Beynəlxalq Çaylar Günü: çaylarımızı qoruyaq, gələcəyimizi təmin edək!
14 mart ekoloji təqvim günü olaraq Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günü kimi qeyd olunur. Bu gün dünyanın su ehtiyatlarının qorunması, çayların ekoloji vəziyyətinin yaxşılaşdırılması və çay hövzələrində yaşayan insanların hüquqlarının müdafiəsinə həsr olunur. 1998-ci ildən qeyd olunan Beynəlxalq Çaylar Günü ekoloji təqvim günü kimi beynəlxalq ictimai diqqəti planetimizin ən vacib ekosistemlərindən biri olan çayların ekoloji problemlərinə yönəldir. Çaylar içməli su, kənd təsərrüfatı, sənaye və enerji istehsalı üçün əsas mənbədir, həmçinin biomüxtəlifliyin qorunmasında, iqlim dəyişməsi ilə mübarizədə mühüm rol oynayır.