“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər
Veteran.gov.az xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib.
“Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.
Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.
Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır.
Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir.
Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.
Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.
Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.