lider-media.az

YASƏMƏNLƏR ŞƏHƏRİ

Tarix: 7-01-2025, 15:16

 Suriyanın paytaxtı Dəməşq (Şam) şəhəri Dəməşq qubernatorluğu və Rif Şam qubernatorluğunun inzibati paytaxtıdır. Dəməşq ərəb dilində ”təşəbbüs” mənasını bildirir. Nəinki Suriyanın, eləcə də dünyanın ən qədim şəhərlərindən biri olan Dəməşq bəzi mənbələrə görə İslamda dördüncü ən müqəddəs şəhərdir. Bu barədə müəllifləri tarixçilər Dumper, Michael R. T. və Stanley, Bruce E. (2007) ”Damascus” kitabında oxumaq olar, həmçinin Sarah Birke’nin 2013-cü ildə dərc etdiyi ”Damascus: What’s Left”, yəni ”Dəməşqdən nə qaldı?” adlı məqaləsində, və ya Totah, Faedahın 2009-cu ildə dərc olunmuş ”Mənşəyə qayıdın: Qədim Dəməşq şəhərində müasir və qeyri-müasir olanın müzakirəsi” məqaləsində oxuya bilərsiz (Totah, Faedah M. (2009). ”Return to the origin: negotiating the modern and unmodern in the old city of Damascus”. City & Society.)

Dəməşqə poeziyada ”Yasəmənlər şəhəri” (Madinat al-Yasmīn) deyilib. Dəməşq Ləvənt dünyasının (yəni Şərqi Aralıq dənizi ilə qərbdə və əsas Qərbi Asiya ilə və ya siyasi terminlə, şərqdə Yaxın Şərqlə həmsərhəd olan subregionun) və ərəb dünyasının əsas mədəniyyət mərkəzidir. 
Dəməşqlilərin böyük əksəriyyəti suriyalı ərəblərdir. Kürdlər burada təxminən 300.000 əhalisi ilə ikinci ən böyük etnik azlıqdır. Onlar əsasən Vadi əl-Məşəri (“Zorava” və ya kürdcə “Zore Afa”) və Rukn əl-Din məhəllələrində yaşayırlar. Digər azlıqlara fələstinlilər, assuriyalılar, Suriya türkmənləri, ermənilər, çərkəzlər və kiçik bir yunan icması daxildir. Bir vaxtlar Dəməşqdə böyük bir yəhudi icması var idi, lakin 2023-cü ilə qədər heç bir yəhudi qalmayıb.

Dəməşq padşahlığının paytaxtı 

Dəməşq hələ İncildə (Musanın kitabında, yəni Yaradılış Kitabında, yunanca Genesis) adı keçən ən qədim şəhərlərdən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir. Eramızdan əvvəl 13 əsrin əvvəllərindən eramızdan 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub.
Yavuz Sultan Səlimin 1516-cı ildə Suriyanı fəth etməsindən sonra yaradılan Şam vilayətinin mərkəzinə çevrilən Şam şəhəri ziyarət yolu üzərində görüş yeri olduğundan ticarət əhəmiyyətini qoruyub saxlayıb. Şəhərin adı bütün dünyada və ərəb coğrafiyasında Dəməşq olaraq tələffüz edilsə də, Türkiyə onu Osmanlı İmperatorluğundan qalma bir ənənə olaraq Şam adlandırır.
I Dünya Müharibəsinin son günlərində ingilislərin işğalına məruz qalan şəhər Says-Piko sazişi  (Saykes-Picot) uyğun olaraq 1920-ci ildə Fransaya buraxılmış, Fransa müstəmləkəçiliyi illərində çoxlu dağıntılara və talanlara məruz qalmışdır. Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilədir. Şam şəhəri 1946-cı ildə baş verən üsyanla Fransanın müstəmləkəsi olmaqdan qurtulub Suriyanın bir hissəsi oldu.

