Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr olunmuş elmi konfrans
Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Elm günü”nə həsr olunmuş “Ali təhsil müəssisəsində iqtisadi tədqiqatlar: problemlər və perspektivlər” mövzusunda elmi konfrans təşkil edilib.Universitetdən bildirilib ki, tədbirdə universitetin professor-müəllim heyəti iştirak edib. Konfransın moderatoru MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayev çıxış edərək, elmi tədqiqatların ali təhsildəki əhəmiyyətinə toxunub.
Konfransda MDU-nun müəllimi, İqtisadi Tədqiqatlar Mərkəzinin üzvü Saqib Məmmədov “Regionların elmi və iqtisadi potensialının reallaşdırılmasında tədqiqat mərkəzlərinin rolu və əhəmiyyəti”, MDU-nun dosenti, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Məmmədli “Ali təhsil müəssisələrində İqtisadi Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətləri: Mingəçevir Dövlət Universitetinin timsalında”, MDU-nun baş müəllimi, İqtisadi Tədqiqatlar Mərkəzinin üzvü Yeganə Məmmədli “İqtisadi tədqiqatların gücləndirilməsində kadr potensialının rolu”, MDU-nun müəllimi, İqtisadi Tədqiqatlar Mərkəzinin üzvü Aytən Nadirova “Ali təhsil müəssisələrində elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi” mövzularında məruzələri ilə çıxış ediblər.
İştirakçılar ali təhsil müəssisələrində iqtisadi tədqiqatların inkişafı və tədqiqat mərkəzlərinin rolu barədə geniş müzakirələr aparıblar. Təqdim olunan məruzələr və müzakirələr nəticəsində iqtisadi tədqiqatların perspektivləri və problemləri ilə bağlı bir sıra tövsiyələr irəli sürülüb.