lider-media.az

Vətənin ən gənc şəhidlərindən biri

Baxış: 126 Tarix: 14-03-2025, 11:04

Pəncalı Hüseynov da Vətənin ən gənc şəhidlərindən biridir. Cəmi 19 il yaşadı. Qısa ömür sürsə də adı dillər əzbəri oldu. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da hər kəsə tanıtdı. Neçə-neçə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Belə qəhrəman Vətən övladlarından biri də əsgər Pəncalı Hüseynovdur. 7 may 2001-ci ildə Neftçalanın Qaralı kəndində doğulub. 2007-2018-ci illərdə 2-ci Qaralı kənd orta məktəbində təhsil alıb. Xoş rəftarı, mülayim xasiyyətiylə həm məktəbdə, həm də çevrəsində hər kəsin sevgisini qazanıb.

Hələ uşaqlıqdan xoş rəftarı, yüksək mədəniyyəti ilə onu tanıyan hər kəsin böyük sevgisini qazanmışdı. Yaşadığı kənddə hər kəs onu mərd, cəsur oğul kimi tanıyırdı. Məktəb illərində dərs tapşırıqlarını həll edib, boş vaxtlarında valideynlərinə kömək edərdi. Beləcə Pəncalı ailəsinə dəstək olmağı balaca yaşlarından öyrənmişdi.

 N saylı hərbi hissədə xidmətə başlayan Pəncalının təlimlərdə, hərbi hissə daxilində davranışlarına görə 2 dəfə ailəsinə təşəkkür məktubu göndərilir. Hərbçi olmaq istəyən Pəncalı sənədlərini də təqdim etmişdi. Avqust ayında türkiyəli və azərbaycanlı hərbçilərin birgə təlimlərində snayper kimi iştirak edib. 2020-ci il 27 sentyabrda Vətən müharibəsi başlanarkən ilk gündən döyüşlərə qatılıb. Murov-Kəlbəcər uğrunda vuruşub və sentyabrın 28-də şəhid olub. Cənazəsi 2 oktyabrda kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra Pəncalı Hüseynov "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. 

Atası Bəhmən Hüseynov: Oğlum çox zəhmətsevər idi. Həmişə oğul olaraq arxamda bir böyük kimi dayanmışdı. Arzuları çox idi. Əsgər getməzdən öncə ona toy kimi yolasalma mərasimi keçirdim. 2019-cu il 2 iyulda hərbi xidmətə yollandı. Getməzdən 1-2 gün öncə anası və bacısı ilə söhbət edirmiş. Deyib ki, müharibə olsaydı, gedib erməni mənfurlarını qırıb şəhid olardım. Anası deyib ki, müharibə arzulama. Pəncalı da deyib, ölsəm, əmimdən artıq deyiləm ki".

Pəncalının əmisi 1-ci Qarabağ savaşında Ağdərə istiqamətində şəhid olub. O, dilbər guşələrimizin işğal altında qalması ilə heç vaxt barışmırdı. Arzusu əmisinin və minlərlə şəhidimizin qanını erməni qəsbkarlarından almaq idi. Hərbi xidmətə yollananda da bu arzusunun ardınca gedib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirən Pəncalı ötən ilin avqustunda türkiyəli hərbçilərlə birgə keçirilən təlimdə sərrast snayperçi kimi iştirak edib.

Pəncalı Hüseynovlar ailəsinin altı övladından biri idi. O, bacılarını çox sevər, həmişə onların qulluğunda dayanar, köməyini əsirgəməzdi. Şəhidin bacısı Şərafət Hüseynovanın xatirələrindən: “Qardaşım həmişə bizə dəstək olurdu. Baxmayaraq ki, yaşı az idi, evimizə dəstək olurdu. Çox zəhmətkeş qardaş idi. Həmişə qardaşımın sinəsində XTQ hərflərini görəndə fəxr edirdim. Bu gün də fəxr edirəm, qardaşım adını tarixə yazdı”.

Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Pəncalı kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi