Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib
Komitənin üzvü Nizami Səfərov bildirib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Həmçinin apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.
İclasda deputatlar Kamal Cəfərov və Bəhruz Məhərrəmov ölkədə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər, öz təklif və qeydlərini səsləndiriblər.
Sonra komitə sədri Əli Hüseynli bildirib ki, məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.
Müzakirələrin sonunda gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Erkin Qədirli, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.