lider-media.az

Xocalının igid qəhrəmanı

Baxış: 246 Tarix: 24-02-2025, 17:27

Azərbaycanın Milli Qəhrəmanı   İnqilab Ələkbər oğlu İsmayılovun doğum günüdür.

1962-ci ilin fevral ayının 24-də Qarabağın dilbər guşəsi olan Xocalıda anadan olmuşdur. 1981-ci ildə İ.İsmayılov ordu sıralarına çağırılmış və Daxili Qoşunlarda xidmətə başlamışdı. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. O, 1984-cü ildə doğma Xocalıya qayıdıb və sovxozda çalışır.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni quldurları azərbaycanlılara qarşı tez-tez təxribatlar törədir, hər vəchlə onları yurd-yuvalarından sıxışdırıb çıxarmağa çalışırdılar. Gənclər gecə-gündüz Xocalının keşiyini çəkirdilər. İnqilab da onların sırasında idi. 1990-cı ildə İ.İsmayılov Xocalı Polis Şöbəsində işə düzəlir. Bu vaxtlar erməni hücumlarının ardı-arası kəsilmirdi. Hər gün ermənilər şəhərə raket zərbəsi endirirdilər. Partlayışlar nəticəsində evlər dağılır, ailələr faciəli surətdə həlak olurdu. Vəziyyət get-gedə gərginləşirdi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Uşaqları, qadınları və qocaları buradan çıxarmaq lazım idi. İnqilab bu işdə camaata öz köməyini əsirgəmirdi.

 1992-ci il fevral aynın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurları ilə SSRİ-nin 366-cı motoatıcı alayı birləşərək tarixdə misli görünməmiş soyqırım törətdilər.  Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Səbri tükənmiş əhali meydanı tərk etmirdi, hamı hücum əmrini gözləyirdi. Əgər bu əmr verilsəydi, nəinki könüllü dəstələrin döyüşçüləri, hətta  sakinlər əliyalın olsalar  belə  Əsgəran üzərinə yeriyəcəkdi. Çünki artıq səbr kasası dolmuşdu, insanlar yağı düşmənə cavab verilməsinin vaxtı çatdığını anlayırdılar. Fevralın 25-də səhər tezdən meydana toplaşan camaat xoş bir müjdə gözləyirdi - Əsgərana hücum edilərək Xocalı azad olunacaq. Amma...

Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı.Mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi..

Xocalıdakı yaşanan dəhşətlər İnqilabı narahat etməyə bilməzdi.Son nəfəsinədək vuruşmaq qərarını verir.Nəhayət, İnqilab yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxara bildi. İnqilab ailəsini Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə döndü. Fəaliyyətini isə Ağdam rayon Polis Şöbəsinin Post-patrul xidməti alayında davam etdirməli oldu. İnqilabın xidmət etdiyi Post-patrul alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Erməni silahlı birləşmələri bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçir, lakin ağır itki verərək geri çəkilirdi.

Düşmən 1992-ci ilin iyun ayının 12-də böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum etdi. Cəsur döyüşçülər bu dəfə də hücumun qarşısını məharətlə aldılar və erməni yaraqlılarının 6 postunu sıradan çıxarırlar. İnqilab bu döyüşdə qələbəni öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adı verilmişdir. İnqilabın üç övladı yadigar qalıb.

Bakının Xətai rayonundakı küçələrdən biri Qəhrəmanın adını daşıyır. Həmin küçədə İ.İsmayılovun Xatirə lövhəsi vurulub. Ötən ilin may ayında Milli Qəhrəmanın yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilmişdir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi