ƏN YÜKSƏK QİYMƏTƏ LAYİQ QADINLAR
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü kimi elan edilib. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını zamanın bütün dövrlərində mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına məhəbbəti ilə, müqəddəs ana şərəfini uca tutaraq gələcək nəsillər üçün əsl örnək olub. Bu gün də Tomris, Nüşabə, Nigar, Həcər qeyrətli qadınlarımız tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır, 8 Mart Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər.
Xalqımızın dərin hörmət və ehtiram bəslədiyi Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları dərin zəkası və tükənməz daxili potensialı ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınların hüquqları tam təmin olunub. Bu gün respublikamızda dövlət qadın siyasəti, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Cəmiyyətimizdə, ictimai-siyasi sahədə, dövlət quruculuğunda yorulmadan çalışan qadınların arasında bacarıqlı siyasətçilər, iş adamları, dövlət məmurları da az deyil. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək hörmət qazanan birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir.
Ali Baş Komandan, Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanan Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində, sosial layihələrin gerçəkləşməsində böyük əməyi var. Mehriban xanım Əliyeva daim həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Qürurlu haldır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verən qəhrəman qadınlarımızla birlikdə çəklilir.
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nın xoşməramlı səfiri, Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Bəli, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadınlar həyatın mənası və əbədi gözəlliyidir. Zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə xalqımızın adını həmişə uca tutan Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına öz dəyərli töhfələrini verirlər. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev qadınların gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirərək deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. Bu baxımdan da qadınlara daim yüksək diqqət və qayğı göstərən ulu öndər 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: – zəifi, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – Ana! Qadınlar fərqli olsalar da analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən analar, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!
Nurəngiz Adilqızı.