Mina probleminə qarşı mübarizənin gücləndirilməsinə etiyac duyulur
Ermənistanın 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirib, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, qəbiristanlıqları, əkin sahələrini belə qarış-qarış minalayıblar.
Ümimilikdə bu bəşəri bir problemdir. Böyük Vətən Müharibəsindən 80 il ötsə belə son illərə qədər bəzi ölkələrədə istifadə edilmiş müxtəlif sursatlar qazıntılar zamanı aşkar olunuraq zərərsizləşdirilir. Sözsüz ki, Azərbaycan vaxtilə mənfur Ermənistanın işğalına görə dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Torpaqlarımızın demək olar ki hər qarışında sıx və ikiqat minalar, həmçinin tələ məftillərindən istifadə etməklə minalar basdırılıb. Minalanmış bölgələr abadlıq-quruculuq işləri ilə yanaşı bu həm insanların həyatı üçün təhlükəli, həm də torpaqların müxtəlif təyinatı üçün istifadəsinə mane olur. Dövlətimiz isə bu istiqamətdə planlarını davam etdirir. Qarabağ torpaqları işğaldan azad edilən kimi ilk olaraq minatəmizlənmə işlərinə başlanıldı. Mütəxəssislərin fikri isə ilk andan belə idi: bu problemin həllinə uzun illər və külli miqdarda vəsair tələb olunur. Hətta bildirilirdi ki, bunun üçün sərf olunacaq vəsaitlə bir neçə şəhər salmaq mümkündür.
Prezident İlham Əliyev çıxışlarının birində demişdir: ”Minatəmizləmə həm də yenidənqurma üçün ən böyük maneədir, çünki minalardan təmizlənmədən biz nəinki insanları, hətta texnikanı daşıya, nə də yol çəkə bilərik. Resurslarımız məhduddur. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyimizdə kadrların sayını artırırıq. Eyni zamanda, Müdafiə Nazirliyimizdə minatəmizləyənlərdən ibarət bir neçə hərbi hissə yaratmışıq, amma yenə də bu, kifayət deyil. ... Hər il biz minatəmizləmə agentliyinə büdcəmizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq. Yetərli deyil, lakin artırmırıq. Səbəbi maddi imkanımızın olmaması deyil, əslində, təlimləndirilmiş heyətin çatışmazlığıdır, çünki küçədən adam göndərə bilmirsən. Bu, təhlükəli işdir. Yaxşı hazırlıq keçməlidirlər.”
Bu gün ANAMA işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də zəruri tədbirlər yerinə yetirir. Bu istiqamətdə işləri uğurla davam etdirilir və Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Bu qurumlar azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini uğurla davam etdirir və mütəmadi olaraq insanların təhlükəsizliyi üçün çalışırlar.
Əfsuslar olsun ki, minalardan təmizlənmə səylərinə baxmayaraq, istər mülki şəxslər və ANAMA əməkdaşları mina partlayışları nəticəsində yaralanır və yaxud həyatlarını itirirlər. Hazırda mina müharibəsi, əslində terroru bugün də davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb zərər çəkənlər yüzlərlədir. Bir neçə ay mina parlayışı səngisə də Ağdam rayonunun Çəmənli kəndi ərazisində bu ilin aprelin 2-də mina hadisəsi baş verdi. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Bir neçə gün öncə aprelin 6-da işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub. Qeyd edək ki, Heybət Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır. Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub. Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Elə həmin gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumata görə işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində növbəti mina hadisəsi baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Həmçinin 2012-ci il təvəllüdlü D. Məmmədova hər iki aşağı ətraf və döş qəfəsinin, 2014-cü il təvəllüdlü E. Məmmədov şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Mina partlayışında xəsarət alan hər iki şəxs Səbuhi Məmmədovun övladlarıdır. Daha bir acı xəbər isə aprelin 7–də aldıq. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır! Odur ki, insanların mina təhlükəsinə dair maarifləndirilməsinə, minalara qarşı mübarizənin gücləndirilməsinə etiyac duyulur. Belə ki, minatəmizləmə işlərinə həsr etdiyimiz yazılarımızda dəfələrlə bu mövzuya toxunulubdur.
Bütün bunlarla yanaşı dünya ictimaiyyəti də bu məsələyə biganə qalmamalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi də aprelin 6-da baş verən mina partlayışı ilə əlaqədar sosial şəbəkə hesablarında beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: “Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN qeyd edib.