Şam şəhəri haqqında hekayələr 
Qabilin qardaşı Habili öldürdüyü yer -ilk qətl hadisəsi 
Şam şəhəri haqqında çox hekayələr var. Dünya tarixində ilk qətl olan Qabil və Habil hadisəsinin Şamın şimalındakı Kasiyun dağında baş verdiyi güman edilir. Bildiyiniz kimi, Qabil (və ya Cain) İbrahim dinlərindəki bir fiqurdur. O, Yaradılış Kitabında adı çəkilən Bibliya personajlarından biridir. O, Adəmlə Həvvanın ilk oğlu və Habilin böyük qardaşıdır. Habil və ya Abel, İbrahim dinlərində, yaradılış kitabında və Quranda adı çəkilən şəxsdir. O, Qabilin kiçik qardaşı və Adəmlə Həvvanın kiçik oğlu idi. İlk böyüyən sürüsünü Allaha təqdim edən çoban oldu. Allah onun təqdimini qəbul etdi, amma qardaşının qurbanını qəbul etmədi. Qabil daha sonra qısqanclıq zəminində Habili öldürdü. Yaradılışa (Genezisə) görə, bu, bəşər tarixində ilk qətl idi.
Bundan əlavə, bəzi müsəlmanlar arasında Mehdi və İsanın axır zamanda bu məscidə nazil olacağına dair bir inanc var.
Ərəb dilində hərfi mənada Dəmeşk əş-Şam (دمشق الشام) adlanır. Ümumiyyətlə Dimeşk abbreviaturası ilə müraciət edilir, lakin ərəblər, xüsusən də Şam əhalisi Şama üstünlük verirlər. Əl-Şam ərəbcə şimal sözündəndir. Onlar Böyük Suriyanı Bilad əş-Şam (بلاد الشام) adlandırırdılar.
Dörd Xəlifə Dövründən (632-661) sonra yaranan müsəlman ərəb dövləti olan Əməvilər Xilafəti (ərəb. Əl- Umeviyyûn) öz dövrlərində dünyanın mədəniyyət və sivilizasiya mərkəzi olduqları üçün, Şam şəhəri onun memarlıq quruluşu yüksək səviyyədə inkişaf etmiş, şəhər memarlığında ərəb, yunan və roma təsiri hiss olunurdu. Dünyada ilk müasir park nümunələri burada görünmüşdü və oradan İspaniyaya, oradan isə bütün Avropaya daşınmışdı. Lakin monqol hücumları nəticəsində abidələrin çoxu məhv edildi. Osmanlılar şəhəri ələ keçirdikdən sonra burada bir çox tarixi binalar inşa edilib. Şəhərin ən gözəl əsərlərindən biri olan qatar stansiyası Osmanlılar tərəfindən tikilib. 2000-ci illərdə böyük inkişaf yolu keçmiş müasir Dəməşq iki hissədən ibarətdir: Yeni Şam və Qədim Şam. Qədim Şam şəhərin mərkəzində tarixi binaların olduğu klassik hissədir. Yeni Şam isə bəzən mərkəzdən bir qədər uzaqda yerləşən müasir binalar və şəhər planları ilə əhatə olunub.

Strateji əhəmiyyətli şəhər və müqəddəslərin uyuduğu məkan
Dəməşq strateji baxımdan dünyanın hər yerindən tacirləri cəlb edirdi. Akram, Agha Ibrahim 2004 -cü ildə Oxford University Press nəşriyyatında çap olunmuş ”Allahın Qılıncı: Xalid bin əl-Vəlid – Onun həyatı və səfəri” (The Sword of Allah: Khalid bin al-Waleed – His Life and Campaign) kitabında yazır ki, ”şəhər Suriya cənnəti kimi tanınırdı”. İstehkamlar şəhərin əhəmiyyətinə uyğun idi. Şəhərin əsas hissəsi nəhəng 11 m divarla əhatə olunmuşdu. Şəhərin uzunluğu təxminən 1500 m və eni 800 m idi. Divarların altı qapısı var: Şərq Qapısı (Bab Sharki), Tomasın qapısı (Bab Touma), Cəbiyyə Qapısı (Bab əl-Cəbiyə), Cənnət qapısı (Bab əl-Fərədis), Keisan Qapısı (Bab Kisan) və Kiçik Qapı (Bab əs-Shağir).
Barada çayı Dəməşqin şimal divarı boyunca axsa da, müdafiə üçün çox dayazdır. XIX əsrin əvvəllərində Dəməşq Barada sahillərindəki kölgəli kafeləri ilə məşhur idi. Bunların britaniyalı sənətkar William Henry Bartlett tərəfindən çəkilmiş təsviri 1836-cı ildə Letitia Elizabeth Landonun nəşr etdiyi ”Cafes in Damascus” adlı poetik illüstrasiya kitabında nəşr olunmuşdu.
Dəməşqdə və Suriyanın hər yerində İslamda və digər dinlərdə mühüm şəxslərin məqbərələri var. Məsələn, İslam peyğəmbəri Məhəmmədin səhabəsi və ilk müəzzini Bilal Həbeşin məqbərəsi; İsanın müasiri və Zəkəriyyənin oğlu olan, e.ə. 10/1 – eramızın 30-cu illərində yaşamış yəhudi dini lideri idi.  Yəhya (və Yuhanna) peyğəmbərin məqbərəsi; Əyyubilər dövlətinin qurucusu və ilk hökmdarı, 1187-ci ildə müqəddəs torpaqları xaçlılardan geri almaq üçün ordu qurmuş və öz komandanlığı altında olan ordu ilə birlikdə Hattin döyüşündə Qüds kralı Lusignanlı Qayın ordusunun böyük bir hissəsini məhv etmiş Səlahəddin Əyyubinin məqbərəsi; ilk türk hərbi hava desant şəhidlərinin qəbiristanlıqları; İslam peyğəmbəri Məhəmməd və Xədicənin böyük qızı Zeynəb binti Məhəmmədin məzarı və həm də Məhəmməd ibn Abdullahın həyat yoldaşları və ailəsindən İslamın bəzi mühüm şəxslərinin məzarları buradadır. 
Böyük Məscid olan Əməvi Məscidini şəhərin simvolu adlandırmaq olar. Məsciddə 4 minarə mövcuddur. Məscidin Minarələrindən biri İsa peyğəmbərin adını daşıyır məhz inanclara görə İsa peyğəmbər həmin Minarədən göydən yerə enəcəkdir. Məhəmməd əleyhissəlamın adını daşıyan minarə isə 1184-cü ildə inşa olunub. 1919-cu ildə açılmış Milli Muzeydə bir sıra arxeoloji və tarixi obyektlər nümayiş etdirilir. Burada 14-cü əsrə aid qədim yazılar, indiki adı Tell Hariri olan Suriyada Fərat çayı üzərində qədim, qədimdə isə adı Mari olmuş şəhərdən 4000 illik heykəllər; yunanca Palmira adlanan, ərəbcə isə Tadmor olan Suriyada, qədim şəhər və Palmiriya İmperiyasının paytaxtı, 744-cü ildə dağıdılmış şəhərdən burada heykəllər var; 200-cü illərən aid sinaqoqun surəti var; 13-cü əsrə aid Quran nüsxələri,  həmçinin köhnə silahlar və tibbi alətlər.

