lider-media.az

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

Tarix: 26-02-2025, 19:07


“Böyük Qayıdış” Gənclər Təşkilatının həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalı: Qanlı yaddaşın səsi” adlı ədəbi-bədii tədbir və “Xocalı: Unudulmayan tarix” adlı anım tədbiri təşkil olunub.

Gənclər Təşkilatından verilən məlumatda bildirilib ki, dəhşətli soyqırımın 33-cü ildönümü ilə əlaqədar təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, təşkilatın üzvləri və könüllü gənclər anım yürüşündə iştirak ediblər.

Gənclər Xocalı faciəsində amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla anıb, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan Milli Konservatoriyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı: Qanlı yaddaşın səsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə məşhur fotojurnalist Reza Deqati iştirak edərək Xocalı faciəsinin şahidi olduğu anlarla bağlı təəssüratını bölüşüb. O, Xocalı soyqırımına dair çəkdiyi nadir və tarixi fotoları təqdim edərək, bu görüntülərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayıb. Tədbirin ikinci hissəsində tələbə gənclərin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.

Həmçinin Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı: Unudulmayan tarix” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış edərək 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açıblar.

Çıxışlarda bildirilib ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk edilib. Xocalıda baş verən bu insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd olunub. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları nəticəsində tarixi ədaləti bərpa edib, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edilib, bir qismi həbs olunub. Beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alınıb. Bu gün Üçrəngli Bayrağımız azad Xocalıda dalğalanır və Xocalı sakinlərinin uzun həsrətdən sonra doğma yurdlarına qayıdışı başlayıb. Artıq xalqımız XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini alnıaçıq, qalib ölkə, zəfər qazanmış xalq kimi ziyarət edir. Uzun illərdən sonra Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi, ruhu şaddır.

Sonda tədbirdə iştirak edən qonaqlar və gənclər muzeydə sərgilənən “Xocalı yaddaşımız” sərgisinə baxış keçirərək Xocalı soyqırımına dair tarixi fotoşəkillərlə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi