AZƏRBAYCAN GƏNCİ YÜKSƏK KEYFİYYƏTLƏRİ İLƏ DÜNYAYA NÜMUNƏDİR
1997-ci il fevralın 1-də Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. Bu tarixi qərar Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran xalqımızın ümummilli liderinin ölkə gəncliyinə diqqət və qayğısının nümunəsi idi.
Ulu öndərin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsildə qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Nəticədə isə gənclər öz üzərlərinə düşən məsuliyyəti dərk edərək, dövlət quruculuğu prosesində daha yaxından iştirak etməyə başladılar.
Vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş arenaya çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən Forum ümummilli liderin gəncliklə bağlı müəyyən etdiyi strategiyanın təntənəsi oldu. Ulu öndərin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış olaraq onların gələcək fəaliyyətlərinfə əhəmiyyətli rol oynadı. Ümummilli lider deyirdi: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Ulu öndər gənclərlə bağlı məsələləri həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradırdı.
Gənclər siyasəti bu gün də Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində mühüm dövlət proqramları qəbul edilir.
Bu gün gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakı, milli adət-ənənələrə bağlılığının təmin edilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər görülür.
Azərbaycan gəncləri bu diqqət və qayğını yüksək dəyərləndirərək öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verirlər.
Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı, Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət həyata keçirməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 28-də “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.
Dövlət başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi üçün həyata keçirdiyi tədbirlər ilk növbədə, vətənpərvətlikdən irəli gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.
Azərbaycanın mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafına, bilik və bacarıqlarını realizə etmələrinə şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan gəncinin vətənpərvərliyinin , əzminin bütün dünyaya nümayişi idi. Torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən gənclərimiz Prezident İlham Əliyevin onlara olan etimadını layiqincə doğrultdular. Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.
Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın- Xankəndi yolunda keçirilən etiraz aksiyasında da böyük fədakarlıq göstərən gənclərimiz düşmənə göz dağı verdilər. Gənclərdən ibarət olan ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq”qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yoluda aksiyanı 138 gün davam etdirdilər. Gənclərin bu fədakarlıqlarını yüksək qiymətləndirən dövlət başçısı 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində müxbirin sualını cavablandırarkən deyib: “İlk növbədə o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.
Qeyd edək ki, ötən il noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycanın gənclər ordusu yənə öndə oldu. Tədbir çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar və panel müzakirələri təşkil olundu. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların COP29 zamanı düzgün yönləndirilməsində könüllülərin rolu danılmazdır. Əsasən gənclərdən ibarət könüllülər xarici qonaqları hava limanında qarşılamaq, nəqliyyat və şəhər gəzintilərini təşkil etmək, hotellərə rahat yerləşdirməklə yanaşı, COP29 məkanında Yaşıl və Mavi zonalarda ciddi əmək sərf etdilər. COP29 çərçivəsində 4500 könüllü gəncin fəaliyyəti ölkəmizə gələn konfrans iştirakçıları tərəfindən də müsbət qiymətləndirildi. Tədbir başa çatdıqdan sonra onların xüsusi mükafatlandırılması isə dövlət başçısının könüllülərin əməyini yüksək dəyərləndirilməsinin təzahürüdür.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan vermiş, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə yüksəltdiyi gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.
Bəli, bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, dövlətin daima diqqət və qayğısı ilə əhatə olunan gənclərin müstəqil Azərbaycanın inkişafında rolu böyükdür.
Nurəngiz Adilqızı.