Dəməşq çoxəsrlik tarixi boyunca çoxsaylı hücumlara məruz qalıb
Dəməşq çoxəsrlik tarixi boyunca assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə hücumlara və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi və İslan alimi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub. Eramızdan əvvəl 85-ci ildə şəhəri Nəbatilər işğal etdi. Nəbatilər (ərəb. Əl-Ənbaṭ) Roma yəhudi tarixçisi, ”Yəhudi müharibəsi” və ”Yəhudilərin qədimliyi” əsərlərinin müəllifi Titus İosif Flavi zamanında Fərat çayından Qırmızı dənizə qədər uzanan və Suriya ilə Ərəbistan arasında sərhəd bölgəsindəki vahələrdə məskunlaşan və ”Nəbatə” adı verilən bölgədə yaşayan qədim samilər, cənubi İordaniyalı, Kənanlı və şimal Ərəbistan’lı ərəblər idilər. Eramızdan əvvəl 64-cü ildə isə Roma sərkərdəsi Qney Pompey Dəməşqi tutaraq onu Roma imperiyasının tərkibinə qatıb. Dəməşqdə İrana qarşı müharibə aparan Roma ordusu legionlarının baş qərərgahı yerləşirdi. 395-ci ildən etibarən Dəməşq Bizans imperiyasının (yəni Şərqi Roma imperiyası və və ya Yunan imperiyası) tərkibində olub. Dəməşqdə ilk xristianlar bu şəhərə eramızın birinci əsrində Həvari Pavelin gəlməsindən sonra peyda olub.
750-1258 illərdə mövcud olmuş Abbasilər sülaləsinin qələbəsindən sonra İslam hakimiyyətinin mərkəzi Bağdada köçürülüb. Dəməşqin siyasi əhəmiyyəti Abbasilər dövründə kəskin azalıb, lakin orta əsrlərdə Misirdə 1171 ci ildə Kürd əsilli sünni müsəlman Saladin tərəfindən qurulan Əyyubilər sülaləsi və 13-cü əsrin ortalarından 16-cı əsrin əvvəllərinə qədər Misir, Levant və Hicazı idarə edən dövlət olmuş Məmlük Sultanlığı dövründə yenidən böyük əhəmiyyət qazanıb. Miladi 635-ci ildə ərəblər tərəfindən fəth olunan Dəməşq 661-750-ci illər arası Əməvilər xilafətinin paytaxtı olduğundan müsəlman dünyasının ən böyük siyasi, dini və ticarət mərkəzinə çevrilir. Zəngin müsəlman ölkələrini işğal etməyə cəhd göstərən xaçlılar/səlibçilər üç dəfə (1125, 1129, 1148-ci illərdə) Dəməşqə hücum etsələr də, hər dəfə məğlub olublar. 1260-cı ildə Dəməşqi Misir Məmlükləri, yəni türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası, ələ keçirdilər. Həmin dövrdən etibarən Dəməşq sürətlə inkişaf etməyə başladı. Dəməşqdən Avropaya çox yüksək keyfiyyətli polad və şüşə ixrac olunurdu. 1300-cü ildə monqollar Dəməşqi işğal edərək bütün şəhəri dağıtdılar və əhalinin çox hissəsini qırdılar. 1400-cü ildə bu dəfə  Teymurilər dövlətinin banisi, Türk sərkərdə Teymurləng Dəməşqi işğal etdi və şəhərdə daşı daş üstə qoymayaraq tamamilə dağıtdı. Şəhərdəki ən yaxşı sənətkarlar və silah ustaları qul edilərək Səmərqəndə aparıldılar.
Osmanlı türkləri 1516-cı ildə Dəməşqi tutanda şəhərin çox hissəsi hələ də xarabalıq içində idi. 1516-cı ildən 1-ci dünya müharibəsinə qədər Suriya və Dəməşq Osmanlı İmperiyasının  tərkibinə daxil idi. Türk vali Əsəd Paşa əl-Əzm 1750-ci ildə tikdirdiyi və onun şərəfinə Əl-Əzm sarayını şəhərin yaraşığı adlandırmaq olar. 1919-cu il Versal müqaviləsinə əsasən, 1920-ci ildə Dəməşq və Suriyanın qalan hissəsi 1946-cı ildə müstəqillik əldə edənə qədər Fransa mandatına keçmişdir. Misirli İbrahim Paşanın 1832-1840-cı illər arasında qısa bir işğalı istisna olmaqla, Osmanlılar sonrakı 400 il ərzində qaldılar. Məkkəyə gedən iki böyük Həcc karvanından birinin çıxış nöqtəsi kimi əhəmiyyətinə görə Dəməşqə daha çox diqqət yetirildi.

Müasir Dəməşq 
Müasir Dəməşq Barada çayının hər iki sahilində Qasyon dağının ətəklərində yerləşıb. Şəhərin yeni tikililəri çox olduğundan şəhər daha çox Avropa görkəmini xatırladır amma bütün yeni tikililər ərəb memarlıq üslubunu saxlayır. Dəməşqin qədim hissəsi yaxşı mühafizə olunmuş qala divarı ilə əhatə olunub. Şəhərin qədim girişləri olan Bab Tumə, Bab Şərqi Bab Hərir və Bab əs-Səlam darvazaları indiyədək qorunub saxlanmışdır. Şəhərin köhnə hissəsində onlarca qədim bina və tarixi abidələr var.

1979-cu ildə qədim Dəməşq şəhəri YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Şəhər, damast adlanan toxuculuq texnikası, dəməşqləmə adlanan poladının döymə texnikası ilə dünyada məşhurdur. Dəməşq poladı dünyada çox məşhurdur. Həmçinin Prunus Damascena adlanan gavalı və Dəməşq qızılgülləri ilə dünyada məşhurdur.
Dəməşq şəhəri əzəldən arameyli olub və eramızdan əvvəl 11-ci əsrdə Aramey kralı Reson tərəfindən təsis edilib. Dəməşq Aramdakı (yəni Suriyada) kiçik Arami dövlətləri arasında ən güclü qalaya çevrilmişdi və “Aram-Dəməşq” adını almışdı. Bu paytaxtda güclü Aram padşahlarının sülaləsi hökm sürürdü. Aramey kralı II Bar Hadad İdri və Hasael dövründə dövlət qonşu ölkələrə, əsasən də İsrail və Assuriyaya ən böyük təhlükə yaradırdı. Aram Dəməşqi eramızdan əvvəl 730-cu illərdə Aramilərdən alındı və mühüm Aramey qalası kimi siyasi əhəmiyyətini itirdi.
Yəhudilər padşah Davud dövründə misirlilər, farslar, Makedoniyalı İsgəndər, Selevkilər və Roma İmperiyası da burada öz siyasi izlərini qoyublar. 635-ci ildə şəhər ərəblər tərəfindən zəbt edilmiş və xüsusilə Əməvilər sülaləsi dövründə 661-750-ci illər arasında paytaxt etmişlər. Şəhər səlibçilər tərəfindən boş yerə mühasirəyə alınmışdı, lakin 1401-ci ildə monqollar tərəfindən tutularaq yandırılmışdır.
Dəməşq Aralıq dənizindən təxminən 80 kilometr içəridə, Anti-Livan dağ silsiləsi ilə qorunur. Şəhər dəniz səviyyəsindən 680 metr yüksəklikdə yaylada yerləşir.
Qədim Dəməşq şəhəri Barada çayının cənub sahilində şəhər divarları arasında yerləşir. Cənub-şərqdən, şimaldan və şimal-şərqdən tarixi orta əsrlərə gedib çıxan şəhərətrafı ərazilərlə əhatə olunub: cənub-qərbdən Midan, şimaldan Saruca və şimal-qərbdən İmara. Bu məhəllələr əvvəlcə şəhərdən kənara çıxan yollar boyunca, məzarlıqların yaxınlığında yaranmışdır. 19-cu əsrdə Cəbəl Qasiunun yamaclarında kəndlər yaranmışdı. Bu yeni rayonlarda əsasən kürd əsgərləri və Avropadakı keçmiş Osmanlı ərazilərindən qovulmuş müsəlmanlar yaşayırdı. Buna görə də onlara əl-Əkrad (yəni kürdlər) və əl-Muhacirin (yəni miqrantlar) adı verilmişdi. Onlar Qədim Şəhərdən iki-üç kilometr şimalda idilər.
19-cu əsrin sonlarından başlayaraq Qədim Şəhərin qərbində, əl-merjeh və ya “yamaç/çəmənlik” adlanan ərazinin ətrafında müasir bir inzibati və ticarət mərkəzi böyüməyə başladı. Əl-Merjeh tez bir zamanda Dəməşqin müasir mərkəzinə çevrilən ərazinin adı oldu. Tezliklə əl-Merjeh və Salihiyye arasındakı yolda Avropa tipli yaşayış məhəlləsi tikilməyə başladı. Zaman keçdikcə ticarət və inzibati mərkəz bu əraziyə doğru getdikcə daha çox şimala doğru irəliləyirdi.
20-ci əsrdə Baradanın şimalında və müəyyən dərəcədə cənubda Quta vahasına yeni şəhərətrafı qəsəbələr salınmağa başladı. 1955-ci ildən başlayaraq Yarmuk rayonu minlərlə fələstinli qaçqının məskəninə çevrildi. Şəhərsalmaçılar Qutanı mümkün qədər qorumaq istədilər və 20-ci əsrin sonlarında ən çox yeni binalar şimalda, qərbdəki Mezze bölgəsində, daha sonra isə şimal-qərbdə Dumardakı Barada vadisi boyunca və dağ yamaclarında tikildi.
Şəhər əhalisinin təxminən 75%-ni sünnilər təşkil edir. 15 %-i müxtəlif konvensiyaların xristianlarıdır. Dəməşq sakinlərinin 6%-i ələvilər, 4%-i isə druzlar, şiələr, ismaililər, yezidilər və yəhudilər arasında bölünür. Tarixdə bu qruplar arasında bəzi toqquşmalar məlumdur (məsələn, 1860-cı ildə), lakin ümumilikdə onlar tarixən bir-birinin yanında dinc yaşamışlar. 1860-cı ildə xristianların qırğını da Livan dağında druzlarla maronitlər arasında döyüş şəhərə sıçradığı zaman bu əsrlərin ən bədnam hadisələrindən biri idi. 1860-cı il Xristian-Druz müharibəsi kimi tanınan Livan dağında və Dəməşqdə 1860-cı il çaxnaşmalarda, 1860-1861-ci illərdə Osmanlı hakimiyyəti dövründə Livan dağında, əsasən yerli druzlar və xristianlar arasında vuruşan sivil kütlənin qarşıdurması idi.  
Qədim şəhər Via recta ilə iki hissəyə bölünür. Via recta Latın dilində Düz küçə deməkdir (ərəb al-Şariʿ al-Mustaqīm deyirlər). Bu küçə Əhdi-Cədiddə adı keçən Dəməşq şəhərinin əsas şərq-qərb Roma yolu olan qədim küçdəir. Lakin yol əslində tamamilə düz deyil.
Qədim Şəhərin şimal-qərb hissəsində Dəməşqin ən mühüm dini binası olan Əməvi məscidi yerləşir. Bu məscid həm də Dəməşqdəki Böyük Məscid və ya Əl-Valid adlanır və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir və tarixi əhəmiyyətli memarlıq abidəsidir.
Əməvi Məscidin ətrafında Souq Alhamaje adlanan şəhərin ən qədim və ən məşhur bazarı yerləşir. Ərəbcə souk çarşı-bazar deməkdir. Bundan əlavə, rayon bir neçə türk hamamı, hamamları ilə tanınır.

