Aprel döyüşləri xalqımızın mübarizə əzmini dünyaya nümayiş etdirdi
Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpasına nail olmasıdır. Bu, Zəfər salnaməsi - Qələbə dastanı, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Şanlı tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsinin böyük Zəfərlə başa çatması ilə 30 illik işğal altında qalan torpaqlarımız azad edilib və qədim yurdumuz Qarabağa Böyük Qayıdışın əsası qoyulub. Aydındır ki, böyük Zəfərə gedən yol heç də asan olmayıb və böyük güc, qüdrət, əzm hesabına əldə edilib. Bu Zəfərin başlanğıcı məhz Aprel döyüşlərindən başlayıb.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu Azərbaycan mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun bölmələri tərəfindən azad olunub, aprelin 4-də Ermənistan itirilmiş mövqelərini geri qaytarmaq üçün əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 5-də ordumuz Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5təkərli texnikasını sıradan çıxarıb. Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılaşmaya əsasən həmin gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq, Ermənistan aprelin 5-də Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qüvvələri qarşı tərəfi dəqiq cavab atəşi ilə susdurub, eyni zamanda Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri düşmənin mühəndis-istehkam qurğusunu darmadağın edib.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətindəki yollar azad edilib. Dörd gün davam edən Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüblər, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlarda münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə olunub.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. 320-dən artıq hərbiçisi məhv edilib və 500-dən artıq yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib.
Aprel döyüşləri bir neçə il sonra əldə ediləcək tarixi Zəfərin hərbi-siyasi təməlini qoydu. Azərbaycan Ordusu güclü, qüdrətli, yenilməz, xalqımız qəhrəman, əzmkardır. İşğalla heç vaxt barışmayacağımızı, Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet məsələ olduğunu da bir daha təsdiqlədi. Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı miflər, əfsanələr darmadağın edildi. Prezident İlham Əliyev Aprel döyüşlərindən danışarkən demişdir: “Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax bu nəticələrə gətirib çıxarır”.
Aprel döyüşləri xalqımızın vətənpərvər, igid oğullarının müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdi. Bu döyüşlərdəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi. Aprel döyüşləri zamanı qəhrəmanlıqları ilə fərqlənən peşəkar hərbçilər general Mais Bərxudarov və polkovnik Şükür Həmidov 2020-ci ilin payızında torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin yenidən ön sırasında idilər. Qeyd edək ki, Aprel döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidov 44 günlük Vətən müharibəsində ata yurdu Qubadlıyadək şanlı döyüş yolu keçərək məhz doğma kəndinin yaxınlığında qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olduq. Zabit və əsgərlərimiz cəbhədə öz canları-qanları bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldilər. Bu gün istər Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən oğullarının, istərsə də İkinci Qarabağ müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi uca tutulur, onların, qazilərimizin qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır. Onlar Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdilər!
Nurəngiz Adilqızı.