Şərqi Anadolu -tarixin, mədəniyyətin və təbiət gözəlliklərinin məkanı
Türkiyənin Şərqi Anadolu bölgəsi, müxtəlif landşaftı, təbiət gözəllikləri, zəngin tarixi və qonaqpərvər insanları ilə unudulmaz bir səyahət təcrübəsi vəd edir.
Malatyada Arslantepe Açıq Hava Muzeyi
Dadlı qaysısı və tarixi abidələri ilə tanınan Malatya Şərqi Anadolu səyahətinə başlamaq üçün mükəmməl bir məkandır. Şəhər 8 min illik tarixi ilə seçilən Arslantepe arxeoloji sahəsi ilə ziyarətçilərinə unikal bir istirahət vəd edir. Dövlət quruluşunun ilk izlərinin tapıldığı bu ərazi, qədim bürokratiyanın izlərini qoruyan ilk şəhər-dövlətlərdən biri kimi tanınır. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bu abidə Anadolu sivilizasiyalarının dərin tarixinə pəncərə açır.
Elazığda Harput Qalası
Şərqi Anadolu səyahətinizin növbəti dayanacağı Elazığdır. Elazıx Harput qalası ilə məşhurdur. Tarixə “Süd qalası” kimi də düşmüş Harput qalası dağın başında inşa edilib və dağın dərinliyinə qədər uzanır. Urartu dövründə tikildiyi deyilən qalanın dağın dərinliyində yerləşən zindana enmək üçün istifadə olunan 115 pilləkən indiyədək olduğu kimi qorunub saxlanılıb. Təxminən, 4 min il öncə tikilən tunellərə, enişli-yoxuşlu pilləkənlərə sonradan heç bir müdaxilə olmayıb. Harput qalasında Qüds kralı II Baudouin və Urfa qrafı Josel həbsdə saxlanılıb.
Tunceli, Munzur vadisi və milli parkı
Türkiyənin Tunceli vilayəti də Şərqi Anadolu bölgəsində yerləşir. Tunceli şəhəri isə Munzur axınının sahilindədir. Tunceli 1935-ci ilə kimi Dersim adlanıb və yerli əhalinin əksəriyyəti vilayəti məhz bu adla tanıyır. Bura Munzur vadisi ilə də məşhurdur. 42 hektar ərazisi olan bu vadi 1972-ci ildə milli park elan edilib. Türkiyənin ən böyük milli parklarındandır.
Zəngin təbiəti ilə insanı valeh edən bu ərazidə 1500 bitki növü mövcuddur. Bundan 50-ə yaxını endemik bitkilərdir.
Erzincanda Kemaliye
Fırat çayının sahilində yerləşən və "Cittaslow" (yavaş şəhər) statusu qazanan Erzincanın Kemaliye qəsəbəsi, təbiət və tarixin mükəmməl bir ahəng təşkil etdiyi unikal bir məkandır. Buradakı tarixi daş evlər Anadolu memarlıq irsini əks etdirir – taxta eyvanlar və xüsusi işlənmiş qapı dəstəkləri ilə fərqlənir. Təbii gözəllikləri ilə seçilən Karasu Şəlaləsi və nəfəskəsici Karanlık Kanyon da buranın cazibəsini artırır. Kemaliye UNESCO-nun Dünya İrsi Siyahısına namizəd olmaqla yanaşı, BMT-nin Ən Yaxşı Turizm Kəndi Yenilənmə Proqramına da daxil edilib. İstər sakit bir istirahət, istər mədəniyyət turu, istərsə də təbiət macərası axtarırsınızsa, Kemaliye hər kəsə unikal təcrübələr təqdim edir.
Ardahanda Çıldır Gölü
Şərqə doğru irəlilədikcə, sizi Ardahanın göz oxşayan Çıldır Gölü qarşılayır. Bölgənin ən böyük şirin su gölü olan Çıldır, qış mövsümündə tamamilə donaraq möhtəşəm bir buz səhnəsinə çevrilir. Burada atlı xizək turları, buz üzərində balıqçılıq, velosiped gəzintiləri və büllur kimi şəffaf buz üzərində gəzintilər qış fəslini unudulmaz edir. Göl kənarında yerləşən taxta evlərdə tonqal başında səhər yeməyi və Qafqaz rəqsləri ilə yadda qalan anlar yaşamaq mümkündür.
Karsda Ani Arxeoloji Sahəsi
Göldən cənuba doğru hərəkət edərkən, Kars sərhədlərində yerləşən Ani xarabalıqları ilə tanış olmaq mümkündür. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Ani erkən xristian dövrünün ən vacib şəhərlərindən biri hesab olunur. "1001 kilsə şəhəri" kimi tanınan bu tarixi ərazi, vaxtilə İpək Yolu ticarət mərkəzi olmuş və müxtəlif mədəniyyətlərin izlərini özündə qoruyub saxlamışdır. Buradakı qırmızı daşdan tikilmiş möhtəşəm binalar, orta əsr şəhərsalma mədəniyyəti haqqında dəyərli məlumatlar təqdim edir.
Ağrıda İshaq Paşa Sarayı
Ağrı şəhərində yerləşən İshaq Paşa Sarayı gözəlliyi ilə diqqət çəkir. Ağrı dağının ətəyində yerləşən bu Osmanlı dövrünə aid saray, türk və Səlcuq memarlıq üslublarını Avropa barokko elementləri ilə birləşdirərək bənzərsiz bir görünüş yaradır.
Şərqi Anadolu, həm təbiətsevərləri, həm tarix həvəskarlarını, həm də mədəniyyət axtarışında olan səyahətçiləri özünə cəlb edən gözəl məkanlardan biridir.