Prezident İlham Əliyevin andiçməsindən bir il ötür


2024-cü il fevralın 7-də müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə yaşandı - növbəti Prezident seçkiləri böyük uğurla baş tutdu. Bu dəfə də Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev mütləq səs çoxluğu ilə seçkilərin qalibi oldu. 14 fevral 2024-cü il tarixində isə dövlətimizin başçısı and içdi. O, Milli Məclisdə keçirilən andiçmə mərhələsində söylədiyi dərinməzmunlu nitqində keçilən yola, 
ölkənin hər cəhətdən müsbət reallıqlarına nəzər saldı və diqqəti qarşıda duran prioritetlərə yönəltdi.Prezident İlham Əliyev xalqın və dövlərin mənafeyinə uyğun, bu maraqları qoruyan siyasət həyata keçirir - cəmiyyətdən gələn sosial sifarişlərə xüsusi həssaslıqla yanaşır. Buna görə də bütün cəmiyyətin Prezident İlham Əliyevə hörmət və ehtiramı həmişə yüksək səviyyədə olub. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində seçkilərdə Ona yenidən böyük etimad və dəstək göstərən doğma xalqına öz dərin təşəkkürünü bildirərək bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb. “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün müstəqil Azərbaycan dünya miqyasında gündən -günə inkişaf edən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha yüksələn, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə olaraq tanınır.Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, həm də regionda söz sahibinə çevirib. Qəhrəman, məğrur və məğlubedilməzliyini bütün dünyaya nümayiş etdirən Azərbaycan xalqı liderinin rəhbərliyi aıtında öz müqəddəratını özü həll edərəktarixinin ən parlaq səhifəsini yazdı.
Artıq 30 illik işğalına son qoyan Azərbaycan bütün sahələr üzrə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkədə iqtisadi sahənin inkişafının təmin edilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sferasında yeni inkişaf strategiyasının yaradılması Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində mümkün olub.
Hər bir ölkənin inkişafı, tərəqqisi yalnız onun iqtisadi göstəricilərindən deyil, eyni zamanda ona rəhbərlik edən liderdən asılıdlır. Dərin siyasi dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə sahib olan Prezident İlham Əliyevin lider kimi böyüklüyü onun uzaq hədəflərə hesablanmış və milli məqsədlərə, xalqın mənafeyinə xidmət edən məqsədyönlü siyasətidir. Müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin heç bir ölkədən asılı olmaması üçün çalışan və buna nail olan dövlət başçımızın güclü siyasi iradəsi sayəsində ölkəmizdə mütərəqqi inkişaf modeli formalaşıb. Müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş imkan yaradan məqsədyönlü siyasət nəticəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük uğurlara imza atıb.İqtisadi sahədə həyata keçirilən islahatlarəsasında ümumi daxili məhsulun istehsalı artırmış, qeyri-neft sektorunun sürətli inkişafı təmin olunmuşdur. Neft amilini insan kapitalına çevirmək dövlət siyasətinin prioritetini təşkil etmişdir. Müstəqil Azərbaycan bölgədə mövqelərini daha da möhkəmləndirmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuşdur.
Son 20 ildə Prezident İlham Əliyevə ümumxalq rəğbətinin davamlı olaraq artdığını müşahidə edirik. İlham Əliyev Prezident seçkiləri marafonuna ilk dəfə 2003-cü ildə qatılıb. Həmin il oktyabrın 15-də demokratik qaydada keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 76.84% faizdən çoxunun etimadını qazanaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə baş tutan prezident seçkilərində seçicilərin 88,73 faiz səsini qazanıb. 2013-cü il prezident seçkilərində 84,54 faiz səsini qazanan İlham Əliyev, 2018-ci il aprelin 11-də baş tutmuş növbədənkənar Prezident seçkilərində 86,02 faiz seçici etimadı əldə edib. Ötən il fevralın 7-də baş tutan Prezident seçkilərinin dövlətimiz və xalqımız üçün müstəsna önəmi var - 7 fevral seçkiləri tarixi Zəfər seçkiləri kimi dəyərləndirlir. Bu da onunla bağlıdır ki, 30 illik müstəqillik tariximizdə Prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazisində baş tutub. Azərbaycan müstəqilliyinin elə ilk vaxtlarından işğal faktı ilə üzləşmişdi. Bu səbəbdən də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs vermək məcburiyyətində qalırdı. Ancaq 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və ilk olaraq 7 fevral Prezident seçkiləri ölkənin bütün ərazisində təşkil olundu.
7 fevral seçkiləri respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsas ümummilli ideyamızın həyata keçirildiyi bütöv bir mərhələnin yekunu və qarşda yeni mühüm çağırışların dayandığı növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev qürur hissi ilə “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi”, - deyə vurğulayıb.
Bəli, xalqımızın 30 il həsrətlə gözlədiyi Zəfərin, İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələrin əsas memarı məhz Prezident İlham Əliyevdir və seçkilərin qalibi olmaq da onun halal haqqıdır. “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi”, - deyə Prezident İlham Əliyev xatırladıb.
Ölkəmiz, xalqımız tarixi zəfərlərin əldə olunmasınadək Onun liderliyi ilə uzun yol keçdi. Bu keçilən yolda Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyev hər mərhələdə yaranan vəziyyətə və çağırışlara adekvat addımlar atmağı və düzgün qərarlar verməyi bacardı. Onun fəal, çevik diplomatiyası beynəlxalq miqyasda ölkəmizin mövqelərini möhkəmləndirdi. Dünyada dostlarımızın sayı artdı, beynəlxalq tədbirlərdə haqq səsimiz eşidildi, ermənilərin yalan təbliğatı iflasa uğradı.Paralel şəkildə, Prezident İlham Əliyev ölkənin iqtisadiyyatının gücləndirilməsi qayğısına qalıb. Alınan qərarlar, bir-birini tamamlayan islahatların məntiqi nəticəsi olaraq respublikamızın iqtisadi müstəqilliyi, bu əsasda da siyasi müstəqilliyi tam təmin olunub. İqtisadi müstəqillik zəminində ordu quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Azərbaycan qısa müddətdə dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələrini formalaşdırmağa nail olub. Eyni zamanda, İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə respublikamızda Vətənə, ənənələrimizə və milli dəyərlərimizə bağlı olan gənc nəsil formalaşıb. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, 44 günlük müharibənin əsas ağırlığı da məhz vətənpərvər gənclərimizin üzərinə düşüb.
İndi isə biz yeni çağırışlarla üz-üzəyik. Prezident İlham Əliyev yeni strateji mərhələnin prioritetlərini də müəyyənləşdirib və qarşıya Böyük Qayıdışın təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, texnoloji inkişaf, iqlim çağırışları, sabitliyin qorunması və digər məsələlərlə bağlı mühüm məqsədlər qoyub. “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.













