Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın rəqəmsal sosial uğurları və DOST modeli barədə məqalə dərc edilib
Sinqapurda yerləşən “GovInsider” təşkilatının saytında son illər Azərbaycanda sosial sahədə icra olunan elektronlaşdırma proqramının uğurları və DOST modeli barədə məqalə dərc edilib. (https://govinsider.asia/intl-en/article/azerbaijans-journey-towards-proactive-e-services/)Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktor müavini Orxan Salahovla müsahibəyə istinad edilərək, məqalədə nazirliyin fəaliyyət sahələri üzrə 160 xidmətin 90 faizdən çoxunun elektronlaşdırıldığı vurğulanır.
Göstərilən e-xidmətlərin statistikası, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin 80-dən çox qurumun e-sistemləri ilə inteqrasiya şəraitində fəaliyyət göstərdiyi və “rəqəmsal körpü” olaraq fasiləsiz məlumat mübadiləsinə imkan yaratdığı qeyd edilir. Habelə son illərdə 56 proaktiv təyinat xidmətinin işə salındığı, bu xidmətlərin əhəmiyyəti, DOST RİM-in missiyalarından birinin və ən innovativinin də proaktiv xidmətlərin sayını artırmaq olduğu bildirilir. Sosial sahə üzrə rəqəmsallaşma prosesinin hazırda da davam etdiyi və Mərkəzin süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı hədəfləri diqqətə çatdırılır. Məqalədə DOST modeli barədə də məlumat verilir, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin DOST mərkəzlərində “bir pəncərə”dən göstərildiyi qeyd olunur.
“GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təbliğ etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilat dövlət sektorundakı transformasiyaları bir platformadan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və onların geniş tətbiqini təşviq edir.