir.
14 İyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsindən həqiqi hərbi xidmətə yollanmışdı. O, hərbi xidmətin ilk günlərindən komandir və rəislərinin bütün tapşırıqlarını yerinə yetirmiş və nümunəvi əsgər kimi kollektivin rəğbətini qazanmışdı. Zamin və əsgər yoldaşları Vətən müharibəsi başlanan ilk gündən-27 sentyabrdan döyüşlərə qatılmışdır. Döyüşlərdə igidlik göstərən Zamin düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. O öz igidliyini Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə bir daha sübut etdi. Zamin Vətən müharibəsinin ən qızğın dövründə-20 oktyabr 2020-ci ildə öz silahdaşını xilas edərkən baş nahiyəsindən qəlpə yarası almışdır. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 23 oktyabrda Şəhidlik Zirvəsinə ucalmış və doğulduğu Sündü kəndində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Zamin Ağayev ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.