lider-media.az

Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılmış Aprel döyüşləri  

Baxış: 202 Tarix: 2-04-2025, 11:31

 “Aprel döyüşləri,-mən bunu əvvəllər də qeyd etmişdim,-hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. ... Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. ... Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək.” Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə 31 mart 2017-ci il tarixli görüşündəki nitqindəndir.

Bəli, Prezident, Ali Baş Komandan cənab İlham  Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz, məğrur xalqımız torpaqlarımızın işğal altında olması ilə barışmayaraq Aprel döyüşlərindən dörd il sonra arzusuna çatdı.

Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Aprel döyüşləri Şanlı Vətən müharibəsində Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Ordumuzun və xalqımızın Böyük Qələbəyə inamını və əzmini daha da artırdı. Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı yağı düşməndən təmizlədi. Cəmi 44 günə ölkəmizin ərazi bütövlüyünü təmin olundu.

2016-cı il aprelin ilk günlərində ön xətt mövqeləri və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad edildi.

 Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Təmas xəttinə yaxın yaşayış məntəqələrimiz intensiv atəşə tutsa da, peşəkar ordumuzun şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. 

Həmçinin əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Nəticədə erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Düşmınin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni, 19 hərbçimiz "Vətən uğrunda" medalı, 43 nəfər "İgidliyə görə" medalı, 45 nəfər "Hərbi xidmətlərə görə" medalı, 2 nəfər isə "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı.

 Aprel qələbəsinin ardınca 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər də uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı.

Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdilər. Aprel döyüşlərindəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi.

Bu gün işğaldan azad edilmiş ərazilərimizin səmasında üçrəngli bayrağımız qürurla dalğalanır. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olundu. Zabit və əsgərlərimizin hər biri cəbhədə öz canları-qanları bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə-şəhidlik zirvəsinə yüksəldi. İstər, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş oğulların, istərsə də Vətən müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu daim yaşadılır, onların, qazilərimizin qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi