Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib
Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib.
İclasın 2 Fevral - Gənclər Günü ərəfəsində keçirildiyini deyən komitənin sədri Şahin İsmayılov bu əlamətdar gün münasibətilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq Sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini vurğulayıb.
Komitə sədri Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın qəbul edildiyini, Gənclər Fondunun bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclər siyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığını deyib. Komitə sədri ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün yaxşı maddi-texniki bazanın mövcud olduğunu söyləyib. O, Azərbaycanda gənclər siyasətinin formalaşmasında Gənclər və İdman Nazirliyinin, Prezident Administrasiyasında müvafiq şöbənin, Milli Məclisdə aidiyyəti komitənin, 300-dən çox gənclər təşkilatlarının önəmli rolunu vurğulayıb.
Sonra iclasda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilovun Fondun 2024-cü il ərzində fəaliyyətinə dair təqdimatı dinlənilib. Diqqətə çatdırılıb ki, Gənclər Fondu ötən müddət ərzində gənclərin inkişafına xidmət edən və ictimai həyatda onların fəallığını artıran layihələrə dəstək göstərib, gənclərə öz təşəbbüsləri ilə çıxış etmək, fərdi layihələri həyata keçirmək imkanı yaradıb.
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşması, asudə vaxtının səmərəli təşkili, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, region gənclərinin ictimai fəallığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin vacibliyindən danışılıb, bu istiqamətdə lazımi addımların atıldığı bildirilib. Qeyd edilib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən daim dəstəklənir, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına, o cümlədən onların təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının qorunmasına xidmət edir. Yaradılan imkanlardan bəhrələnən gənclərimiz bu gün öz bilik və bacarıqlarını siyasi, sosial-ictimai, idman, mədəniyyət və digər sahələrdə fəal surətdə nümayiş etdirirlər.
Qədir Xəlilov öz çıxışında Azərbaycan Gənclər Fondunun beynəlxalq fəaliyyəti barədə də məlumat verib. O, Fondun müxtəlif layihələrin icrasında, konfranslarda, ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini, təcrübə və informasiya mübadiləsində fəal iştirakını qeyd edib.
Müzakirələr zamanı parlamentin çıxış edənlər təqdimatı müsbət dəyərləndiriblər, ötən il ərzində həyata keçirilən layihələr, əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər və cari ilin fəaliyyət istiqamətləri haqqında öz fikirlərini bölüşüblər. Çıxışlarda dövlət gənclər siyasətinin inkişaf etdirilməsi və müasir dünyanın çağırışlarına uyğunlaşdırılması ilə əlaqədar bəzi təkliflər səsləndirilib.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışlarda səslənən fikirlərə münasibət bildirib.