Birol Akgün: “Qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”
Fevralın 19-da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Lider-media.az xəbər verir ki, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə Kommunikasiya İdarəsinin Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə STM-in İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Mətbuat Şurasənın sədri Rəşad Məcid və media rəhbərləri iştirak ediblər.
Azərbaycan və Türkiyənin sarsılmaz birliyindən danışan Zahid Oruc bildirib qlobal dəyişikliklər və yeni dünya nizamında iki qardaş ölkə mediasının əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
MEDİA-nın rəhbəri Əhməd İsmayılovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb. O deyib: “Beş il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil edilib və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilib”. Ə.İsmayılov əməkdaşlığın gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcəyindən əminliyini ifadə edib.
"Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur", - deyə vurğulayan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyənin dostluğunun, müxtəlif sahələrdə əməkdaşlığının bundan sonra artan templə davam edəcəyindən və dərinləşəcəyindən əmin olduğunu bildirib.
Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkilolunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, 5 il bundan əvvəl Azərbaycan ilə Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb və sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.