Pensiyaların indeksləşdirilərək artırılmasına dair brifinq keçirilib
Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.
Fondun İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, bu il yanvarın 1-nə orta aylıq pensiya 497 manat, o cümlədən yaşa görə orta aylıq pensiya 530 manat təşkil edib.
Pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləği ilkin məlumata əsasən, 497 manatdan 537 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 530 manatdan 573 manata çatır.
Yeni Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik həyata keçirilir. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.
Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə bu ilin əvvəlindən icrasına başlanan yeni sosial islahat paketi çərçivəsində minimum pensiyanın da fevralın 1-dən 280 manatdan 320 manata çatdırılması, habelə yaxın aylarda müavinət və təqaüdlərin də artırılması nəzərdə tutulur.
H.Məmişov media nümayəndələrinin suallarını da cavablandırıb.