Qədim Şəhərin şimal-şərq hissəsində bir neçə qədim kilsəsi olan xristianlar üçün məhəllə Bab Tuma yerləşir. Hananiya kilsəsi, köhnə mənbələrə görə, Dəməşqdə həvari Pavelin yaşadığı yerdə tikilmişdir.
Osmanlı hakimiyyəti dövründə xristianlar və yəhudilər zimmi sayılırdılar, yəni ”əhd əhli” və ya muʿāhid (dhimmī İslam dövlətində yaşayan qeyri-müsəlmanlar üçün hüquqi müdafiəsi olan anlamında tarixi termindir). Xristianlar və yəhudilərə öz dini hökmlərini icra etmələrinə icazə verilirdi. 1840-cı ildə Şam Olayı kimi tanınan hadisədə italyan rahibinin və onun xidmətçisinin yoxa çıxması ilə çoxlu sayda yəhudi ”etiraf edənə” qədər işgəncəyə məruz qaldı və qətlə yetirildi. Antisemitizm və Qan Davasının bir nümunəsi olaraq, bu xəbər Yaxın Şərqdə, Avropa və Qərb dünyasına yayıldı. Şam Olayı zamanı Dəməşqin yəhudi icmasının üzvlərinə qarşı ritual qətllə bağlı saxta ittiham irəli sürülmüşdü.

