lider-media.az

Lerikdə üzümçü fermerlər üçün tarla seminarları keçirilib

Tarix: Bu gün, 12:06

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq  Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən Lerik rayonunda “Yeni üzüm bağlarının salınmasında innovativ yanaşmalar” və “Üzüm bağlarında budama qaydaları” mövzularında tarla seminarları keçirilib.

Seminarlarda qeyd olunub ki, üzümçülük və şərabçılıq məhsullarının istehsal texnologiyasının təkmilləşdirilməsi, brendləşdirilməsi, müxtəlif ekoloji-coğrafi şəraitdə yetişdirilən yerli və introduksiya olunmuş texniki üzüm sortlarının texnoloji potensialının qiymətləndirilməsi, onların texnoloji istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədilə üzüm sortlarının makro və mikrozonalar üzrə düzgün yerləşdirilməsi vacib şərtlərdəndir.

Bildirilib ki, üzüm bağının salınması və bərpası zamanı öz kökü üstündə bitən və fillokseraya davamlı calaqaltılara calaq edilmiş tinglərdən istifadə edilir. Tinglərin əl ilə çalalara əkilməsi, onun köklərini 15-18 sm uzunluqda saxlamağa imkan verir ki, bu da tənəklərin daha yaxşı inkişaf etməsini və daha tez bara düşməsini təmin edir. Çalanın eni 35-40 sm, dərinliyi isə tingin uzunluğundan 10-15 sm artıq olmalıdır. Qazılmış çalanın dibinə 3-5 kq torpaqla qarışdırılmış çürüntü və 100 qram superfosfat, yaxud nitroammofoska tökülür. Ting düz saxlanılaraq köklər bərabər şəkildə açılır və aşağı yönəldilir. Çalalar yarıya qədər torpaqla doldurulur. Torpaq ayaqla sıxlaşdırılır və sulanır (hər çalaya 8-10 l su tökülür). Torpaq suyu çəkəndən sonra çalalar bütövlüklə quru torpaqla doldurulur. Çalanın üstündə zoğun yuxarı gözcüyünü 3-4 sm örtmək şərtilə təpəcik düzəldilir.

Təlimdə hazırda üzümçülükdə ən vacib aqrotexniki tədbirlərdən birinin quru budama olduğunu qeyd edilib. Üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı vacib məqamlar vurğulanıb. Seminar zamanı xüsusilə məhsulun yüksək və keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi, budamanın aparılma vaxtı və qaydaları haqqında fermerlərə tövsiyələr verilib.

Bildirilib ki, quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. Belə ki, qısa budama (kəsmə) zamanı dib gözləri barlı olan üzüm sortlarında zoğlar 1-3 gözə kəsilməsidir. Bu zaman iki illik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər. Bunlar da tənəyə verilən formadan, tənəyin boy gücündən, torpaq-iqlim şəaitindən asılıdır. Orta budama (kəsmə) zamanı bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir. Uzun budama (kəsmə) zamanı isə zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər. Bu göstəricilər  konkret olaraq kəsmə növlərin­dən, torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq müəyyən edilir.

Tədbirin sonunda fermerlərə üzümçülükdə budama, aqrotexniki qulluq işləri, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşura və bukletlər paylanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi