
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Emil Şıxəliyev 10 mart 1998-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. Orta təhsilini Gərmətük qəsəbə tam orta məktəbində başa vurub.
Emil Şıxəliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Emil Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi (digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, aşağı ortanın qarın hissəsinin travması) nəticəsində oktyabrın 22-də şəhid olub.
Şahin Şıxəlizadə oğlu ilə sonuncu dəfə oktyabrın 18-də danışdığını deyib: "Mən də müharibə əsgəri idim. Mənə dedi ki, "Ata, bu müharibə o müharibə deyil. Bizim müharibə Qələbə müharibəsi olacaq".
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin mmüvafiq sərəncamları ilə Emil Şıxəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.