Tarixin özü qədər qədim olsa da, bahar nəfəsi kimi təzə 

Amerikalı missioner E.C.Miller 1871 ci ildə ”. Edinburqda nəşr etdiyi ”Şərq eskizləri – Suriya və Fələstində mənzərə, məktəblər və çadır həyatının qeydləri” kitabında (səh. 90) qeyd edir ki, 1867-ci ildə şəhərin əhalisi ‘təxminən’ 140.000 idi ki, onlardan 30.000-i xristian, 10.000-i yəhudi və 100.000-i müsəlman və 100-dən az protestant xristian idi (”Eastern Sketches – notes of scenery, schools and tent life in Syria and Palestine’. Edinburgh: William Oliphant and Company. 1871). Amerikalı yazıçı Mark Tven də Dəməşqə səfər etmiş, daha sonra “Xaricdə Məsumlar” əsərində (“The Innocents Abroad, or The New Pilgrim’s Progress”)  öz səyahəti haqqında yazmışdır: “Tarixin özü qədər qədim olsan da, sən bahar nəfəsi kimi təzəsən, öz qızılgül qönçən kimi çiçək açırsan. Öz portağal çiçəyin kimi ətirli, ey Şərqin incisi Şam!” (1869, p. 283). 1898-ci ilin noyabrında Alman imperatoru II Vilhelm Osmanlı İmperiyasına səfəri zamanı Dəməşqi gəzmiş və təəsuratlarını qeyd etmişdir. Bu barədə müəllifi Abdel-Raouf Sinno (1998) olan ”İmperatorun Şərqə səfəri: Müasir ərəb jurnalistikasında əks olunduğu kimi” kitabında (”The Emperor’s visit to the East: As reflected in contemporary Arabic journalism”).

20-ci əsrin ilk illərində Dəməşqdə milliyyətçi əhval-ruhiyyə, ilk növbədə öz maraqları baxımından mədəni olsa da, əsasən 1908-ci ildə İstanbulda qurulan İttihat və Tərəqqi Komitəsinin türkləşdirmə proqramına reaksiya olaraq siyasi rəng almağa başladı. 1915 və 1916-cı illərdə Dəməşq valisi Camal Paşa tərəfindən bir sıra vətənpərvər ziyalıların Beyrut və Dəməşqdə asılması millətçi hissləri daha da qızışdırdı. Matthew Hughes 2013 -çü ildə nəşr olunmuş ”Allenbi və Yaxın Şərqdə Britaniya Strategiyası, 1917–1919” adlı kitabında (Allenby and British Strategy in the Middle East, 1917–1919) qeyd edir ki, 1918-ci ildə Haşimilərin rəhbərlik etdiyi Hicaz ərəbləri Birinci Dünya Müharibəsi Orta Şərq teatrının ortasında Osmanlı İmperiyasına qarşı qalxan Ərəb Üsyanı qüvvələri və Britaniya İmperator qüvvələri yaxınlaşdıqca sakinlər geri çəkilən türk qoşunlarını atəşə tutub.
1918-ci il oktyabrın 1-də Thomas Edward Lawrence – Birinci Dünya Müharibəsində Ərəb Üsyanı və Sinay və Fələstin kampaniyası zamanı oynadığı rolu ilə tanınan İngilis Ordusu zabiti və diplomat – Dəməşqə daxil oldu. İki gün sonra, 3 oktyabr 1918-ci ildə şahzadə Feysəlin başçılıq etdiyi Ərəb Üsyanının qüvvələri də Dəməşqə daxil oldular. Şükri Paşanın başçılığı ilə hərbi hökumət quruldu və Feysəl ibn Hüseyn Suriya kralı elan edildi.

Siyasi gərginlik 1917-ci ilin noyabrında Rusiyada yeni bolşevik hökuməti Böyük Britaniya və Fransanın Ərəb Şərqini öz aralarında bölüşdürməyi təşkil etdiyi Sayks-Pikot sazişini ifşa etdikdə yarandı. Noyabrın 17-də Fransa-İngiltərənin yeni bəyannaməsi “Türklər tərəfindən uzun müddət əzilən xalqların tam və qəti şəkildə azad edilməsini vəd edirdi.”
Suriya Milli Konqresi mart ayında demokratik konstitusiya qəbul edti. Lakin Versal Konfransı Fransaya Suriya üzərində mandat vermişdi və 1920-ci ildə Birinci Dünya Müharibəsində bir sıra komandanlıq etmiş fransız ordu generalı Mariano Qoybetin komandanlığı ilə Fransa ordusu Anti-Livan dağlarını keçərək Maysalun Döyüşündə Suriyanın kiçik müdafiə ekspedisiyasını məğlub edərək Dəməşqə daxil oldu. Maysalun Döyüşü və ya Xan Maysalun döyüşü (fransızca: Bataille de Khan Mayssaloun), Suriya Ərəb Krallığının qüvvələri və Fransa Levant Ordusu arasında dörd saat davam edən, 24 iyul 1920-ci ildə Xan Maysalun yaxınlığında Anti-Livan Dağları, Dəməşqdən təxminən 25 kilometr qərbdə gedən döyüşdür.  Fransızlar Dəməşqi Suriya üçün Millətlər Liqasının mandatının paytaxtı etdi.
1925-ci ildə Hauranda Böyük Suriya Üsyanı Dəməşqə yayıldıqda, fransızlar 9 may 1926-cı il mayın 9-da şəhəri ağır silahlarla, bomba və toplardan atəşə tutaraq onu yatırtdılar. Qədim Şəhərin Əl-Həmidiya Souq və Mədhət Paşa arasındakı ərazisi kütləvi ölümlə nəticələn yanğına məruz qaldı, və o vaxtdan bəri əl-Hariqa (”atəş”) kimi tanınır. Üsyançıların Qutaya soxulmasının qarşısını almaq üçün Qədim Dəməşq tikanlı məftillərlə əhatə olundu və zirehli maşınların hərəkətini asanlaşdırmaq üçün şimal qalalarından kənarda yeni yol çəkildi.
21 iyun 1941-ci ildə, Müttəfiqlərin Suriya-Livan kampaniyasına 3 həftə qalmış Dəməşq qarışıq İngilis Hindistan və Azad Fransız qüvvələri tərəfindən, İkinci Dünya Müharibəsi zamanı marşal Philippe Pétain-in başçılıq etdiyi fransız kukla dövləti Vichy French (Vişi fransız) qüvvələrinin əlindən alındı. Fransızlar 1946-cı ildə İngiltərənin Levant Böhranı zamanı müdaxiləsindən sonra geri çəkilməyə razılaşdılar. Dəməşq Böhranı, Suriya böhranı və ya Levant qarşıdurması kimi də tanınan Levant Böhranı 1945-ci ilin mayında Avropada İkinci Dünya Müharibəsinin bitməsindən qısa müddət sonra Suriyada Britaniya və Fransa qüvvələri arasında baş vermiş hərbi qarşıdurma idi. Bununla da Suriya tam müstəqilliyinə nail oldu. Dəməşq paytaxt olaraq qaldı.
1979-cu ildə Dəməşqin Qədim Şəhəri, arxeoloji və tarixi dini yerlər kolleksiyası ilə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Dəməşq 2008-ci ildə Ərəb Mədəniyyətinin Paytaxtı seçildi. Bu münasibətlə bayram hazırlıqları 2007-ci ilin fevralında prezidentin fərmanı ilə “Dəməşq Ərəb Mədəniyyətinin Paytaxtı”nın İnzibati Komitəsinin yaradılması ilə başladı.
Ümid edirəm ki, 2011-ci ilin martında Bəşər Əsədin hakimiyyəti ilə bağlı xalqın narazılığı regionda genişmiqyaslı Ərəb Baharı etirazlarının bir hissəsi kimi Suriyada genişmiqyaslı etirazlara və demokratiya tərəfdarı mitinqlərə səbəb olan Suriya vətəndaş müharibəsi, Suriyada müxtəlif dövlət və qeyri-dövlət tərəfindən dəstəklənən aktorlarının iştirak etdiyi çoxtərəfli münaqişə sona çatıb və Suriya əski gözəl həyat tərzini bərpa edəcək. 


Səadət Kərimi,

İsveçdə yaşayan azərbaycanlı alim, elmlər doktoru, yazıçı, peşəkar tərcüməçi. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi