Binəqədi Rayon Veteranlar Təşkilatının hesabat tədbiri keçirilib, yeni sədr seçilib
Bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu öndərin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısında bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib. Cəlil Xəlilov qeyd edib ki, bu gün veteranlar ölkəmizin ictimai həyatında yaxından iştirak etməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə ciddi töhfə verməkdədir.
Tədbirdə hesabatla çıxış edən Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov görülən işlər haqqında məlumat verib. Polkovnik Cəlil Xəlilov çoxillik xidmətlərinə görə Teyyub Həsənovu Fəxri Fərmanla təltif edib.
Daha sonra Binəqədi Rayon Veteranlar Təşkilatının yeni sədri ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov tədbir iştirakçılarına təqdim olunub. Polkovnik Cəlil Xəlilov Raul Səfərova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.